Fransanın uğursuzluq zənciri...
Siyasət

Fransanın uğursuzluq zənciri...

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı yerli mətbuatın sualını cavablayıb. Qeyd edib ki, Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur: "Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir. Fransa Respublikasının vətəndaşı Martin Rayan 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub". O bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxslə Fransa səfirliyinin iki əməkdaşının işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvanlamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.

Azərbaycanda casusluqda ittiham olunaraq həbs edilən Fransa vətəndaşı Martin Rayanın atası Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında bildirib ki, oğlu ölkəsi tərəfindən istifadə edilib: "Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - R.Rayan deyib.

Bir müddət öncə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Onlar Fransa səfirliyinin daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın "tərəfdaşı" kimi bilinən ölkələrin nümayəndələrinə qarşı kəşfiyyat əməllərinə görə diqqət çəkiblər. Hadisələrdən sonra Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifədən azad edib.

İkinci Qarabağ müharibəsindən sonra Fransanın artan anti-Azərbaycan siyasəti son aylarda özünü daha aydın büruzə verməyə başlayıb. Regionda qərəzli siyasətini yürütmək istəyən Paris Azərbaycanofob mövqedə qətiyyətlə dayanmağa davam edir. Regionda Ermənistanın vasitəsilə təsirini artırmağa çalışan Fransa hətta bu məkrli məqsədin reallaşması üçün İrəvandan hərbi-siyasi dəstəyini də əksik etməyib. Fransa Ermənistanla hərbi əməkdaşlıq imzalayıb, onlara silah verib. Bütün bunların müdafiə xarakterli olduğunu bildirirərək öz destruktiv fəaliyyətini davam etdirən Fransanın Cənubi Qafqaz regionunda maraqlı olması hər kəs üçün aydın idi. Bu səbəbdən də həmin faktların ortaya çıxması təəccüb doğurmur. Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi, üst-üstə uğurları Qərbin narahatlığını artırıb. Lakin Fransanın bütün cəhdləri faydasız olub.

Ümumiyyətlə, Fransa son illərdə diplomatiyada uğursuz fəaliyyəti ilə seçilir. Afrikada təsirini itirməyə başlayan Paris növbəti hədəflər axtarır. Afrikada davam edən hərbi çevrilişlər və siyasi proseslərin fonunda nə edəcəyini bilməyən Fransa Cənubi Qafqazda güclənmək istəyib. Afrikada bir neçə ölkədə liderlərin devrilməsindən, səfirliklərin bağlanmasından sonra artan etirazlar fonunda əlacsız qalan Makron hakimiyyəti uğursuzluqları davam edir.

Fransanın Baş naziri Elizabet Bornun hökumətin istefası ilə bağlı müraciəti prezident E.Makron tərəfindən qəbul edilib. Bu proses immiqrasiya qanunu qəbul ediləndən başlayıb. Görünür, 7 ildə 4 baş naziri köhnələn Fransada nə hakimiyyət daxilində, nə də ölkədə siyasi sabitlik yoxdur. Ölkədə baş verən etirazlar, müxtəlif aksiyalar da bunu sübut edir. Ölkə əhalisi tez-tez qiymətlərə, irqçiliyə, islamafobiyaya qarşı etiraz aksiyaları keçirir. Bütün bunlar Makron hakimiyyətinin uğursuz siyasətinin, yeni siyasi böhranla qarşı-qarşıya olmasının göstəricisidir.

Həmçinin Fransada baş nazir postuna təyin edilmiş Qabriel Attal Fransa tarixində açıq şəkildə cinsi azlıq nümayəndəsi olan ilk baş nazirdir. Qeyd edək ki, Q.Attal öz həmcinsi, makronçu Dirçəliş partiyasından Avropa Parlamentində deputat olan Stefan Sejurne ilə vətəndaş nikahındadır. Q.Attal Makronun yaxın dostu kimi tanınır və 2017-ci ildə onun seçki kampaniyasında aktiv şəkildə iştirak edib. Makron prezident seçildikdən sonra o parlamentə üzv seçilib, elə həmin ildə hökumətin sözçüsü vəzifəsinə təyin olunub. 2 il sonra isə göstərdiyi xidmətlərə görə təhsil naziri təyin edilib. Və bu gün nəhayət, Makronun yaxın dostu Q.Attal baş nazirdir. Ermənipərəst Attal erməni lobbisi ilə əməkdaşlıq edir, islamofob çıxışları ilə gündəmə gəlir. Buradan da görünür ki, Makron özünün və ölkəsinin məkrli siyasətinə uyğun qərarlar alıb. Öz həmcinsi ilə evlənmiş Qabriel Attalın Makronla yaxın əlaqələri, sürətlə vəzifəsinin yüksəlməsi Fransa prezidentinin gerçək düşüncəsinin nə olduğunu ortaya qoyur. Son zamanlarda sayları süni yolla, müxtəlif təbliğatlarla artırılmaqda olan LGBT təmsilçiləri artıq vəzifəyə gətirilir. Hansısa məkrli məqsədlər üçün istifadə edilir.

Ölkəmiz 23 saatlıq antiterror tədbirləri ilə suverenliyini bərpa edib. Bununla da Azərbaycanın bir daha öz mövqeyini, nüfuzunu gücləndirib, nəyə qadir olduğunu sübut edib. Fransa öz maraqları üçün qeyri-konstruktiv mövqeyini davam etdirərək, gərginlik yaratmağa çalışsa da artıq bu məkrli planlar uğursuzluğa məhkumdur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".