Hər daşı bir tarix, salnamə, təbii muzey
Region

Hər daşı bir tarix, salnamə, təbii muzey

Siyasətdə söz ilə əməlin üst-üstə düşməsi, verilən vədlərin yerinə yetirilməsi böyük və nadir davranış, yüksək mənəviyyat, xarakter bütövlüyü hesab olunur. Bunu təkcə Azərbaycan xalqı demir, ölkəmizi tanıyan, onunla işbirliyi quran, mədəni əlaqələri olan, Cənubi Qafqazın ən inkişaf edən respublikasına səfər edən, müsafir olan əcnəbilər də söyləyirlər. Son 20 ildə böyük və fədakar zəhmət, istedad, qabiliyyət, siyasi məharət, sərkərdə hünəri ilə qurulan, bütövləşən Azərbaycanın yeni tarixini yaradan Liderimiz İlham Əliyevin həyatdakı və siyasətdəki xarakterinin ən parlaq cizgiləri belədir. Xüsusilə Azərbaycanın üzləşdiyi ən ağrılı və düyünə salınmış Qarabağ problemini həll etmək, dünyada ikili standartların hökm sürdüyü bir bölgədə itirilən əraziləri, oğurlanan həqiqəti geri qaytarmaq, doğma xalqının ləyaqət və şərəfini bərpa etmək missiyasını yerinə yetirdi.

Heç uzağa getməyək, 5-6 il bundan əvvəl ATƏT-in keçmiş Minsk qrupunun üzvləri demək olar ki, Bakı və İrəvanı su yolu edərək faktiki işğalçının hərbi təcavüzünü qanuniləşdirmək istəyirdilər. Hətta şərt irəli sürürdülər ki, Qarabağ işğal altındadır və bütün məsələləri məhz bu çərçivədə həll etmək lazımdır. Bütün bu ermənipərəst mövqeyə Prezident İlham Əliyev səbir və təmkin nümayiş etdirirdi. Bu heç də səbəbsiz deyildi, çünki əlinin altında özünün müəllifi olduğu ali strategiya var idi. Sadəcə zaman və vaxt yetişməli idi, Ermənistana dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, işğalçılıq siyasəti davam edir, düşmən ölkənin rəsmi dairələri Azərbaycana qarşı sərsəm bəyanatlar səsləndirir, əsassız iddialar irəli sürür, yeni ərazilər, yeni müharibə xəyalı ilə havadarlarına arxalanırdılar. Beynəlxalq təşkilatlar, xüsusilə Qərb bütün bunlara açıq-aşkar göz yumurdu.

İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan ordusunun bölmələri işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı, haylar 30 ildən çox zəbt etdikləri torpaqlardan qovuldular. Döyüş meydanında 11 mindən çox əsgər və zabiti fərariyə çevrildi, ermənipərəst dövlətlərin köməyinə baxmayaraq məğlub oldular, kapitulyasiya aktına qol çəkdilər. Böyük qələbədən üç il sonra sentyabrın 19-da səhər tezdən Azərbaycan ordusunun bölmələri Xankəndi və ətraf ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən Ermənistan silahlı qüvvələrini tərk-silah etmək, onların cəmləşdikləri əraziləri sərrast atışla məhv etmək, terror yuvalarını dağıtmaq üçün lokal antiterror tədbirlərinə başladılar. Elə ilk saatlarda Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edildi. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni mülki əhali və infrastruktur hədəfə çevrilmədi. Ermənistan silahlı qüvvələrinin Qarabağdakı mövqelərinə, onların uzunmüddətli atəş nöqtələrinə, eləcə də döyüş və hərbi obyektlərə zərbələr endirildi. Çox böyük peşəkarlıqla başlayan antiterror tədbirlərindən 23 saat keçməmiş xunta rejimi, Ermənistan ordusunun tör-töküntüləri ağ bayraq qaldırdılar, Azərbaycanın şərtlərini qəbul etdiklərini bildirdilər.

Noyabrın 8-də Xankəndidə keçirilən möhtəşəm hərbi parad qələbələrimizin zirvəsinə çevrildi. Hərbi paradı qəbul edən Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin çıxışı Qarabağla bağlı hayların bütün xəyallarının, illüziyalarının və fərziyyələrinin üstündən qalın bir xətt çəkdi. Dövlətimizin başçısı bildirdi ki, iyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın. Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm.

Qeyd edək ki, Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusunun bölmələri sıx meşələri, qayalıqları, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin yerləşdiyi sıldırım qayalıqlara dırmaşaraq yüngül silah-sursat ilə düşmənin gözləmədiyi istiqamətdən Şuşaya daxil olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusunun xüsusi təyinatlıları erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

Üç ildir ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Üç il bundan əvvəl xalqımızın qürurunu, şərəfini bərpa edən, uzun illər işğal altında qalan torpaqlarımızı qəsbkarlardan azad edən, düşməni döyüş meydanında diz çökdürən, şəhidlərimizin qisasını alan, yurd yerlərimizə üçrəngli bayrağımızı sancan şanlı ordumuzun, müzəffər Ali Baş Komandan İlham Əliyevin fədakarlığı sayəsində tarixi qələbəmizin sevincini yaşayırıq, Şuşa şəhəri dünyanın gözü qarşısında öz əzəli görkəminə qaytarılır və eyni zamanda XXI əsrin modern şəhərinə çevrilir. Burada insan əlləri və ana təbiətin yaratdıqları gözəlliklər bir-birinə qovuşur. Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi bu diyarın nadir sərvəti hesab olunur. Kirs, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri, Zarıslı və Xəlifəli çayları boyu uzanıb gedən, dağların ətəklərinə qədər geniş bir sahəni əhatə edən meşələr, əsrarəngiz təbiət bu yerlərin əvəzsiz sərvəti kimi göz oxşayır. Sanki təbiətdə doğmaları üçün darıxır, dağları, Cıdır düzünü duman bürüyür, heç beş dəqiqə keçməmiş hava ayazıyır, göydən yerə şəfəq yağır. İndi qədim Şuşa öz əzəli sakinlərini qəbul etməyə hazırlaşır, qala şəhərdə bərpa və quruculuq işləri sürətlə aparılır. Bu ilin sonunda Şuşada yaşayış kompleksinin başa çatdırılması nəzərdə tutulur. 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Gələn ilin birinci rübündə isə köç başlayacaq.

2021-ci ilin mayında Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Ötən müddət ərzində dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi fəaliyyətə başlayıb. Ötən il yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu müddət ərzində Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə evsahibliyi edib.

Son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olub, açılışlarda iştirak ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərinə Heydər Əliyev Fondu da öz sanballı töhfəsini verir. Qədim Qarabağ torpağında Fond tərəfindən dini, tarixi-mədəni abidələrin, məscidlərin bərpası üzrə layihələrin icrasına başlanılıb və bir çoxu istifadəyə verilib. Heydər Əliyev Fondunun Qarabağdakı layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidən qurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir. Tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də "Yasəmən" otelidir. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb. Fond tərəfindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. "Yasəmən" otelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Dövlət başçısı və birinci xanım otelin həyətində yasəmən ağacı əkiblər.

Qeyd edək ki, Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə "Qarabağ", "Xarıbülbül" otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq "Yasəmən" oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik verir. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürən, həmişə hadisələrin mərkəzində, insanların arasında xeyirxahlıq və mərhəmət ünvanına çevrilən Heydər Əliyev Fondunun fəaliyyəti demək olar ki, həyatın bütün sahələrini əhatə edir. Fondun prezidenti, həyatın mənasını Vətənə, xalqa və insanlara xidmətdə görən Mehriban xanım Əliyevanın təşəbbüsü, dəstəyi ilə icra edilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Düşmən tərəfindən xarabalığa çevrilmiş yurd yerlərində çox nəhəng infrastruktur layihələr icra edilməyə başlanıb. Hökumət qurumları ilə yanaşı, Heydər Əliyev Fondunun dəstəyi əsasında Qarabağ və Şərqi Zəngəzurda vəhşi düşmən tərəfindən qəddarlıqla dağıdılan və yer üzündən silinən tarixi, dini abidələrin bərpası və yenidən qurulması layihələri icra edilir. Azərbaycan musiqisinin, adət-ənənəsinin, tariximizin, mədəniyyətimizin paytaxtı, əsrarəngiz, füsunkar gözəlliyi ilə hər kəsi heyran edən, hər daşı özü boyda bir tarix, salnamə və təbii muzey olan Şuşanın tarixi məkanları və abidələri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilir, Şuşada mədəni-kütləvi tədbirlər keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə məşhur Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı, Vaqif poeziya günləri, VIII muğam müsabiqəsinin final yarışması və digər beynəlxalq tədbirlər düşmənin Şuşaya vurduğu yaralara bir məlhəm olur, Şuşanın tarixi ruhunu özünə qaytarır.

Salman ALIOĞLU,

"Respublika".