Yalan ayaq tutar, yeriməz
Digər xəbərlər

Yalan ayaq tutar, yeriməz

Azərbaycan hər zaman Qarabağda yaşayan erməni əsilli vətəndaşlara humanist yanaşma göstərib. Ancaq separatçılar öz xislətlərinə uyğun olaraq sülh üçün atılan addımları müsbət qiymətləndirməyiblər. Ermənilər Laçın yolundan mina və hərbi texnikanın Azərbaycan ərazisinə keçirilməsinə cəhd göstəriblər. Bu kimi qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsinin vacibliyi ortaya qoyulub.

Ermənistan beynəlxalq səviyyədə manipulyasiya və provokasiya səylərini davam etdirməklə regionda gərginliyi süni şəkildə artırır. Lakin Azərbaycan diplomatiyası böhtanlara əsassız iddialara qarşı qətiyyətlə mübarizə aparır. Bu gün hər iki yoldan istifadə edilir.

Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərlə dialoq üçün xüsusi nümayəndə təyin edib və onları Bakıya dəvət edib. Lakin ermənilər dialoqdan imtina ediblər. Beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün BMT Təhlükəsizlik Şurasına qədər əl atıblar. Avqustun 16-da Nyu-Yorkda Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış "humanitar böhran"ın müzakirəsinə dair təcili iclas keçirilib. Bununla belə, rəsmi İrəvan iclasdan əliboş qayıdıb. Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyevin faktlarla əsaslandırılmış çıxışından sonra separatçıların yalanları üzə çıxıb: "Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır".

Ermənistanın informasiya müharibəsində növbəti məğlubiyyəti isə Meksikada olub. Xarici işlər nazirinin müavininin qərəzli açıqlamalarına cavab olaraq, ölkənin ən çox oxunan "El Universal" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu "Yalan ayaq tutar, yeriməz: Ermənistanın səmimi olmağının vaxtı çatıb" adlı geniş məqalə dərc olunub. Burada separatçıların ölkəmizə qarşı təcavüzkar mövqeyi 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək 10 mindən çox hərbçisini qanunsuz olaraq Azərbaycan ərazisində saxlamağa və separatçı rejimi maliyyələşdirməyə davam etməsi, eləcə də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına mane olması qeyd edilib. Həmçinin Laçın yolu və "humanitar böhran"la bağlı erməni yalanlarına diqqət çəkilib. "Humanitar fəlakət" yaşayan ermənilərin Bakının Ağdam-Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul etməmələri "aclıq" oyunu ilə provakasiya yaratmaq məqsədlərini üzə çıxarıb.  

Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid yaratmaqla, yerli etnik erməni sakinlərinin reinteqrasiyasına mane olur. Bu kimi fəaliyyətlər həm də humanitar təşkilatların ərazidə fəaliyyətinə əngəl törədir və bütün bunlar hayların humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdinin sübutudur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".