Dünya onlarla gözəldir
Sosial həyat

Dünya onlarla gözəldir

"Uşaqlar hər bir insanın sevincidir. Uşaqlar həmişə insanları sevindirib, qəmdən, kədərdən, faciədən xilas etməyə yardım ediblər. Hər bir insan öz həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bu günüdür, həm də gələcəyidir". Bu sözləri ulu öndər Heydər Əliyev 1998-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə "Uşaqlar dünyanın sevincidir" devizi altında keçirilən mərasimdə çıxışı zamanı demişdir.

Ümummilli liderin fikirləri bütün dövrlər üçün aktualdır. Dünyada ən gözəl baxış, gülüş, elə görüş də uşaqlardadır. Ulu öndər Heydər Əliyevin uşaqlara, sabahımız olan körpə fidanlara sevgisi tamamilə fərqli idi. Onlarla görüşü zamanı dahi şəxsiyyət də sanki uşaqlaşırdı. Qayğıları, yaşayış tərzləri, təhsilləri, hətta sevimli məşğuliyyətləri ilə də maraqlanardı. Bu, dahi şəxsiyyətin həyat kredosu idi.

Ölkəmizdə uşaqların sağlam, xoşbəxt yaşaması və hüquqlarının yüksək səviyyədə qorunması istiqamətində aparılan dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Uşaqların ən böyük himayədarı olan Heydər Əliyevin göstərişi ilə onların yaxşı təhsil almaları, Vətənə, xalqa layiqli vətəndaş kimi yetişmələri üçün bütün lazımi tədbirlər həyata keçirilmişdir. Ümummilli lider deyirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Bəli, Heydər Əliyev siyasətinin, dövlətçilik ənənəsinin məntiqi nəticəsi idi ki, vətənpərvər, sağlam ruhda böyüyən uşaqlar 2020-ci ilin gəncləri, qəhrəmanları kimi vətənin müdafiəsinə qalxıb, torpaqlarımızı düşmən işğalından azad etdi. Uşaq yaşlarında doğma Qarabağ torpaqlarından məcburi şəkildə köçkün düşən insanlar bu gün öz uşaqları ilə həmin yurdlara qalib vətəndaş kimi qayıdırlar. Azad torpaqlarda müstəqil, suveren Azərbaycanın xoşbəxt uşaqları böyüyür.

Ölkəmizdə uşaq hüquqlarının qorunması, müdafiəsi məqsədilə bir çox qanun və layihələr qəbul olunmuşdur. Azərbaycan 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmaqla uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində zəruri addımlar atdığını bir daha təsdiqləyib. Həmin vaxtdan ölkəmizdə uşaqların sağlamlığı, təhsili, inkişafı, hüquqlarının qorunması üçün geniş hərəkat başlamışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanan "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir".

Həyata keçirilən bütün işlərin kökündə uşaqların firavan, xoşbəxt yaşayışı dayanır. Cahan uşaqlarla gözəldir, onların gülüşləri sülhün, əmin-amanlığın nəğməsidir. Şair Nazim Hikmət də gözəl deyir:

Dünyanı uşaqlara verək,

Bir günlük də olsa öyrənsin dünya dostluğu.

Hər birimizin xatirindədir, ümummilli lider Heydər Əliyev uşaqlar üçün təşkil edilən tədbirlərdə, bayram şənliklərində iştirak edirdi. Ulu öndərin onlarla səmimi söhbətləri hər bir uşağın gələcək həyat yolunda istiqamətverici qüvvəyə çevrilirdi. Uşaqlar bu böyük şəxsiyyətlə hər görüşdən sonsuz fərəh hissi keçirir, ilhamlanırdılar.

Heydər Əliyevin uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq İli" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz nümunəsi sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində dövlət proqramları və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısı gücləndirilir, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Xüsusilə valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır, şəhid övladlarına göstərilən diqqət və qayğı isə hər kəs üçün örnəkdir.

Ramidə YAQUBQIZI,

"Respublika".