Gələcəyə aparan yollar
Sosial həyat

Gələcəyə aparan yollar

Bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni yollar çəkilir, körpülər tikilir. İkinci Qarabağ müharibəsi ölkəmizin tarixi qələbəsi ilə başa çatıb. Əzəli torpaqlarımızın işğalına, torpaq həsrətimizə son qoyulub. 30 il müddətində işğal altında qalan torpaqlarımızda təbii sərvətlərimiz talan olunub, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub, yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı "Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncamına əsasən hər il 22 fevral Avtomobil Yolları İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Artıq 16-cı ildir ki, peşə bayramlarını qeyd edən avtomobil yolları işçiləri Azərbaycanda infrastrukturun yaradılmasında əhəmiyyətli rol oynayır. Yolçəkənlər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri olan yol infrastrukturunun yenidən qurulmasını həyata keçirirlər.

"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır". Bu fikirləri Prezident İlham Əliyev 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib. Daha sonra ölkə başçısı Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olub, Şuşa şəhərinə çəkilən Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə bağlı göstərişlərini verib. Əlbəttə ki, bu yol xüsusi əhəmiyyətə malikdir, çünki bizi on illər boyu ayrı qaldığımız Qarabağın incisi Şuşamıza aparır. Həmçinin bu işğaldan azad edilmiş torpaqlarda zəfərdən sadəcə 8 gün sonra həyata keçirilən ilk layihədir.

Ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə yeni avtomobil yollarının inşasına böyük maliyyə vəsaiti ayrılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında indiyədək Əhmədbəyli - Füzuli - Şuşa, Toğanalı - Kəlbəcər - İstisu, Kəlbəcər - Laçın, Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd, Xudafərin - Qubadlı - Laçın, Qubadlı - Eyvazlı, Şükürbəyli - Cəbrayıl - Hadrut, Füzuli - Hadrut, Hadrut - Tuğ - Azıx, Bərdə - Ağdam, Talış - Tapqaraqoyunlu - Qaşaltı - Naftalan avtomobil yolları istifadəyə verilib.

Ölkəmizin tarixi qələbəsi ilə yekunlaşan 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərə yeni nəfəs gəlib. İşğal dövründə ermənilərin törətdiyi vandallıqların izləri bir-bir silinir. Bu gün keçmiş məcburi köçkünlər əzəli torpaqlarına qayıdırlar. Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına həyat əhəmiyyətli infrastruktur layihələrinin icrası ilə başlayıb. İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi seçilib. Keçmiş məcburi köçkünlərin geri qayıdışını təmin etmək, Qarabağda iqtisadi fəallığa nail olmaq ölkə başçısının daim diqqətdə saxladığı məsələlərdəndir.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmaması səbəbindən Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında gediş-gəliş çətinləşirdi. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar bu problemi də həll edəcək. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası üzrə Tədbirlər Planında AAYDA tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin yerinə yetirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub. Yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirilib. Daha sonra ölkə başçısı Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu kilometrliyindən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında gedən tikinti işlərinin vəziyyəti ilə tanış olub. Qeyd edək ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun 2023-cü il sentyabr ayının 19 və 20-də keçirdiyi antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazisində avtomobil yollarının yenidən qurulması daha da sürətlə aparılır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yol infrastrukturu layihələrinə investisiya qoyuluşu bu rayonların yenidən qurulması və inkişafı istiqamətində mühüm addımdır. Yeni yolların tikintisi malların, xidmətlərin və insanların daha rahat hərəkətinə imkan yaradır.

Üstəlik, bu yollar Azərbaycanın Ermənistanla sərhədində hərbi potensialın və təhlükəsizlik mövqeyinin gücləndirilməsində həlledici rol oynayır. Yeni yollar sərhəd postlarının əlaqəsini və hərbi əməliyyatlar üçün manevr imkanlarını artırmaqla, strateji əhəmiyyətli bölgələrdə müdafiə və müşahidə səylərinə töhfə verir. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinə sərmayə qoyulması əlaqələrin yaxşılaşdırılması, təhlükəsizliyin artırılması və iqtisadi inkişafı dəstəkləməklə həm də ölkəmizin inkişafı üçün daha parlaq gələcəyə yol açır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".