ŞANLI TARİX YAZAN İGİDLƏR
Sosial həyat

ŞANLI TARİX YAZAN İGİDLƏR

Aprel şəhidləri

2016-cı ilin Aprel döyüşlərindən 8 il keçir. Aprel döyüşləri rəşadətli ordumuzun hərb tarixinə qızıl hərflərlə yazdığı mərdlik, qəhrəmanlıq, şərəf, fəxarət səhifəsidir. Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbə, böyük zəfərlə nəticələnmiş döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndləri istiqamətində düşmənə sarsıdıcı zərbələr endirildi, yaşayış yerləri, strateji yüksəkliklər, yollar yağı düşməndən təmizləndi.

Tarixin bu unudulmaz səhifəsi yaddaşlara əbədi həkk olunub. Aprel döyüşləri böyük qələbəyə aparan yolun başlanğıcı oldu. Dörd gün davam edən savaşda şəhidlik zirvəsinə ucalmış igidlərin keçdiyi şərəfli döyüş yolu, parlaq xatirələri ürəklərdə əbədi yaşayır. Masallı rayonundan hərbi xidmətə yollanmış Nurlan Əsgərlinin və Firdovsi Bağırzadənin döyüşlərdə əzmkarlığı, şücaəti, qəhrəmanlığı dillərdə dastan olub.

Nurlan 1995-ci ilin dekabr ayının 3-də Masallı rayonunun Viləş kəndində dünyaya göz açıb. İdmanı çox sevirdi. Orta məktəbdə oxuyarkən boks və cüdoyla məşğul olub. Rayon üzrə keçirilən cüdo və boks yarışlarında I və III yerləri tutub.

Orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırıldı. Hərbi hissədə intizamlı, nümunəvi əsgər kimi hörmət qazanan Nurlan 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna oxumağa göndərildi. İyul ayında həqiqi hərbi xidmətini başa vurub könüllü olaraq baş əsgər rütbəsində hərbi xidmətini davam etdirdi. Sonralar peşəkar hərbçi kimi gizir rütbəsinə layiq görüldü.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlandı.

Hərbi əməliyyatlar zamanı Nurlan qardaşı, gizir İntiqam Əsgərli ilə birlikdə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşürdü. Müzəffər Ordumuzun bölmələri bu kənd istiqamətində olan əlverişli mövqeləri, strateji nöqtələri və Talış yüksəkliyini işğaldan azad etdi.

İntiqam sonralar o qanlı döyüşlər barədə belə deyib: "Gecə-gündüz bilmədən vuruşurduq. Arada ətrafıma baxıb, Nurlanı axtarırdım. Döyüş şiddətləndiyindən itkilərimiz də olurdu. Fikirləşirdim ki, Nurlana bir şey olsa, ata-anama nə cavab verərəm. Böyük qardaş kimi məsuliyyət hiss edirdim. Yanaşı addımlayırdıq. Nurlan isə məni qorumaq üçün həmişə qabağa keçirdi.

Komandirlərimiz Vüqar Yusifov, Raquf Orucov, Murad Mirzəyev, Mühüd Orucov kimi təcrübəli zabitlərin yanımızda olması bizi ruhlandırır, güc, qüvvə verirdi. Ermənilər artıq postları qoyub qaçırdılar. Üstünlük, qalibiyyət bizim tərəfimizdə idi. İrəli getdikcə ayağına zəncir vurulmuş arıq, çəlimsiz düşmən əsgərlərinin meyitini görəndə dəhşətə gəlirdik. Onlar öz əsgərlərini postlarda zəncirləyirdilər ki, qaçmasınlar. Çünki bu torpaqlar onların deyildi, əsgərlərini zəbt etdikləri ərazilərdə məcburi saxlayırdılar.

Nurlan snayperlə sərrast atəş açırdı. Döyüş yoldaşlarımızdan Orxan Hümbətov, Təbriz Əsgərov yanımızda şəhid oldular. Aprelin 4-də səhər komandirlərimizin şəhadət xəbərini aldıq.

Bir neçə saat əvvəl aldığımız ərazini düşmən mərmi atəşinə tutdu. Yaralıları və şəhidləri səngərdən çıxarmağa başladıq. Komandirimiz Raquf Orucovun şəhid olduğunu görəndə Nurlan dəhşətə gəldi. İkimiz də çox sarsıldıq. Nurlan dedi ki, biz döyüşməyi, şücaəti, mərdliyi ondan öyrəndik, qəhrəman komandirin qisasını mütləq alacağıq.

Komandirin nəşini müəyyən yerə qədər aparıb əsgərlərimizə təhvil verdik. Sonra polkovnik Vüqar Yusifovun nəşini çıxarmağa getdik.

Elə bu vaxt biz tərəfə mərmi düşdü. Ətrafı toz-duman bürüdü. Bir az keçəndən sonra gördüm ki, Nurlan yoxdur. Onun yıxıldığı istiqamətə qaçdım. Qardaşım yaralanmışdı. Hələ canını tapşırmamışdı. Onu qollarımın arasına aldım. Cəmi 30 saniyədən sonra Nurlan gözlərini əbədi yumdu. Qardaşımı qucağıma götürüb döyüş meydanından çıxardım. Bircə təsəllim o oldu ki, şanlı üçrəngli bayrağımız düşməndən geri aldığımız yüksəklikdə dalğalanırdı".

Aprelin 5-də Nurlan Əsgərli doğulduğu doğma Viləş kəndində torpağa tapşırıldı. Ölümündən sonra göstərdiyi igidliyə, şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edildi. Kəndin mərkəzi küçəsinə şəhidin adı verilib, xatirəsinə abidə və bulaq inşa olunub.

Qardaşı, Aprel döyüşlərinin iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin giziri İntiqam Əsgərli Vətən müharibəsində də misilsiz qəhrəmanlıq göstərib. Şuşanı azad edən hərbçilərimizdən biridir. Şəhərin alınması uğrunda gedən döyüşlərdə şəhid olub. İki qardaş doğma Viləş kənd qəbiristanlığında yanaşı uyuyur.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə İntiqam Əsgərli ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına və "Vətən uğrunda" medalına layiq görülüb.

İntiqam ailəli idi. Nur və İntiqam adlı iki övladı Vətənə yadigar qaldı.

Firdovsi Bağırzadə 1996-cı ildə Masallı rayonunun Güllütəpə kəndində dünyaya gəlib. Hərbçi olmağı arzulayıb. 2014-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşüb. 2016-cı ilin aprel ayında Tərtər rayonu istiqamətində cəbhənin təmas xəttində gedən döyüşlərdə xüsusi igidlik, şücaət göstərib. Qəhrəmancasına vuruşaraq düşmənin xeyli canlı qüvvəsini məhv edib, atəş mövqeyini susdurub. Döyüş zamanı şəhidlik zirvəsinə yüksəlib.

Aprelin 9-da boya-başa çatdığı Güllütəpə kəndində son mənzilə yola salınıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bağırzadə Firdovsi Əliş oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Güllütəpə kəndinin küçələrindən biri şəhidin adını daşıyır.

Masallıda Aprel şəhidlərinin xatirəsi daim əziz tutulur. Rayon icra hakimiyyəti tərəfindən hər il şəhidlərin anım mərasimləri keçirilir, ad günləri qeyd olunur. Mərasimlərdə Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak edir, şəhid məzarları ziyarət olunur və əziz xatirələri böyük ehtiramla yad edilir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".