Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb
Sosial həyat

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə 123 qeyri-hökumət təşkilatı 29 istiqamət üzrə layihələrini təqdim edib. Təqdim edilmiş hər bir layihə təhlil olunub. Təhlil zamanı layihənin davamlılığı, əhəmiyyəti, aktuallığı, daha çox gəncin əhatə edilməsi, göstərilən problemlərin əsaslandırılması, həmçinin təşkilatın daxili idarəetmə strukturunun formalaşması, möhkəmlənməsi, təşkilatların təcrübələri, layihələrin icra planları, layihəyə cəlb edilən gənclər qrupu haqqında məlumatlar və s. meyarlar nəzərdən keçirilib. Həmçinin layihələrin büdcə hissəsinin mövcud normativlərə və ehtimal olunan bazar qiymətlərinə uyğunluğu yoxlanılıb.

Nəticədə 73 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsi qərara alınıb. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ümumilikdə 632 min 316 manat məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Layihələrin icrası ilə bağlı dekabrın 15-dən 25-dək müqavilələrin bağlanması və müvafiq sənədləşmə işlərinin aparılması planlaşdırılıb.

Qeyd edək ki, müsabiqə əsasən Vətən müharibəsi, həmçinin milli qəhrəmanların və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması, şəhid ailələri və qazi övladlarının fərdi inkişafına dəstək göstərilməsi, azərbaycançılıq və dövlətçilik ideyalarının və multikultural dəyərlərin gənclər arasında təbliği, gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi, gənclər arasında Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən yerli və beynəlxalq intellektual oyunların, kompüter oyunlarının, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində gənclərin iştirakının təmin edilməsi və təşəbbüslərinin dəstəklənməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması, gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, onların asudə vaxtının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş, özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak, gənclərin hüquqi maarifləndirilməsi, ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması və digər istiqamətlər üzrə elan olunub.

 AZƏRTAC