Digər xəbərlər

"Heydər Əliyev İli"çərçivəsində tədbirlər

YAP Veteranlar Şurası

"Heydər Əliyev İli" çərçivəsində fevralın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə YAP-ın Yasamal rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev "Heydər Əliyev İli" çərçivəsində ölkəmizdə silsilə tədbirlərin keçirildiyini deyib. O qeyd edib ki, Heydər Əliyev irsinin öyrənilməsi üçün partiyanın veteran üzvlərinin gənclərlə görüşü çox əhəmiyyətlidir.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitununun direktoru Misir Mərdanov ölkəmizin gələcək inkişafında gənclərin rolunu vurğulayıb. O qeyd edib ki, gənclər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidir. Çünki bu yolun alternativi yoxdur. M.Mərdanov bildirib ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərimizin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisinə həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan ulu öndərimizin şah əsəridir. Ş.Əsgərov hələ sovetlər hakimiyyəti dövründə Heydər Əliyev tərəfindən minlərlə gəncin keçmiş ittifaq respublikalarının ali məktəblərinə göndərilməsini, Naxçıvanski adına hərbi liseyin yaradılmasını, 1993-cü ildə respublikamızın məhv olmaq təhlükəsindən xilas edilməsini müasir tariximizin ən mühüm hadisələrindən biri kimi səciyyələndirib. 1990-cı illərin əvvəlində ölkədə mürəkkəb proseslərin baş verdiyini deyən Ş.Əsgərov bildirib ki, respublikamızda hökm sürən qeyri-sabitlik, tənəzzül ziyalıları ciddi narahat edirdi. Hər kəs bilirdi ki, Azərbaycanı Heydər Əliyev kimi böyük dövlət xadimi xilas edə bilər. Belə bir şəraitdə "91-lər" kimi tanınan bir qrup ziyalı olaraq vəziyyətlə əlaqədar Heydər Əliyevə müraciət etdik. Heydər Əliyev bu müraciətə bir neçə gün sonra cavab verdi. Həmin cavab məktubu Azərbaycanın gələcəyinə baxış idi. Heydər Əliyevin həm də mənəviyyat adamı olduğunu deyən Ş.Əsgərov Ulu Öndərimizin müdrik kəlamlarından nümunələr də söyləyib.

Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.

 

İsmayıllı

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

2023-cü il fevralın 24-də YAP İsmayıllı rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Xaqani KOSAYEV,

“Respublika”.