Hayastanda xaos və anarxiya
Siyasət

Hayastanda xaos və anarxiya

Ermənistanda COVID-19 pandemiyası və eləcə də İkinci Qarabağ müharibəsindən sonra iqtisadiyyatın iflic vəziyyətə düşməsi müxalif qüvvələrin etirazına səbəb olub. Demək olar ki, İrəvan parlamentinin hər iclası iqtidar-müxalifət dava-dalaşı ilə yadda qalır. İqtisadi uğursuzluqlardan başqa, Ermənistan hökumətinin ən yüksək postlarına Paşinyan yandaşlarının təyin olunması radikal müxalifəti daha çox hiddətləndirir. Bu gün erməni vətəndaşları tərəfindən Nikol Paşinyan və hökumətinin tam tərkibdə istefasının tələb olunması Paşinyan rejminin aqibətinin də Serj Sarkisyanın aqibəti kimi sonlanacağını deməyə əsas verir. Əksər hissəsini oliqarxiya sistemi təşkil edən Ermənistan hakimiyyəti erməni icmasını, erməni cəmiyyətini ən aşağı sosial vəziyyətdə yaşamağa məhkum edir.

Bununla yanaşı, Ermənistan parlamentində İkinici Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra hələ də davam edən hərc-mərclik dövləti süquta aparan əsas amillərdən biridir. Elə parlamentin son iclasında Daşnaksütyun partiyasından olan deputatın Nikol Paşinyanın danışdığı zaman parlamenti tərk etməsi də deyilənləri təsdiq edir. Baş verən hadisələr onu göstərir ki, Nikol Paşinyan ölkəsində hələ də normal rəhbər kimi qəbul olunmur. Bunun əvəzində isə erməni baş nazir nazirlik postlarında yaxın ətrafını yerləşdirir. Burada əsas səbəb isə daxili çevriliş cəhdlərinin qarşısının alınmasıdır.

Hazırda Ermənistanda maraqla gözlənilən hadisələrdən biri də İrəvanda keçiriləcək mer seçkiləridir. İrəvanda mer seçkiləri həm də siyasi xarakter daşıyır. Belə ki, bu seçkiləri Rusiya ilə Qərb arasında toqquşma sayanlar da var. Nikol Paşinyanın qərbyönümlü siyasət yürütməsi Rusiya üçün bu seçkiləri daha da vacib edir.  Ermənistan mətbuatında çıxan xəbərlərə görə indiyədək seçkidə namizədliyini irəli sürənlərdən ikisi aşkar rusiyayönümlüdür. Onların əsas lokomotivi keçmiş mer, aktyor Hayk Marutyan olacaq. O, artıq seçkiyə qatılacağını açıqlayıb. Marutyan vəzifədə olarkən daha çox Rusiya tərəfi ilə işləyib, Rusiya istehsalı texnika, "Kamaz" və "Qazel" alıb, həmçinin tez-tez Rusiyaya ezamiyyətə gedib, səfirlə görüşüb. Nikol Paşinyanın isə ümidi həmişə olduğu kimi, Qərbdir. Tiqran Avinyan daha çox qərbyönlü namizəd kimi görünür, əsasən Avropa şəhərləri ilə əməkdaşlıq axtarışındadır. Bu yaxınlarda Vaşinqtonda olub, bir neçə gün əvvəl isə ABŞ səfirliyinin nümayəndələri ilə görüşüb. Qeyd etmək lazımdır ki, əgər Nikol Paşinyan bu seçkiləri uduzsa, İrəvanda hakimiyyəti itirə bilər. Digər tərəfdən də İrəvanda Ağsaqqallar Şurasına seçkilərdən sonra Ermənistan hökumətində dəyişikliklərin olacağı gözlənilir. Bu barədə yerli "Joxovurd" qəzeti məlumat yayıb: "Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, ədliyyə naziri Qriqor Minasyan və ətraf mühit naziri Akop Simidyan istefa verəcəklər. Sanosyanı Sünik vilayətinin qubernatoru Robert Qukasyan, Simidyanı isə deputat Karen Ambarsumyan əvəz edəcək. Seçkilərdən sonra Qnel Sanosyan və Armen Pambuxçyan İrəvan şəhər merinin müavinləri vəzifəsini tutmalıdırlar", - deyə qəzet qeyd edir.

Ermənistanda tez-tez baş verən nazir dəyişilikləri artıq ənənəvi hal alıb. Təkcə onu demək kifayətdir ki, 2020-ci ildə Silahlı Qüvvələrimizin keçirdiyi əks-hücum əməliyyatlarında düşmənin ağır məğlubiyyətə uğradılması 1 il ərzində Ermənistanda 4 müdafiə nazirinin dəyişməsinə səbəb olub. Böyük ümidlərlə müharibəyə David Tonoyanla başlayan Nikol Paşinyan kapitulyasiya aktı imzaladıqdan sonra 2020-ci il noyabrın 20-də Vaqarşak Arutyunyanı, 2021-ci il iyulun 20-də isə Arşak Karapetyanı müdafiə naziri postuna gətirib. Sonuncu da istefaya göndərildikdən sonra nazir vəzifəsi Suren Papikyana həvalə olunub. Lakin son dönəmlərdə Paşinyan-Papikyan arasındakı soyuq münasibətlər sonuncunun istefasını da gündəmə gətirir. Ermənistan parlamentinin son iclasına Suren Papikyanın dəvət olunmaması deyilənlərə əsas verir. Buna səbəb isə Ermənistanın Geğarkunik vilayətinin (Göyçə) Azat kəndində baş verən yanğın hadisəsi göstərilir. Yanğın hadisəsi zamanı 15 hərbçinin ölməsi ölkədə böyük səs-küyə səbəb olmuşdu.

Məlumdur ki, Ermənistan son günlərdə Azərbaycanla şərti sərhəd bölgəsinə ağır zirehli texnika toplayır və bu, regionda yeni silahlı münaqişənin yarana biləcəyindən xəbər verir. Ermənistanın məsuliyyətsiz şəkildə hərbi eskalasiyaya yol verməsi bölgənin təhlükəsizliyi üçün çox ciddi təhdid törədir və belə olan halda Azərbaycan Silahlı Qüvvələri hər an döyüş tapşırığını yerinə yetirmək iqtidarındadır. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib. Nikol Paşinyanın bu etirafından belə nəticəyə gəlmək olar ki, o, baş verə biləcək silahlı toqquşmada itirən tərəf olacağını dərk edə bilib. Ona görə də Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşmək istədiyini deyib. Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara sadiqliyini, eləcə də bütün məsələləri yalnız diplomatik vasitələrlə həll etməyə hazır olduğunu təsdiqləyib. Öz növbəsində, Fransa Prezidenti şərti sərhəddə gərginliyin azaldılmasının zəruriliyini qeyd edib və regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

M.BAĞIRLI,

"Respublika".