Füzuli yenə doğma sakinlərinə qucaq açıb
Sosial həyat

Füzuli yenə doğma sakinlərinə qucaq açıb

Yanvarın 29-da respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Dədə-baba torpaqlarına qayıdan Füzuli sakinlərinin gözlərindəki sevinc vətən həsrətinin təcəssümü idi. İndiyədək Füzuli şəhərində 527 ailənin (1969 nəfər) daimi məskunlaşması təmin edilib. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.

Qeyd edək ki, Qarabağda bərpa-quruculuq işlərinə artıq 3 ildir ki, start verilib. İşğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri, müasir tələblərə uyğun infrastruktur layihələri Azərbaycanın iqtisadi potensialının, inkişafının göstəricisidir. Düşmən istilasından, vəhşiliyindən qurtulmuş ərazilər, dağılmış, viran qoyulmuş, kəndlər, şəhərlər dövlətimizin sayəsində gülüstana dönür. Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri reallaşdırılır. İşğaldan azad edilmiş torpaqlarımızda elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura bürünür.

Postmüharibə dövründə işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də müxtəlif istiqamətlərdə bərpa işləri intensiv şəkildə davam etdirilir. Abadlıq-quruculuq işlərinin nəticəsidir ki, növbəti 20 ildə isə əhali sayı 1993-cü illə müqayisədə 2.5 dəfə artacaq. Ötən il avqustun 18-də Füzuli şəhərinə ilk köç başladı və 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıtdı. İlk olaraq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib.

Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması onların öz kökləri, mədəniyyətləri və kimlikləri ilə yenidən əlaqə qurması, doğma hisslərin yenidən canlanması deməkdir. Ata-baba yurdlarına qayıtmış soydaşlarımızda nostalji, qürur və sevinc duyğularının harmoniyasını yaşayırlar.

Azərbaycanın əsas prioritet məsələlərindən biri də 2030-cu ilədək işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı yekunlaşdırmaqdır. Bu prioritet məsələ ilə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsindən bu günə qədər təxminən, 11 milyard manat vəsait xərclənib. 2024-cü ildə isə dövlət büdcəsində 4 milyard manat vəsaitin Qarabağa xərclənməsi nəzərdə tutulur. Həmçinin bu il daha böyük sayda keçmiş köçkün öz dədə-baba torpaqlarına qaytarılacaq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq.

Bu gün ölkəmizin qarşıya qoyduğu məqsədlərə təhlükəsizlik problemlərinin həlli, ərazilərin minalardan təmizlənməsi, yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın bərpası, insanların sosial müdafiəsinin gücləndirilməsi və sair daxildir. İkinci Qarabağ müharibəsindən sonra sürətlə davam edən bərpa-quruculuq işləri sübut edir ki, Azərbaycan öz hədəflərinə doğru qətiyyətlə irəliləyir. Bir zamanlar Azərbaycan xalqının yaralı yeri olan Qarabağ bu gün bərpa olunur, beynəlxalq səviyyədə əhəmiyyətli bir bölgəyə çevrilir.

Röya RÜSTƏMLİ,

"Respublika".