Vətənin  qəhrəman oğlu
Region

Vətənin  qəhrəman oğlu

 İkinci Qarabağ müharibəsində minlərlə   qeyrətli Vətən oğlu  qələbə naminə son damla qanına  qədər  döyüşüb şəhidlik zirvəsinə ucaldı.   Xalq öz qəhrəman övladlarını heç vaxt unutmur,  onları həmişə ehtiramla xatırlayır. Belə unudulmaz qəhrəmanlardan biri də  lənkəranlıların  fəxri, qürur yeri  şəhidi  Romir Rəşadət oğlu Əliyevdir. Onun  doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə  ictimaiyyəti nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib və önünə gül dəstələri düzüblər.

 Qəhrəman şəhidimiz  14 may 1997-ci ildə dünyaya göz açıb.  Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə yollanıb. 2017-cı ildə hərbi xidmət müddətini bitirmiş və mülki şəxs olaraq fəaliyyətini davam etdirib.

27 sentyabr 2020-ci il başlanan Vətən müharibəsində Romir Əliyev könüllü əsgər olaraq haqq savaşımıza qatılıb. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.  20 oktyabr 2020-ci ildə Qubadlıda  gedən  ağır döyüşlərdə  şəhid olub. Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə,  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına  görə” medallarına layiq görülüb .

Zəfər ORUCOĞLU.