ABŞ-Qərb blokunun narrativləri ifşa olunur
Siyasət

ABŞ-Qərb blokunun narrativləri ifşa olunur

Ölkəmizi mütəmadi olaraq beynəlxalq tribunalarda etnik təmizləmədə ittiham edən qüvvələrin maliyyələşdirdiyi, özlərini "azad, müstəqil KİV" adlandıran qurumlar son "Abzas Media" hadisəsindən sonra Azərbaycana qarşı hücuma keçiblər.

Həmin şəxslər ABŞ və Qərb blokuna məxsus agentura şəbəkələrinin müəyyən qrantlarına şirniklənərək  "Bu qələbə kimə lazım idi?" deməkdən də çəkinmirlər. "Öz kiçik dünya"larında müxtəlifyönümlü debatlar aparanlar ölkəmizin haqq işinə dəstək verməkdənsə, bilavasitə və dolayısıyla erməni lobbisinin maraqlarına xidmət edirlər.

Barələrində həbs-qətimkan tədbiri seçilən "Abzas Media" xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov haqqında yeni məlumatlar üzə çıxıb. Belə ki, həmin şəxslər təxribat törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün "demokratik inkişafa dəstək vermək" adı altında xeyli sayda donor təşkilatlarla gizli əməkdaşlıq ediblər. Onlar, həmçinin "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatlarda kod adları, "Aleks" və "Daisy" olan nümayəndələrlə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıblar. Xarici ölkələrə səfərlərində isə onlarla görüşüblər.

Son dövrlər ABŞ-ın Azərbaycana diplomatik hücumuna ölkəmizin daxilindən də dəstək vermək istəyən "ləpirçilər" öz istəklərini reallaşdırmaq üçün başda Amerikanın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID) olmaqla "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və digərlərindən külli miqdarda qrant dəstəyi alıblar.

Görünən odur ki, səfərlər və görüşlər bizim "ləpirçilər" üçün kifayət qədər uğurlu olub. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən "TBC Bank" və "Bank of Georgia" banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. Müxtəlif görüşlərdə maliyyə fırıldaqlarının sirlərinə yiyələnən Ülvi Həsənov və Məhəmməd Kekalov həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər.

Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla pullar cinayətkar dəstə, onların ailə üzvləri və digər yaxın qohumları vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki bankomatlarına kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb. Bəs özünü "azad", "müstəqil" adlandıran abzas mediaçılar min cür üsulla nağdlaşdırdıqları vəsaiti hansı xidmətlərinə görə alıblar? Bu suala cavab vermək üçün 2020-2023-cü illərdə "ləpirçilərə" aid aşkarlanmış sənədlərdə Ülvi Həsənov və yaxın ətrafına daxil olan şəxslər tərəfindən hansı layihəni həyata keçirdikləri və bunun müqabilində nə aldıqlarını görmək kifayətdir. Həmin pullar müqabilində isə hazırlanan layihələrin adı onların məzmununu və niyyətini açıq şəkildə nümayiş etdirir. Bunlar "Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi", "Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması", "Araşdırılmamış 100 cinayət", "Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması", "Media haqqında qanunla bağlı vəkillik fəaliyyətinə dəstək", "Media portalının müasir texniki vasitələrlə təchiz edilməsi" və sair oxşar başlıqlı mövzulardır. Həmin sənədlərdə iştirakçı və icraçı qismində adıçəkilən şəxslərlə yanaşı, müxalif fəallar - Toğrul Vəliyev, Hafiz Babalı, Şəmistan Həziyev, Hacı Zeynallı, Sahilə Aslanova, Minəxanım Əliyarlı, Rübabə Quliyeva, Elnarə Qasımova və Nərgiz Absalamovanın da adları keçir. Bu, onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar başda olmaqla, Qərb mərkəzləri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar.

Avropanı özləri üçün ikinci vətən hesab edən Ülvi Həsənli, Sevinc Vaqifqızı və digərlərinin haradan maliyyələşdiyi heç kəsə təəccüblü deyil. Milli satqınlar müxtəlif auditoriyalardan Azərbaycanın qələbələrinə kölgə salmaq üçün əllərindən gələn bütün səyləri göstəriblər. Qərbyönümlü və amerikanofil marionetlərin cəmiyyəti aldatmaq üçün "müstəqil, azad KİV" narrativi bu gün ifşa olunur. Məhz Cənubi Qafqazı öz orbiti daxilində saxlamaq istəyən pozucu dairələr həmin dövlətlərə birbaşa və dolayısı yolla müdaxilə etməkdən çəkinmirlər. ABŞ-Qərb trekinin kuklaları gec və ya tez bu düşüncələrindən əl çəkməli və müdaxiləyə rəvac verməməlidirlər.

Tacir SADIQOV,

"Respublika".