Ermənistan kənar güclərin təsiri altındadır
Siyasət

Ermənistan kənar güclərin təsiri altındadır

Türkiyə

1991-ci ildə Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Lakin 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi iki ölkə arasındakı münasibətləri pozub. Türkiyə iki ölkə arasında yeganə olan "Alican" Sərhəd Qapısını birtərəfli qaydada bağlayıb. 2000-ci ilin sonunda Ankara ilə İrəvan arasında normallaşma cəhdləri uğursuz olub.

2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Və beləliklə, İrəvanla Bakı və Ankara arasında münasibətlərin normallaşmasına mane olan əsas problem aradan qaldırılıb və konstruktiv mərhələnin əsası qoyulub.

''Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Bakı ilə İrəvan arasındakı əlaqələrin inkişafını əsas götürür. Hətta R.T.Ərdoğan Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumunda çıxışı zamanı bunu bir daha xatırladıb. Rəcəb Tayyib Ərdoğanın dediklərindən belə qənaətə gəlmək olar ki, Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi ərazi iddiaları, həmçinin hərbi-siyasi təxribatlar Türkiyə ilə münasibətlərin normallaşmasına əngəl yaradır. İrəvan bilməlidir ki, Bakı ilə sülh sazişi imzalanmadan Ankara ilə münasibətlər normallaşmayacaq. Normallaşma isə İrəvanın Cənubi Qafqazdakı mövcudluğuna, regional təhlükəsizliyinə töhfə verəcək''. Bu fikri mövzu ilə bağlı açıqlamasında siyasi ekspert Bilgehan Öztürk vurğulayıb. O deyib: "Forumun açılış mərasimində Türkiyənin xarici işlər naziri Hakan Fidan da Cənubi Qafqazdakı vəziyyət barədə danışıb. Bildirib ki, bu gün əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır. H.Fidanın bu açıqlaması, habelə rusiyalı həmkarı Sergey Lavrov, ermənistanlı həmkarı Ararat Mirzoyanla Cənubi Qafqazı müzakirə etməsi bir daha onu deməyə əsas verir ki, Ankara regionda baş verən hadisələrin iştirakçısı olmaqla yanaşı, həm də Cənubi Qafqazdakı sülh və sabitlikdə maraqlıdır.

Diqqətçəkən məqamlardan biri də Ermənistan parlamentinin vitse-spikeri Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanın forum çərçivəsində verdiyi müsahibə olub. O deyib ki, Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırmağa tam hazırdır və Ermənistan Türkiyə ilə sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmaqda maraqlıdır. Hətta bu barədə qərarın artıq qəbul olunduğunu da dilə gətirib. İrəvanın Ankara ilə əlaqələri normallaşdırmağa tam hazır olduğunu deyib. Düzdür, Türkiyə də bu prosesdə maraqlıdır. Amma dediyim kimi, nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanın maraqlarını görməzdən gəldikcə Türkiyə ilə münasibətləri tam normallaşdıra bilməyəcək. Bu mənada, R.Rubinyanın "münasibətlərin normallaşması üçün hansısa əngəl yoxdur" fikirləri qeyri-dəqiqdir. Çünki əsas əngəl məhz Ermənistanın Azərbaycana qarşı davam edən destruktiv mövqeyidir''.

Siyasi ekspert deyib ki, Ermənistan dəfələrlə buna oxşar açıqlamalar verib. Lakin İrəvan sözdə dediklərini əməldə təsdiqləyə bilmir. Digər bir tərəfdən, xüsusi nümayəndənin Ermənistanın siyasi iradəyə sahib olması barədə dedikləri sadəcə iddiadır. Çünki Ermənistan faktiki olaraq kənar güclərin təsiri altındadır. Əgər belə olmasaydı, İrəvan çoxdan Bakı ilə sülh sazişi imzalayar, Rusiya ilə Qərb arasında oyuncağa çevrilməzdi. İndi Ermənistan səslənən bəyanatlardan, görüşlərdə deyilənlərdən dərs çıxarmalıdır. Əks halda, heç bir normallaşmadan söhbət gedə bilməz.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.