Humanist dəyərlərə sadiqliyin ali ifadəsi
Siyasət

Humanist dəyərlərə sadiqliyin ali ifadəsi

1998-ci il yanvarın 22-də ulu öndər Heydər Əliyev Şərqdə ilk dəfə ölkəmizdə ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış etmişdir

Azərbaycana rəhbərliyinin bütün dövrlərində fəaliyyətini ümummilli mənafelər üzərində quran ulu öndər Heydər Əliyev respublikamıza  ikinci dəfə hakimiyyətə qayıdışı ilə milli ruhun yüksəlişinin, dövlətçilik ənənələrinin güclənməsinin, mənəvi dəyərlərin dirçəldilməsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının təməlini qoydu. Xalqın xilaskarı missiyasını üzərinə götürən Ümummilli Lider ilk gündən istər iqtisadi, istər siyasi cəhətdən çətin vəziyyətə düşmüş ölkəni mürəkkəb tarixi prosesdən  çıxarmaq, onu məhv olmaqdan xilas etmək üçün  bütün varlığı ilə çalışdı.

Qarşısında duran əsas vəzifələrdən biri ölkə daxilindəki gərginliyi aradan qaldırmaq idi. Bu, həm vətəndaşların təhlükəsizliyi, həm xarici investisiyaların ölkəyə gəlişinə şəraitin yaradılması, həm də dövlətin ümumi inkişafı baxımından son dərəcə zəruri idi. Daxili sabitliyi təmin etmək məqsədilə təxribatçı qüvvələrə qarşı sərt və sistemli mübarizə ortaya qoyan Heydər Əliyev hüquq-mühafizə orqanlarının peşəkar kadrlarla gücləndirilməsinə nail oldu. Güc orqanlarının və bilavasitə xalqın köməyilə təxribatçı qüvvələri neytrallaşdıran ulu öndər xalqla hakimiyyət arasındakı uçurumu da aradan qaldırdı, mövcud hakimiyyətə inam formalaşdı. Lakin irəlidə qət edilməli uzun yol var idi. Bu məqsədlə, bütün sahələrdə dərin islahatlara başlanıldı. Ədliyyə sistemində də fundamental islahatlar aparıldı, dövlətin qanunvericilik bazası formalaşdırıldı və qanunvericilikdən irəli gələn mühüm addımlar atıldı.

Heydər Əliyev ölkəmizin hüquq sisteminə dünya hüquq sisteminin tərkib hissəsi kimi baxır, Azərbaycanın hüquq sistemini dünyanın sivil, demokratik ölkələri səviyyəsinə yüksəltmək üçün əsaslı qanun və məcəllələrin təsdiqi həyata keçirilirdi. Ulu öndərin bu sahədə gördüyü ən böyük iş heç şübhəsiz yeni, milli Konstitusiyanın hazırlanması oldu. Belə ki, 1995-ci ilin noyabr ayında referendum yolu ilə qəbul edilən Konstitusiyada insan hüquq və azadlıqları incəliklərinə qədər öz əksini tapmışdır. 1995-ci ildə yeni Konstitusiyanın qəbulundan sonra ulu öndər Heydər Əliyevin zəngin təcrübəsi sayəsində hüquqi sahədə islahatları davam etdirildi, 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradıldı.

1993-cü ildə icrasına veto qoyulan ölüm cəzası isə 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə birdəfəlik ləğv edildi. Sovetlər dövründən qalan bu qanunun ümummilli lider Heydər Əliyev tərəfindən ləğv olunmasını xalq rəğbətlə qarşıladı. Bu addım dahi şəxsiyyətin insan faktoruna, insan həyatına böyük dəyər verdiyini, bu dəyəri müasir dövrün hüquqi islahatları ilə böyük bacarıqla uzlaşdırdığını göstərdi. Çünki müasir Azərbaycanın qurucusu olan ulu öndərin qarşısına qoyduğu əsas meyar sivil, demokratik cəmiyyət qurmaq idi. Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətlərinin qorunması, insan hüquqları ulu öndər üçün hər şeydən öndə gəlirdi. Böyük qətiyyət nümayiş etdirən ümummilli lider 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirdi. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə olaraq tarixə düşdü. Həmçinin yenicə müstəqilliyini bərpa edən respublikamıza beynəlxalq aləmin münasibətini də əhəmiyyətli dərəcədə dəyişdi. Dünya yeni müstəqil Azərbaycanın humanist dəyərlərə malik ölkə olduğuna bir daha şahid oldu. Ümummilli lider Heydər Əliyev məhz bu amili nəzərdə tutaraq demişdir: "Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir".

Ulu öndər Heydər Əliyev ölüm hökmünü ləğv etməklə ölkəmizin həm məhkəmə-hüquq sistemində zamanın tələbləri ilə ayaqlaşdığını, həm də humanizm və beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirdi. Ölüm hökmü cəzasının ləğv edilməsi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında qoyduğu əsas tələblərdən idi. Çünki ölkəmiz Avropa ölkələrinə, Avropa Şurasına inteqrasiya edirdisə bəzi tələbləri yerinə yetirməli idi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 nömrəli protokolunda ölüm hökmünün yolverilməzliyi məsələsi öz əksini tapmışdır. Ölüm hökmünün ləğvi, mütəmadi olaraq imzalanan əfv fərmanları, qəbul edilən amnistiya aktları Azərbaycanı insan hüquq və azadlıqlarının qorunması istiqamətində qətiyyətli qərarlar qəbul edən ölkə kimi tanıdıb.

Mehparə ƏLİYEVA,

"Respublika".