Fransanın ölkəmizə qarşı növbəti qərəzli mövqeyi
Digər xəbərlər

Fransanın ölkəmizə qarşı növbəti qərəzli mövqeyi

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir. Bu dəfə "France 24" nəşri "Aclıqdan soyqırımı silahı kimi istifadə olunur: Azərbaycanın Qarabağı blokadaya alması böhranı daha da pisləşdirir" sərlövhəli məqalə dərc edib. Yazıda qeyd olunan məqamların həqiqətdən tamamilə uzaq olduğu, böhtan xarakteri daşıdığı məlumdur. Çünki Azərbaycan hətta müharibə dövründə belə sadə xalqı hədəf almayıb, humanitar məqsədlərlə təşkil olunan tədbirlərin aparıcı siması kimi çıxış edib. Odur ki, bu məqalə sadəcə hayların "sadiq" dostunun növbəti təxribatı kimi qiymətləndirilməlidir. Amma bu yazı ilə bağlı başqa bir məqam da var. Belə ki, "France 24" agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil xüsusi diqqət çəkir. Çünki foto əslində Agence France-Presse (AFP) 2020-ci ildə çəkilib və tamamilə Azərbaycan xalqının ağrı-acısını əks etdirir.

Bu məsələyə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də sosial şəbəkə hesabında münasibət bildirib. H.Hacıyev qeyd edib ki, sözügedən məqalədə bizə məxsus olan şəkil "erməniləşdirilib". Prezidentin köməkçisi vurğulayıb ki, bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır.

Əslində, biz həm müharibə, həm də postmüharibə dövründə də "France 24"ün qərəzli mövqeyinin şahidi olmuşuq. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il sentyabrın 28-də Fransanın "France 24" telekanalına verdiyi müsahibə bu qərəzə ilk sərt cavab idi. Dövlət başçımız həmin müsahibədə vurğulamışdı ki, müharibə zamanı Fransa özünü vasitəçi kimi aparmayıb. Paris Ermənistanın tərəfini seçib, özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham edib və qərəzli yanaşma nümayiş etdirib. İlham Əliyevin sözlərindəki həqiqət öz təsdiqini tapdı. Ötən il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüşdən sonra  Makron öncə "France 24" televiziya kanalında ölkəmizi ittiham etdi, daha sonra Fransa Senatında "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" ilə bağlı qətnaməni qəbul etdirdi. "France-24" telekanalı hətta Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin "rəhbəri" Araik Arutyunyandan müsahibə götürdü. Sözsüz ki, dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin "France 24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verməyə xidmət edirdi. Bu, eyni zamanda Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vururdu. Arutyunyanın Fransanın "France 24" televiziya kanalına müsahibə verməsi və özünü "Dağlıq Qarabağ"ın "prezidenti" olaraq təqdim etməsi heç nəyi dəyişmədi, hətta öz sonunun gəlməsini sürətləndirdi. Amma bu, Yelisey sarayına dərs olmadı və indi də qondarma blokada ssenarisinə dəstək verərək özünü ermənilərin hamisi kimi aparır. Çünki bu gün Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibəti var. Onlar elə düşünürlər ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi geosiyasi arealda Fransanın itkisinə səbəb olacaq. Məhz buna görə Fransa Ermənistanı öz vizyonunda siyasi alət kimi istifadə edir. Amma Makron Administrasiyası unudur ki, Fransa Cənubi Qafqazdan çox uzaqdadır və bu kimi cəhdlər sadəcə cəhd olaraq qalır. Regionda dəyişən reallıqları qəbul etməyən Paris bu cür ucuz gedişlər etməklə heç nəyə nail olmayacaq. Ümumiyyətlə, Cənubi Qafqazla bağlı proseslərə müdaxilə etməyə çalışan bütün qüvvələr anlamalıdırlar ki, 30 illik işğal dövrü geridə qalıb. 44 günlük müharibədə əldə etdiyimiz zəfər ilə regionda yeni geosiyasi reallıqlar yaranıb. Bu gün Azərbaycan hüquqi olaraq qalib və diktə edən tərəfdir.

Jalə QASIMZADƏ,

"Respublika".