Fransız Polineziyası: müstəmləkəçilik siyasətinə qarşı müstəqillik mübarizəsi
Siyasət

Fransız Polineziyası: müstəmləkəçilik siyasətinə qarşı müstəqillik mübarizəsi

Fransanın dənizaşırı əraziləri hesab olunan ölkələrdə son illər rəsmi Parisə qarşı etiraz aksiyaları davam edir. Həmin ərazilərdə yerləşən ölkələr Fransa zülmündən xilas olmaq və müstəqil dövlət uğrunda qətiyyətlə mübarizəyə başlayıblar.

Yerli əhali uzun illərdir ki, Yelisey sarayının müstəmləkəçilik siyasətindən, hüquqlarının tapdalanmasından əziyyət çəkir. Müstəmləkəçiliyə məruz qalan və müstəqillik uğrunda mübarizə aparan ölkələrdən biri də Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət Fransız Polineziyasıdır. Bu ölkə yerli dildə Maohi Nui adlandırılır.

Qeyd edək ki, Fransız Polineziyasının Prezidenti parlament üzvlərinin mütləq səs çoxluğu ilə seçilir. Polineziya parlamenti beş il müddətinə seçilən və yenidən seçilmək hüququ olan 57 üzvdən ibarətdir. Fransız Polineziyasında 8 bölmə və hər bölmədə minimum 3 yerli təmsilçi var. Hazırda parlamentdə təmsil olunan əsas siyasi qüvvə "Tavini Huiraatira" (müstəqillik tərəfdarları) partiyasıdır. Partiya ölkə parlamentində 38 yerə sahibdir. "Tapura Huiraatira" partiyası 16, bitərəflər isə 3 deputatla təmsil olunurlar.

Müstəqillik uğrunda mübarizə aparan "Tavini Huiraatira" partiyasının adı yerli dildə tərcümədə "Yerli xalqa xidmət etmək" mənasını ifadə edir. Oskar Temaru 1977-ci ildə təsis etdiyi artiyaya indi də sədrlik edir. Bu partiyanın əsas məqsədi Fransız Polineziyasının müstəqilliyinin əldə edilməsidir.

Partiyanın üzvü Fransa Polineziyasının Prezidenti Moetai Brothersondur. Assambleyanın rəhbəri isə partiya sədrinin müavini Antoni Gerosdur. "Tavini Huiraatira" partiyası tərəfindən müstəqillik istiqamətində növbəti addım kimi Dekolonizasiya İşləri üzrə Komissiya təsis edilib.

Partiyanın missiyası üç prinsipə əsaslanır: hörmət etmək, dəstək vermək və qurmaq. "Tavini Huiraatira" ölkənin tarixinə, coğrafiyasına və mədəniyyətinə böyük önəm verir, əsasən də milli kimlik məsələsini diqqətdə saxlayır. Daim sülh çağırışları edən partiyanın bütün sosial layihələri hörmətə və ənənəvi dəyərlərə əsaslanır. Vətəndaşlara dəstək göstərmək, onlar arasında həmrəyliyi gücləndirmək və ədalətli cəmiyyət yaratmaq təşəbbüsləri irəli sürülür. Partiya davamlı inkişafı dəstəkləmək üçün sosial və iqtisadi strukturları gücləndirmək istiqamətində mütəmadi görüşlər, əsas hədəflərdən biri olan gənclərlə iş, təhsil və innovasiya mövzularında seminarlar təşkil edir.

Ölkədə partiyaya bağlı 8 deputatdan ibarət "Tavini Huiraatira" qrupu da fəaliyyət göstərir. Hazırda qrup Səhiyyə, həmrəylik və məşğulluq komitəsinin üzvüdür. Qrupun əsas fəaliyyət istiqamətləri nüvə silahları, ətraf mühit, nəqliyyat, turizm, səhiyyə, elm, təhsil və bu kimi digər mövzular haqqında araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və xalqı məlumatlandırmaqdır.

Bunu da qeyd edək ki, Polineziya 1946-cı ildə BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına daxil edilib, lakin Fransanın təzyiqi nəticəsində 1947-ci ildə siyahıdan çıxarılıb. Fransa bu istiqamətdə fəaliyyətini davam etdirir. Ona görə ki, yüksək səviyyədə güclü sosial bazaya malik partiyanın hazırda Fransız Polineziyasının həm icraedici, həm də qanunvericilik hakimiyyətində üstünlüyə malik olması Fransa dövlətini ciddi şəkildə narahat edir. Fransa yerli əhalinin assimilyasiyasına nail ola bilmədiyinə görə Fransız Polineziyası Parisin müstəmləkəsi altında olan digər ərazilərdən xüsusilə seçilir. Məhz buna görə də Fransa Yeni Kaledoniyada etnik icmalar arasında tətbiq etdiyi "parçala və hökm sür" siyasətini burada həyata keçirə bilmir. Həmçinin alternativ yollar taparaq dini icmalara təsir göstərməyə çalışır. Belə ki, Polineziya əhalisi əsasən protestant və katoliklərdir. Çoxluq təşkil edən protestantların əksəriyyəti müstəqillik tərəfdarıdır, katoliklərin böyük bir hissəsi isə bunun əleyhinədir. Polineziya adalardan ibarətdir və bundan sui-istifadə edən Fransa hökuməti katoliklərin çoxluq təşkil etdiyi adalarda rəhbər şəxsləri müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışır.

"Tavini Huiraatira" partiyası ölkənin müstəqilliyinin bərpası istiqamətində fəaliyyətini xarici platformalarda da davam etdirir. Partiya ötən il Qoşulmama Hərəkatının Azərbaycanda keçirilmiş nazirlər iclası çərçivəsində kolonializmlə mübarizəyə dair təşkil edilmiş tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılmasında iştirak edən tərəflərdən biridir. Partiyanın üzvləri Bakı Təşəbbüs Qrupunun müvafiq komitələrində təmsil olunur, Qrupun dünyanın müxtəlif ölkələrində təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edirlər. Partiya ilə BTQ arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb. Memorandum gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması istiqamətində mühüm addım olmaqla yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün yol xəritəsidir.

Qeyd edək ki, "Tavini Huiraatira" partiyasının rəhbər heyəti və nümayəndələrinin mayın 29-dan iyunun 2-dək Bakıya səfərləri çərçivəsində yeni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Nümayəndə heyəti Milli Məclisdə Fransız Polineziyasına dair elmi konfransa da qatılacaq.

Polineziya XIX əsrin sonlarında Fransanın müstəmləkəsinə çevrilib. Belə ki, 1840-cı illərdə Fransa-Taiti müharibəsi başa çatandan sonra əvvəl Markiz adalarında, sonradan isə Taitidə Fransanın müstəmləkə quruluşunun tətbiqinə başlandı. Taiti kraliçası IV Pomare 1843-cü ildə qurulmuş Fransız protektoratını qəbul etmək məcburiyyətində qaldı. Bir müddət sonra - 1880-ci ildə kral V Pomare Taiti Krallığını Fransaya verməyə razı oldu və bu razılaşma həmin il dekabrın 30-da imzalanan qanunla təsdiqləndi. Bu qanun krallığın bütün subyektlərinə Fransa vətəndaşlığı verirdi. Məhz Polineziyanın (Taiti Krallığı 1881-ci ildən Okeaniyanın fransız əraziləri (EFO), 1957-ci ildən isə Fransız Polineziyası adlanıb) Fransa tərəfindən işğalı həmin illərə təsadüf edir.

Fransız Polineziyasının müstəqillik uğrunda mübarizə aparan qüvvələrinin fəaliyyəti nəticəsində 2013-cü il mayın 17-də Polineziya yenidən BMT-nin "Dekolonizasiya edilməli olan ərazilər" siyahısına salınıb. Lakin Fransa bu qərara hələ də diqqət yetirmir, bununla yanaşı, BMT-nin Dördüncü Komitəsinin (Xüsusi siyasi və dekolonizasiya məsələləri) və Dekolonizasiya üzrə xüsusi komitənin - C24-ün iclaslarını sistemli şəkildə boykot edir. Belə ki, bu il mayın 13-15-də Venesuelanın Karakas şəhərində keçirilən C24-ün iclasında Azərbaycanın iştirak edəcəyini öyrənən Fransa bu dəfə tədbirdə səfir səviyyəsində təmsil olunub.

BMT Baş Assambleyası 2013-cü ildən etibarən hər il Fransız Polineziyası ilə bağlı qətnamələr qəbul edir. 2014-cü ildən bəri isə Fransız Polineziyası barəsində BMT-nin Baş Assambleyası, Dördüncü Komitə, C24, həmçinin İqtisadi və Sosial Şuranın (ECOSOC) hesabatları əsasında illik məruzə sənədi nəşr olunur.

Fransız Polineziyasının müstəmləkəçilikdən azad olunması məsələsi ilə əlaqədar BMT Baş Assambleyasının "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında" Bəyannaməsinin həyata keçirilməsinə dair son on ildə 11 qətnamə qəbul olunub.

BMT Baş Assambleyası təşkilatın Nizamnaməsinin XI fəslinə uyğun olaraq, 1960-cı il 14 dekabr və 2013-cü il 17 may tarixli "Fransız Polineziyasının öz müqəddəratını təyinetmə" adlı qətnamələrində Fransız Polineziyası xalqının öz müqəddəratını təyin etməsini və müstəqillik qazanmasını onun əsas hüququ kimi təsdiqləyib. Sözügedən qətnamələr rəhbər tutularaq, Fransız Polineziyasının "Dekolonizasiya edilməli olan ərazilər" siyahısına uyğunluğu qəbul edilib. Lakin Nizamnamənin 73-cü maddəsinə və "Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında" Bəyannamənin qəbulundan 63 il keçməsinə baxmayaraq, ərazinin hələ də Fransa hökuməti tərəfindən idarə olunmasına dair narazılıq hökm sürür. Beləliklə, BMT-nin Nizamnaməsinə və Baş Assambleyanın "Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında" Bəyannaməni əks etdirən 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq Fransız Polineziyası xalqının öz müqəddəratını təyin etmək hüququ var. Bu sənədlər Fransız Polineziyasının azadlıq mübarizəsinin beynəlxalq hüquqi əsaslarını təşkil edir.

Bütün bu sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan da istifadə edərək adalardakı öz hökmranlığını davam etdirir. Fransa Polineziyanı əlində saxlamaq üçün ciddi cəhdlər göstərir, müxtəlif xalqların hüquqlarına soyuq münasibət bəsləyir. Lakin buna baxmayaraq, yerli əhaliyə getdikcə dəstək artır, bu da onları qətiyyətli edir və Fransız Polineziyasının müstəqillik mübarizəsində uğur qazanacağına böyük ümid bəsləyirlər.

Bayram SALMANOV.