GƏNCƏDƏ “HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ (1923-2023)” YUBİLEYİ MEDALI TƏQDİM OLUNUB
Region

GƏNCƏDƏ “HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ (1923-2023)” YUBİLEYİ MEDALI TƏQDİM OLUNUB

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandji” qəzetinin redaktoru İrina Kalaşnikova və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini, cari ilin yanvar ayında dünyasını dəyişmiş Mobil İmanovun adı sözügedən siyahıda yer alıb və onlara medallar təqdim olunub. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən şəhər rəhbəri Niyazi Bayramov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən ətraflı danışıb və təltif olunan şəxsləri təbrik edib.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov da çıxışlarında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər.

Ziyalılar öz növbələrində ulu öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.