Fransa və İranın erməni sevdası
Digər xəbərlər

Fransa və İranın erməni sevdası

Fransa və İranın Ermənistanla bağlı mövqeyini onların fərqli zamanlarda atdıqları addımlar sübut etmişdir. Ermənistanla tərəfkeşliyini açıq şəkildə bəyan edən Fransa və saxta “bitərəf qonşumuz” İran ermənilərin işğalçılıq siyasətini alqışlamışdılar. Bu hadisə İkinci Qarabağ müharibəsindən sonra sözügedən ölkələrin Azərbaycana qarşı münasibətdə oxşar cinahda yer almalarında bir daha öz əksini tapdı. Fransa və İranın Ermənistanın yanında, Azərbaycanın isə qarşısında dayanması onların xain xislətinin göstəricisidir. Hər iki ölkənin Azərbaycana qarşı yürütdükləri siyasət mahiyyətcə eyni olsa da, formaca bir-birindən fərqlənir. Ermənistan ilə dost olduqlarını iddia edən Fransa və İran Azərbaycanın milli maraqlarına zidd olan münasibətlərini müxtəlif tərzdə ifadə edirlər. Fransanın Azərbaycana qarşı yürütdüyü qara piar siyasətində Avropa praqmatizmi açıq-aydın sezilir. Belə ki, Fransa prezidenti Emmanuel Makron başda olmaqla hökumət təmsilçiləri də ölkəmizi Ermənistanın düşməni kimi qələmə verirlər. Bir müddət bundan əvvəl ölkənin Senatında və Milli Assambleyasında qəbul etdikləri qərəzli qətnamələr isə Fransanın özünün Azərbaycana qarşı düşmənçilik siyasətinin təzahürüdür. Fransanın ölkəmizə sanksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələrin BMT-nin gündəliyinə çıxarmağa böyük səy göstərməsi onun mənfur düşmənimizdən fərqlənmədiyini bir daha sübut etmişdir.

“Din qardaşımız”ın Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti Fransadan xeyli fərqlənir. İranın Ermənistanın tərəfində durmasının əsas səbəblərindən biri onun iqtisadi marağıdır. Çünki iki ölkə qaçaqmal ticarəti və narkotrafik üzrə əməkdaşlıq edir. İranın Ermənistanı dəstəkləməkdə digər məqsədi isə Azərbaycanın suverenliyinə mane olmaq idi. Mollaların ölkəmizə qarşı yürütdüyü düşmənçilik siyasətini İranın Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi təlimlər də ifşa etmişdir. İranın dövlətimizə qarşı mövqeyi və münasibəti 44 günlük müharibədə erməni işğalı altında olan ərazilərimizin azad olunması ilə daha da kəskinləşmişdir. İranla Ermənistanı birləşdirən daha bir məsələ Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmalarıdır. İranın Ermənistandakı səfiri Abbas Bədəxşan da açıq şəkildə belə bir dəhlizin yaranmasına imkan verməyəcəklərini bəyan etmişdir. Tehran rejimini erməni xalqının dostu kimi göstərməyə çalışan Bədəxşan əslində öz çirkin niyyətini Ermənistanın arxasında gizlətməklə həyata keçirməyə cəhd göstərir. Əfsuslar olsun ki, İran türklərə görə ayaqda durduğunu unudur. 

Fransa və İranın bir-birini sevməyən ölkələr olmasına baxmayaraq, ortaq erməni sevdası onların çirkin planlarını nümayiş etdirməyə imkan verir. Təsadüfi deyil ki, hazırda onları birləşdirən tək səbəb Azərbaycana qarşı olan düşmənçilik siyasətləridir. Necə deyərlər, “su axar, çuxurunu tapar”. Onların mənfur əməllərinin nə zaman bitəcəyi bəlli olmasa da, ölkəmizin haqq yolundan dönməyəcəyi bəllidir.

Nəzrin ELDARQIZI,

“Respublika”.