Füzuli sakinləri də sevinclə doğma yurdlarına geri qayıdır
Sosial həyat

Füzuli sakinləri də sevinclə doğma yurdlarına geri qayıdır

1988-ci ildən etibarən gərginləşən Ermənistan-Azərbaycan münasibətlərinin davamında baş verən Birinci Qarabağ müharibəsi torpaqlarımızın 20 faizinin işğal olunması ilə nəticələndi. Həmin ərəfədə erməni silahlı qüvvələri tərəfindən zəbt olunan yaşayış məskənlərimizdən biri də Füzuli rayonu olmuşdu. 1993-cü il avqustun 23-də işğal olunan Füzulinin sakinləri öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışdılar. Rayonun vandalizmə uğraması nəticəsində ümumilikdə Füzuliyə 22 milyard manatdan çox ziyan dəymişdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ulu öndər Heydər Əliyevin komandanlığı altında uğurlu əməliyyat keçirərək rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsini geri qaytara bilmişdi. Bundan sonra həmin ərazilərdə bərpa-yenidənqurma işləri başlamış və soydaşlarımız yenidən həyatlarına davam etmişlər.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları sayəsində Füzulinin 60 kəndi və rayon mərkəzi erməni işğalçılarından azad olundu. Füzuli əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli döyüşlərdən biri olub. İkinci Qarabağ müharibəsində düşməni diz çökdürən Ordumuz 30 il yurd həsrətilə yaşayan məcburi köçkünlərin geri qayıtmasını təmin etdi. Bununla da 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə dövlət başçısının qərarına əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Bu xüsusda Zəngilanın Ağalı kəndinə ilk köç karvanı baş tutdu. Ardınca isə mərhələli şəkildə Tərtərin Talış kəndi, Laçın şəhəri, Laçın rayonunun Zabux kəndi və Füzuli şəhərinin keçmiş məcburi köçkünləri doğma el-obalarına qayıtdılar.

Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Belə ki, sentyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürülüb. Bununla da, Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib.

Bu gün erməni işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzurun şəhər və qəsəbələrinin Baş planları hazırlanaraq təsdiqlənib, çox sürətlə bərpa-quruculuq işləri görülür. Burada xüsusi diqqətçəkən məqamlardan biri də odur ki, yenidənqurma işləri Azərbaycan dövlətinin öz gücü hesabına aparılır. Yalnız iki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına reallaşıb.

Özbəkistan tərəfindən maliyyələşdirilən, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdir. Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan həmin məktəbin açılış mərasimində də iştirak etmişlər.

Musa BAĞIRLI,

"Respublika".