Avropa xəbər agentlikləri müharibə dövründə dezinformasiya problemini müzakirə ediblər
Digər xəbərlər

Avropa xəbər agentlikləri müharibə dövründə dezinformasiya problemini müzakirə ediblər

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində FENA agentliyinin təşkilatçılığı ilə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) yaz konfransı keçirilib.

"Müharibə dövründə fakt və fiksiya" mövzusuna həsr edilən tədbirdə Böyük Britaniyanın Press Association, Fransanın France Press, Türkiyənin Anadolu, İspaniyanın EFE, Almaniyanın Dpa, Avstriyanın APA Albaniyanın ATA - ümumilikdə 28 agentliyin rəhbərləri və nümayəndələri iştirak ediblər. Konfransda 2008-ci ildən təşkilatın üzvü olan AZƏRTAC da təmsil olunub.

Dpa agentliyinin rəhbəri və EANA-nın prezidenti Klemens Piq qeyd edib ki, feyk xəbərlər və dezinformasiyalar münaqişələr dövründə dəfələrlə artaraq tərəflər arasında vəziyyəti daha da gərginləşdirir, həqiqəti gizlədilməyə, diqqəti hadisələrin məğzindən yayındırmağa xidmət edir. Onun sözlərinə görə, xəbər agentlikləri belə məsələlərdə ehtiyatlı olmalı, təsdiqlənməmiş məlumatları yayan şəbəkə elementinə çevrilməməlidir.

FENA agentliyinin baş direktoru Elmir Huremoviç bildirib ki, müharibə dövründə reallığı əks etdirən informasiyanın dünyaya çatdırılması çox önəmlidir, çünki bundan ilk növbədə mülki insanların həyatı asılıdır. O, müharibələrin və koronavirus pandemiyasının yaratdığı informasiya böhranının həllində obyektiv xəbərçiliyin böyük rol oynadığını vurğulayıb.

Mediada həqiqət, xəbər agentliklərinin dezinformasiya ilə mübarizəsinin biznes modeli, agentliklərin gələcəkdə rolu və yeri, informasiya müharibəsi kimi mövzularda panel müzakirələri keçirilib. Müzakirələrdə Böyük Britaniyanın PA Media Group-un prezidenti Klayv Marşal, Almaniyanın APA agentliyinin rəhbəri Piter Kropş, Fransanın France Press agentliyinin prezidenti Fabris Fris, Polşanın PAP agentliyinin baş direktoru Voytek Surmaç və digərləri fikirlərini bölüşüblər.

Faktların yoxlanılmasına agentliklər getdikcə daha çox resurs ayırır. Artmaqda olan informasiya həcmini nəzərə alaraq feyk xəbərlərin qarşısının alınması, ilkin mənbələrin və yalan məlumat yayan sosial şəbəkə profillərinin müəyyən edilməsi üçün agentliklər yeni proqram təminatlarından istifadə etməyə üstünlük verirlər. "Athens Technology Center" texnologiyalar mərkəzi konfransda süni intellekt və öyrənən maşın texnologiyalarına əsaslanan Newsasset PLUS proqram təminatını təqdim edib. Bu proqram sayəsində xəbər redaktorları rəqəmsal kontenti yoxlaya, xüsusi alətlər vasitəsilə araşdırma apara bilərlər. Eyni zamanda, sistem istənilən xəbərin yayılma arealını müəyyən edərək onun effektivliyini dəyərləndirməyə imkan verir. Proqram təminatı, həmçinin xəbərlərin operativ emalı, müxtəlif adresatlara eyni vaxtda çatdırılması üçün də geniş istifadə olunur.

Konfrans iştirakçıları Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan dezinformasiya və feyk xəbər nümunələrini təhlil ediblər. Qeyd olunub ki, bir çox feyk məlumatları tez bir zamanda müəyyən etmək mümkün olduğu halda, bəzilərini aşkara çıxarmaq üçün daha çox zaman tələb olunur. Buna görə də agentliklər müharibə zonasından gələn xəbərlərə daha diqqətlə yanaşmalıdır.

AZƏRTAC