Digər xəbərlər

"Hüquq və insan haqları virtual kitabxanası"nın təqdimatı

Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə "Heydər Əliyev İli" çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunan "Hüquq və insan haqları virtual kitabxanası"nın ictimaiyyətə təqdimatı keçirilib.

Azərbaycan Prezident Administrasiyasının Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov açılış nitqində bildirib ki, Ümummilli Lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, hüquq sistemində də apardığı köklü islahatlar nəticəsində müasir Azərbaycanda bu sahənin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi v.i.e. Nuno Quieros "İnsan hüquqları - 2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri"nə nail olunmasının BMTİP-in əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, virtual kitabxananın da bu prosesə mühüm töhfə verəcəyinə əminliyini bildirib. 

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Heydər Əliyevin ölkəmizdə insan hüquqları istiqamətində atdığı vacib addımlar barədə ətraflı məlumat verərək bildirib ki, Ulu Öndərin 10 illik fəaliyyəti ərzində 1 Konstitusiya (48 maddəsi sırf insan hüquqlarına həsr edilib), 13 məcəllə, 425 qanun, beynəlxalq sənədlərə qoşulmaya dair 419 müvafiq akt, yüz mindən çox insana şamil edilən 32 əfv fərmanı və 7 amnistiya aktı qəbul edilmişdir: "Qeyd etməliyəm ki, insan hüquqlarına dair yerli müəlliflərin yazdığı kitablar, məqalələr, müxtəlif monoqrafiyalar və digər vəsaitlər birinci dəfədir ki, elektron qaydada toplanır. Platformadan istifadə ödənişsizdir və heç bir qeydiyyat tələb olunmur. Düşünürük ki, onlayn kitabxananın fəaliyyətindən hüquq tələbələri, tədqiqatçılarımız, alimlərimiz faydalana biləcəklər.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda yazıçı və şairlərin əsərlərində milli ruha, millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə önəm verilmiş, dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızla Azərbaycan arasında sıx əlaqələrin qurulması istiqamətində xeyli işlər görülmüşdür.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hüququn mənşəyini, inkişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyillərini öyrənən, eyni zamanda bütün hüquq elmləri üçün ümumi anlayışlar və kateqoriyalar təşkil edən fundamental hüquq bazasının yaradılmasını təqdirəlayiq hesab edərək bu ideyanı dəstəklədiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, virtual kitabxana Azərbaycanda hüquq elminin inkişaf etdirilməsi, ölkə əhalisinin hüquqi cəhətdən maarifləndirilməsi, onların yeni biliklər əldə etməsi, eyni zamanda hüquq ədəbiyyatının təbliği və bu sahədəki yeniliklərin təminat bazasının toplanması məqsədilə yaradılıb.

Təqdimatda Prezident Administrasiyası, Ombudsman Aparatı, digər dövlət qurumlarının və komitələrin nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin hüquq fakültələrinin dekan və kafedra müdirləri, həmçinin kitabxana direktorları, alimlər və media mənsubları iştirak ediblər.

Nurlan ABDALOV,

"Respublika".