Həlledici qələbə, mühüm mərhələ
Digər xəbərlər

Həlledici qələbə, mühüm mərhələ

Otuz beş il bundan əvvəl Azərbaycanın füsunkar və dilbər guşəsi olan Qarabağda milli müstəvidə münaqişə yaradan, iki xalqın arasına düşmənçilik toxumu səpən, sonradan bu mübahisəni qanlı müharibəyə çevirən daşnak ermənilər, separatçılar, onların Ermənistandakı və Avropadakı havadarları, erməni lobbisi və diasporu, ermənipərəst qüvvələrin əli ilə Azərbaycana qarşı işğal və hərbi təcavüz törədildi. Bütün diplomatik səylərə və danışıqlara baxmayaraq, işğalı dondurmağa çalışanların, torpaqlarımızda saxta, qurama "dövlət" quranların kələf kimi dolaşdırdıqları, düyünə saldıqları çoxillik problem, öyündükləri erməni mifi İkinci Qarabağ müharibəsində qəhrəman silahlı qüvvələrimiz tərəfindən döyüş meydanında darmadağın edildi. İşğalı və hərbi təcavüzü törədən Ermənistanın hərbi arsenalı məhv edildi, "qəhrəmanlar" diz çökdürüldü, rəsmi İrəvan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Nəhayət qaranlıq və üzücü tunelin sonunda işıq göründü, itirilmiş ümidlər yenidən baş qaldırdı, nakam talelərin qisası alındı.

Tarixin və zamanın gərdişini dəyişən, müharibənin ən şiddətli dövründə "Şuşasız bizim işimiz yarımçıq olar" deyən Qalib Ali Baş Komandan İlham Əliyev qəhrəman oğullarımız tərəfindən erməni işğalından azad edilən Şuşada Zəfər paradını qəbul etdi. Xalqımız uzun illərdən sonra şərəfli və qürurlu günlər yaşadı, başını dik tutdu, çöhrələrə təbəssüm və sevinc qayıtdı, şəhid ailələrinin yanğısına su səpildi, torpaqlarımızda addım səslərimiz eşidildi. Məlum üçtərəfli Bəyanatın müddəalarına görə Rusiya sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağa yerləşdirildi və Xankəndi, Ağdərə, Əsgəran, Xocavəndin bir hissəsi onların nəzarətinə verildi. Həmin dövrdə rəsmi Bakı düşmən ölkəyə sülh əlini uzatdı, sərhədlərin müəyyən edilməsi üçün danışıqlara başlandı. Lakin Ermənistan hakimiyyəti "ağa"larının diqtəsi ilə onlara uzadılan barış əlini geri itələdi, manipulyasiya ilə məşğul oldu, dezinformasiyaların yayılmasına rəvac verdilər. Son üç il ərzində müxtəlif yollarla Xankəndiyə və ətraf ərazilərə silah-sursat daşıdılar, təxribatlar törətdilər, ordumuzun bölmələrinin təminat yollarını minaladılar, mülki şəxslər və polis işçilərimiz həmin gizli düşmənin qurbanı oldular. Separatçılar və onların havadarları reinteqrasiyaya, birgəyaşayışa, münasibətlərin qurulmasına, əməkdaşlığa dirsək göstərdilər, kimlərinsə onları müdafiə edəcəyinə bel bağladılar.

Nəhayət sentyabrın 19-da silahlı qüvvələrimizin bölmələri qasırğa effektli lokal antiterror tədbirləri keçirdi. Azərbaycan hərbçiləri antiterror tədbirləri zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çalışdılar. Mülki obyektlərə heç bir zərbə endirilmədi. Erməni əhali üçün ciddi təhlükə yaranmadı. Antitteror tədbirləri bir gündən az davam etdi və ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri, dişinə qədər silahlanmış erməni hərbi birləşmələri və separatçılar qəhrəman oğullarımızın qarşısında tab gətirə bilmədilər. Ağ bayraq qaldıraraq təslim oldular. Qeyd edək ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur. Əksinə, rəsmi Bakı onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün, şərait yaratmaq üçün yardım etməyə hazır olduğunu bəyan etdi. Sentyabrın 21-də Yevlaxda baş tutan görüşdə Xankəndidən olan erməni nümayəndələri yardım istədiklərini dilə gətirdilər. Heç iki gün keçməmiş həmin humanitar yardımlar Xankəndiyə çatdırıldı və bu, davam edir. Rəsmi Bakı erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir, çünki Azərbaycan Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır.

Prezidentimiz İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı reinteqrasiya məsələlərinə toxunaraq bildirib ki, bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq. Əsas odur ki, sənin gündəliyin olsun. Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var, onlara çatmamışıq, amma onlara da çatacağıq. Bəli, dövlətimizin başçısının dediyi həmin hədəflərə də artıq nail olundu. Azərbaycan öz erməni vətəndaşlarının hər hansı təhlükə ilə üzləşməməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Xankəndi ətrafında baş vermiş partlayışın alovlarının qarşısını azərbaycanlı yanğınsöndürənlər aldılar. Son bir neçə gün ərzində Xankəndiyə davamlı olaraq humanitar yüklər çatdırılır, xəstələrə, qocalara, uşaqlara tibbi xidmət göstərilir. Ermənistanın dezinformasiya təbliğatına qarşı kəskin etirazını bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Ermənistanın işğalına və təcavüzünə qarşı apardığımız müharibə hər zaman ədalətli olub. Azərbaycanın antiterror tədbirləri beynəlxalq hüququn bütün norma və prinsiplərinə açıq şəkildə zidd olaraq Azərbaycanda yerləşdirilmiş qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhlükəni aradan qaldırıb. İndi Azərbaycanla ərazi bütövlüyünə və suverenliyə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı.

Hərbi cinayət və cinayətkar heç zaman cəzasız qalmır. Ermənistan vətəndaşı, rusiyalı oliqarx kimi tanınan, iki ilə yaxın Xankəndidən xalqımıza və dövlətimizə qarşı qarayaxma kampaniyası aparan, revanşist qüvvələrin başında dayanan Ruben Vardanyanın aqibəti başqa separatçılar üçün də qaçılmaz olacaq. Laçın sərhəd-keçid məntəqəsindən Ermənistan ərazisinə keçmək istəyən Vardanyan Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qolları qandallanaraq Bakıya gətirildi. Əməliyyat-istintaq tədbirləri həyata keçirilir və separatçıların "pul kisəsi", şovinist və talançı Vardanyan məhkəmənin hökmü ilə 4 ay həbsə məhkum edilib. Bundan başqa, sentyabrın 28-də özünü buraxmış separatçı rejimin bir vaxtlar təsir dairəsində olan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş "Karabakh Telecom" mobil operatorunun fəaliyyəti dayandırılıb. Bununla bağlı yayılan məlumatda qeyd olunur ki, bundan sonrakı zənglər yalnız Azərbaycanın telekommunikasiya operatorları vasitəsilə həyata keçiriləcək. Daha bir misal, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur. Sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə göndərilib. Qısa zaman kəsiyində Azərbaycanın erməni vətəndaşlarına qayğısı tükənmir. Nə qədər kor olmalısan ki, bu humanitar aksiyaları görməzdən gələsən.

Salman ALIOĞLU,

"Respublika".