Hayların “miatsum
Digər xəbərlər

Hayların “miatsum" isterikası

Tarixçi Lev Nikolayeviç Qumilyovun dediyi kimi, etnik tarix nə məlumatların sonsuz yığımı, nə də sadəcə keçmişin lətifələridir. Tarix səbəb-nəticə əlaqələrinin mürəkkəb zənciridir. Amma ermənilər tarix boyu yalan uydurmağı və utanmadan, çəkinmədən onu bütün dünyaya yaymağı çox yaxşı bacarıblar.

Yalanları ayaq tutub yeridikcə isə həyasızlıqları da artıb. Uzun illər özlərinin heç zaman olmayan saxta qədim dövlətçilik ənənələri və "böyük Ermənistan" xülyalarını real tarix kimi bəşəriyyətin zehninə sırıyıblar. Hayların istər "böyük Ermənistan", istər "Cənubi Qafqazda erməni avtoxtonluğu", yaxud "böyük erməni mədəniyyəti", istərsə də "sivilizasiyanın ilk erməni ocağı" haqqında mifləri, "erməni genosidi" kimi yalanları isə doğrudan da böyük istedad tələb edir. Çünki bütün tarixçilər bu iddiaları birmənalı şəkildə rədd edir. F.Brokqauz və İ.Efron "Ensiklopedik lüğət"də yazırdılar ki, Ermənistan bütövlükdə demək olar ki, heç vaxt bir dövlət kimi öz hökmdarı tərəfindən idarə olunmayıb. Ermənistanın qədim tarixi demək olar ki, naməlumdur. Ölkənin ümumdünya daşqınından irəli gələn və Musa rəvayəti ilə bağlı şimal hissəsinin qədim "Ararat" adına heç bir mixi yazıda rast gəlmək mümkün deyil. Qədim farslar bu ölkəni "Armina" adlandırırdılar. Bugünkü ermənilər tərəfindən işlənmiş tarix isə qədim erməni abidələrinə əsaslanmır. Bu tarix "İncil"dən götürülən hekayələrlə bağlıdır, bu isə onun daha sonrakı xristian dövrü mənşəyinə dəlalət edir. İlkin erməni sülaləsi tarixi şəxsiyyətlərdən yox, uydurulmuş nağıl qəhrəmanlarından götürülüb. Onlarla belə nümunə çəkmək olar. Amma çox uzaq tarixə getmədən də görə bilərik ki, ermənilər öz dövlətlərinin tarixindən yaza bilmirlər. Ona görə ki, dövlətin tarixindən yazarkən mütləq şəkildə gərək onun sərhədlərini göstərəsən. Ermənilər bunu edə bilmirlər. Çünki hara qələm tuşlayırlarsa, o yerlərin əzəli sahibləri həqiqəti sübutla qarşılarına qoyur. Elə bu səbəbdən də onlar tarix boyu erməni dövlətinin deyil, daha çox, məhz erməni xalqının tarixi barədə mifik dastanlar uydurub yaymaqla məşğul olublar.

Məlumdur ki, ermənilər Qarabağa 1828-ci ildən sonra, Türkmənçay sülh müqaviləsinin şərtlərinə uyğun olaraq köçürülüblər. Ona görə də Qarabağ ərazisində 1828-ci ildən əvvələ aid heç bir erməni izi olmayıb. Bu saxta dövlət Rusiya imperiyası dağılandan sonra 1918-ci ildə yaradılıb, paytaxt elan etmək üçün şəhər tapılmayanda isə əzəli Azərbaycan şəhəri olan İrəvan onlara hədiyyə edilib. Erməni mənbələrinə nəzər saldıqda, onlar guya 1960-cı illərdə Azərbaycan SSR tərəfindən sosial-iqtisadi diskriminasiyaya məruz qaldıqları üçün Ermənistana birləşmək arzularının olduğunu etiraf edirlər. Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu, kökündən yanlış bir yanaşmadır. Çünki Azərbaycan həmin dövrdə Moskvaya tabe müttəfiq respublika idi və onun tabeçiliyində olan muxtar vilayəti diskriminasiyaya məruz qoyması mümkün deyildi. Digər tərəfdən isə həmin dövrdə birləşmək xülyasına qapılan ermənilərin qarşısını Heydər Əliyevin Azərbaycan SSR DTK-nın rəhbəri olması dayandırdı. Elə 1988-ci ildə onların baş qaldırmasının səbəbi 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılması oldu. Bundan istifadə edən ermənilər "miatsum" fikrini ortaya atdılar.

Ermənilərin milli ideya hesab etdikləri "Miatsum" "böyük Ermənistan" planlarının tərkib hissəsi idi. Amma haylar "miatsum"la heç nə qazanmadılar. Əksinə, maddi, mənəvi, demoqrafik, sosial-iqtisadi, siyasi, geosiyasi, hərbi baxımdan çox şey itirdilər. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan, işğalçılıq niyyətindən əl çəkməyən bədxah qonşumuz uzun illər ərzində cəbhə xəttində vəziyyəti süni yolla gərginləşdirməyə, təxribatlar törətməyə çalışırdı. Lakin İrəvan rəhbərliyinin "dondurulmuş münaqişə" planı sonadək baş tutmadı. Ermənilərin işğal dövründə yaratdıqları mifologiya 44 günlük müharibə nəticəsində darmadağın edildi. Bu prosesdə Azərbaycan öz torpaqlarını geri qaytarmaqla yanaşı, ermənilərin "miatsum" xülyasını da iflasa uğratdı.

Bununla belə, müharibədən 3 il keçməsinə baxmayaraq, görürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdə və separatçılığa dəstəklə bağlı absurd bəyanatlar verməkdə davam edir. Erməni tərəfi blokada və humanitar vəziyyətlə bağlı əsassız fikirlər səsləndirir. Amma fakt odur ki, Laçında Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin qurulması prosesdə dinamikanı tamam dəyişib. Ermənilərə yardım yox, Laçın yolu lazımdır. Çünki bu yol onlar üçün "miatsum" yolu idi. Amma görünür, bu dəfə onların qapıldığı xülyalar tamamilə iflasa uğrayıb. Çünki Beynəlxalq Ədalət Məhkəməsi Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının "qanunsuz" olmasına dair Ermənistanın vəsatətini rədd edib. Bir sözlə, erməni təbliğatına baxmayaraq, Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olunur. İstər Ermənistan, istərsə də Fransa başda olmaqla digər havadarların bu istiqamətdəki pozucu səyləri də nəticəsiz qalmağa məhkumdur.

Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçında Qarabağ ermənilərinə müraciətini xatırlamaq yerinə düşər: "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə".

Jalə QASIMZADƏ,

"Respublika".