Füzuli şəhərinə daha 156 ailə köçürüləcək
Gündəm

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək

Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Komitədən "Respublika"ya bildirilib ki, tədbirdə komitənin rəhbər şəxsləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və komitə yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Diqqətə çatdırılıb ki, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə ilkin mərhələdə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr köçürülür. Qeyd edilib ki, bugünkü püşkatma 156 ailə arasında keçirilib və ailə tərkibinə uyğun olaraq, onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olunacaq.