Hayastanı uçuruma aparan yol
Siyasət

Hayastanı uçuruma aparan yol

Türkiyə

Aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan arasında ortaq konfrans müəyyən suallar doğurur. Bəzi məlumatlara görə, hələlik rəsmən gündəmə gətirilməsə də, konfransda Ermənistana təhlükəsizlik təminatı verməsini ifadə edən paktın imzalanacağı iddia olunur. Belə olduğu təqdirdə ABŞ və Aİ-dən təhlükəsizlik təminatı almış Ermənistan daha da cəsarətlənə və sülh prosesindən tamamilə imtina edə bilər. Yəni belə bir "təhlükəsizlik çətiri"nin yaradılması rəsmi İrəvanı Azərbaycana qarşı yeni hərbi təxribatlara həvəsləndirmək anlamına gəlir. Bu isə o deməkdir ki, Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini iddia edən ABŞ və Avropa İttifaqı, əslində, Ermənistanı yeni müharibəyə təşviq edir və hərbi revanşa hazırlayır.

"ABŞ və Avropa İttifaqı öz geopolitik maraqları naminə Cənubi Qafqazı yenidən hərbi fəlakətlərə sürükləməyə çalışır. Qərb Ermənistan üzərindən Cənubi Qafqazda Rusiyaya qarşı daha bir qarşıdurma məkanı açmağa cəhd göstərir. Əgər bu, baş tutarsa, Ermənistanın Cənubi Qafqazda Rusiyaya qarşı ikinci Ukraynaya çevrilməsi ehtimalı artacaq". Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. O qeyd edib ki, Ermənistan şayiə yayaraq, "Azərbaycan bizə hücum edəcək" yalanını dünyaya bəyan edir: "Əslində, aprelin 5-də keçiriləcək görüşdə də əsas məqsəd bu yalanlara, Ermənistanın müharibə hazırlığına bir növ qanuni don geyindirməkdir. Həmin gün imzalanacaq strateji müttəfiqlik haqqında pakt Ermənistanın tamamilə Qərbin müdafiəsi, daha dəqiq desək, təsiri dairəsinə keçməsini nəzərdə tutur".

Y.Karauzun sözlərinə görə, əslində bu, yüzillik Ermənistan-Rusiya əlaqələrinə son qoyacaq: "Təbii ki, bu addıma Rusiyanın və bölgənin digər ölkələrinin bir cavabı olacaqdır. Amma buradakı əsas təhlükə Qərb və ABŞ-la Türkiyə ilə Azərbaycanın qarşı-qarşıya gəlməsi riskidir. Bu uzaq hərbi məqsədlərə xidmət edən addımdır. Qərb Ermənistandan özünün Qafqazdakı hərbi məntəqəsi kimi istifadə edərək Rusiya, Türkiyə, Azərbaycan və İranı təsir altında saxlamaq məqsədi güdür. Bu addımla Qərb "bir daşla dörd quş vurmaq" siyasətini həyata keçirmək istəyir".

General vurğulayıb ki, bu təhlükəyə qarşı birgə mübarizə aparılmalıdır: "Onsuz da Türkiyə və Azərbaycan birlikdə addımlayır. Əgər aprelin 5-də Ermənistanla ABŞ və Aİ arasında hərbi pakt imzalanarsa, Türkiyə qısa zamanda hərəkətə keçməlidir. Şuşa Bəyannaməsinin verdiyi müttəfiqlik hüququndan istfadə edərək Türkiyə Azərbaycanda həm quru, həm də hava qüvvələri üçün hərbi baza yaratmalıdır. Bir sözlə, sözügedən sənəd imzalanarsa Türkiyənin Azərbaycanda hərbi bazalar yaratması qaçılmaz olacaq".

Ermənistanın Azərbaycanla sərhədə ağır texnika yerləşdirdiyinə münasibət bildirən Y.Karauz deyib: "Hazırda Qafqazda təhlükə ortadadır. Dünənə qədər "əsgərlərimiz bəlli bir məsafədə dursun", "bir-birimizi toqquşma meydanına çəkmək istəmirik", "Türkiyə ilə, Azərbaycanla sülh istəyirik" deyən Ermənistan sərhədə həm canlı qüvvə, həm də ağır texnika cəmləşdirir. Bu, çox təhlükəli bir yanaşmadır. Ermənistanın son hərəkətləri dostyana deyil. Bir neçə ay əvvəl Ermənistan Azərbaycana toqquşma olmaması üçün ordunun bəlli bir məsafəyə geri çəkilməsi barədə təklif vermişdi. Bu ölkə sərhəd ərazilərinə ordu yığmamışdan əvvəl üzünü Qərbə tutaraq guya Azərbaycanın onlara hücum edəcəyini əsas gətirmişdi. Daha sonra Qərb missiyası sərhəd ərazilərə dəvət edildi. Fikrimcə, Ermənistan Qərblə razılaşaraq bölgədə toqquşma yaratmaq, həm Rusiyadan canını qurtarmaq, həm də Qərb qüvvələrini ölkəsinə gətirmək istəyir. Ermənistan Rusiya ilə müttəfiqliyi dayandırmağa çalışır. Onlara bu məqsədə çatmaq üçün başda Fransa olmaqla, Hindistan, zamanla bu tələyə düşən İran silahlanmağa kömək edir. Bunun nəticəsində Ermənistan uzun illər öz ordusunu bərpa edə bilməyəcəyi üçün Qərbin Qafqazda missiyasını yerinə yetirən bir quruma çevriləcək.

Qərbin Ermənistana müdaxiləsinə Rusiya səssiz qalmayacaq. Bununla yanaşı, rəsmi Bakı və Ankara arasında imzalanan Şuşa Bəyannaməsi Azərbaycana qarşı olan hər hansı bir təxribata Türkiyənin də səssiz qalmayacağına əsas verir.

Bölgə çox sürətlə toqquşma meydanına çevrilməyə doğru gedir. Azərbaycan Ermənistanın istənilən təxribatına həm İkinci Qarabağ müharibəsindəki, həm də antiterror tədbirləri kimi cavab verəcək. Lakin bu toqquşma sadəcə iki ölkə arasında olmayacaq.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.