Gənclərə dövlət qayğısı məsuliyyət hissimizi artırır
Digər xəbərlər

Gənclərə dövlət qayğısı məsuliyyət hissimizi artırır

2013-cü ildə 9 ixtisas üzrə fəaliyyətə başlayan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci hazırda 14 ixtisas üzrə mütəxəssis hazırlayır.

Kollecin direktoru, dosent Kəmalə Süleymanlı ilə həmsöhbət olduq. Direktor bildirdi ki, bu gün kolleci bitirənlər üçün əmək bazarında iş yerləri var, onlar öz ixtisasları üzrə tezliklə iş tapıb işləyə bilirlər. Bununla yanaşı, kolleci yaxşı və əla qiymətlərlə bitirənlər təhsil aldıqları sahələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər. Kolleci müvəffəqiyyətlə bitirən gənclərə subbakalavr diplomu verilir. Bu səbəbdən də, kollecin xeyli məzunu respublikanın ali məktəblərində təhsillərini davam etdirirlər. Kolleci bitirmiş çoxlu sayda gənc ölkənin müxtəlif bölgələrində peşəkar mütəxəssislər kimi çalışırlar.

Kollecdə yaradılmış müasir şəraitlə və nümunəvi kollektivlə tanışlıqdan sonra tələbələrin arzu və istəkləri ilə bağlı fikirlərini də öyrəndik.

Fidan Ağazadə (Kompüter sistemlərində proqram təminatı - II kurs):

- Biz tələbələrə hər zaman diqqət  və qayğı göstərildiyinə, təhsilimiz üçün gözəl şərait yaradıldığına görə  bütün tələbə yoldaşlarım adından dövlət başçımıza öz təşəkkürümü bildirirəm.

Gülyaz Həmidova (Məktəbəqədər təhsil ixtisası - II kurs):

- Cənab Prezidentimizin Sərəncamı ilə tələbələrin təqaüdünün artırılması bütün tələbələr üçün sevindirici haldır. Biz tələbələr də bu diqqəti və qayğını nəzərə alaraq daha yaxşı nəticələr əldə etmək üçün çalışırıq.

Nazənin Əliyeva (Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası - III kurs):

- Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı bizi sevindirir. Tələbə təqaüdünün yüksəldilməsi həm də məsuliyyət hissimizi artırır. Daim nizam-intizama riayət edib, "bilik yeganə meyardır" prinsipinə əsaslanaraq dövlətimiz üçün peşəkar mütəxəssis olmağa çalışacağıq.

Murad Babayev (Mühasibat uçotu ixtisası - II kurs):

- Bu yaxınlarda ölkə başçımız İlham Əliyevin göstərişi ilə tələbələrin təqaüdünün artırılması bizi çox sevindirir və daha yaxşı oxumağa həvəsimizi artırır. Mən də öz növbəmdə gənc nəslə daim diqqət və qayğı göstərən prezidentimizə öz təşəkkürümü bildirirəm.

Nərmin Ağayeva (Tibb bacısı (qardaşı) ixtisası - I kurs):

- Qrup yoldaşlarım adından hər zaman biz gəncləri diqqət mərkəzində saxlayan, qayğısını durmadan artıran Prezidentimizə təşəkkürümü bildirirəm. Çünki kollecdə yaradılan şərait ölkəmizdə gənc nəslə və təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu bizi sevindirir və təhsilimizi artıqmaqla yaxşı mütəxəssis olmağımıza geniş və hərtərəfli zəmin yaradır.

Rəqsanə Qurbanzadə (Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi -      II kurs):

- Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin əvvəlindən ölkəmizdə elm və təhsilə dövlət qayğısı olaraq tələbə təqaüdlərinin artırılması bir tələbə kimi məni daha yüksək akademik göstəricilər əldə etməyə həvəsləndirdi. Buna görə də dövlət başçımıza  minnətdarlığımı bildirir və qalib dövlətin vətəndaşı kimi öz üzərimdə daha çox çalışacağıma söz verirəm.

Kərim Boyaqçızadə (Baytarlıq ixtisası - I kurs):

- Gənclərin həmişə bir arzusu olub ki,yaxşı müətəxəssis olsunlar. Sevindirici haldır ki, bu gün biz gənclər üçün ölkəmizdə belə bir şərait yaradılıb. İlin əvvəlindən tələbə təqaüdlərinin yüksəldilməsi sevincimizə səbəb olmaqla yanaşı, məsuliyyət hissimizi də artırır.

M.NƏRİMANOĞLU,

"Respublika".