Fransa Milli Assambleyasının qəbul etdiyi anti-Azərbaycan qətnaməsi erməni cinayətlərinə və separatizminə dəstəkdir
Siyasət

Fransa Milli Assambleyasının qəbul etdiyi anti-Azərbaycan qətnaməsi erməni cinayətlərinə və separatizminə dəstəkdir

İsrail Təhlükəsizlik Akademiyasının Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini pisləyən bəyanatı

Fransa Senatının ardından Fransa Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə Fransanın erməni təəssübkeşliyindən qaynaqlanır. Fransa Senatı və Milli Assambleyası Azərbaycanın öz qanuni və beynəlxalq hüquqla tanınan torpaqlarını məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra edərək işğaldan azad etməsi halı ilə qətiyyən barışmır. Fransa Senatı və Milli Assambleyası bu irqçi və ikili standartları sərgiləyən ermənipərəst xarakterli qətnamələri ilə işğalçılığa‚ erməni separatizminə və erməni cinayətlərinə birbaşa dəstək verməkdədir. 1992-93-cü illərdə Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma el-obasından məcburi köçkün və qaçqın düşmüş, böyük müsibətlərə və məşəqqətlərə məruz qalmışdır. Təkcə 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri Livan və Fələstindən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq bütün şəhəri darmadağın etmiş‚ əliyalın günahsız insanları qətlə yetirmiş qoca və uşaq demədən, qundaqdakı körpələrə qədər süngülərə keçirmiş‚ insanları tankların altında əzmişlər. Beləcə, Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qətliamlarından və kütləvi insan qırğınlarından  olan Xocalı soyqırımını törətmişlər.

Ermənistan silahlıları Azərbaycanın beynəlxalq ictimaiyyət və BMT tərəfindən qəbul edilən və beynəlxalq hüquqla qorunan suveren sərhədlərinə daxil olaraq Azərbaycanın 20 faizdən artıq ərazisini zəbt etmiş, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında  saxlamışdır.

Yaxın 30 il ərzində bütün Qarabağ başdan-başa erməni vandalizminə bürünüb. Qarabağın hər qarışında erməni vandalizmi və erməni cinayətləri mövcuddur. Fransa hökuməti‚ Senatı və Milli Assambleyası ilk öncə Qarabağdakı erməni vəhşiliklərinə və erməni vandalizminə hüquqi qiymət verməlidir. Qarabağda azərbaycanlılara məxsus məzarlıqlar, dini və tarixi abidələr tamamilə dağıdılmış və yerlə-yeksan edilmişdir. Ermənilər işğal etdikləri hər yeri dağıdıb viranəyə çeviriblər. 30 illik işğal müddətində törədilən vandalizm aktlarının mahiyyəti tükürpədicidir. Bu işğal və vandalizm aktları nəticəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir. Beynəlxalq qanunlara əsasən Ermənistan hökuməti Azərbaycan dövlətinə vurduğu maddi ziyanın qarşılığını və ödəməlidir. Bu gün Fransa doğma yurd-yuvalarından didərgin və köçkün düşən bir milyon azərbaycanlının hüququnu kobud və qəddarcasına pozan erməni cinayətkarlarına haqq qazandırır. Erməni vəhşiliyi bütün dünya ictimaiyyətinə məlumdur. Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı dövlət kimi tanınıb və işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini tələb edən 4 BMT qətnaməsini kobud şəkildə pozub. BMT TŞ-nin qətnamələrini yerinə yetirmək məcburidir. Bu qurumun 5 daimi üzvündən biri olan Fransa özü də BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etməyə borcludur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir. Amma Fransa hökuməti‚ Senatı və Milli Assambleyası Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qərəzli və qətnamələrlə Ermənistanın hərbi cinayətlərinə və işğalçılıq siyasətinə dəstək verməklə açıq-aşkar bu cinayətlərə şərik olur. Açıq-aydın görünür ki‚ erməni təəssübkeşliyindən və ermənipərəstlikdən qaynaqlanan bütün anti-Azərbaycan xarakterli addımları ilə Fransa Ermənistana siyasi dəstək verərək bölgədə sülhü və sabitliyi pozmağa çalışır.  Fransa senatı və Milli Assambleyasının Qarabağla bağlı anti-Azərbaycan xarakterli qətnamələri beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir. Fransa bu addımları ilə beynəlxalq qanunları və BMT Nizamnaməsini pozur. Ümumiyyətlə, Fransanın qəbul etdiyi qətnamələr sadəcə kağız parçasıdır və  bunların dünyada heç bir rəsmi və hüquqi əsası yoxdur. Çünki Fransa senatının və Assambleyasının mövqeyindən öncə 4 BMT qətnaməsi mövcuddur. Azərbaycan 1992-ci ildə müstəqil dövlət olaraq BMT-yə daxil olarkən məhz bu ərazilərlə birlikdə tanınıb‚ təqdim etdiyi əsaslı sübutlarla və hüquqi sənədlərlə məhz bu ərazilərlə  birgə BMT-yə daxil olub. Azərbaycanın ərazi bütövlüyü 1992-ci ildə Qarabağ da daxil olmaqla tanınıb. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bunun fonunda Fransanın ermənipərəst qətnamə qəbul etməsi son dərəcə absurddur və gülünc doğurur.  Çünki hər bir ölkənin suveren sərhədləri beynəlxalq qanunlarla qorunur. Birləşmiş Millətlər Təşkilatı üzvlüyündə olan bütün dövlət və ölkələrin sərhədlərinin qorunmasına və istilasının qarşısının alınmasına hüquqi qaydada borcludur.

Lakin aydın görünür ki‚ Fransa hökuməti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanmasına can atır.  Fransanın məqsədi regionda xüsusən də işğaldan azad edilmiş Azərbaycan ərazilərində növbəti təxribatlar törətmək, Qarabağı işğal etmiş separatçıların legitimliyini tanımaq‚ separatizmi və terrorçuluğu dəstəkləməkdir. Fransa Qarabağda vaxtilə varlığını elan etmiş qondarma separatçı rejimin legitimliyini tanımaqla və separatçılara  siyasi dəstək ifadə etməklə işğaldan azad edilmiş Azərbaycan torpaqlarına qarşı ermənilərin təxribatlar və hərbi cinayətlər törətməsinə zəmin hazırlayır. Bilavasitə Fransa özü qəsbkarlıq və işğalçılıq siyasəti yeridir. Əlbəttə ki‚ bu qərarların qəbul edilməsi erməni lobbi və diasporunun sifarişi və istəyidir. Aşkar görünür ki‚ Fransa açıq şəkildə  erməni maraqlarını qoruyur və bu səbəbdən Azərbaycana qarşı yalan və böhtan kampaniyalarına başlayıb.

Bu qətnamələr Azərbaycana qarşı təsir və təzyiq məqsədi daşıyır. Görünür ki‚ Fransada hüquq və qanunlar yox‚ sifarişlər və xüsusən erməni istəkləri icra olnur. Qondarma və uydurma erməni soyqırımı layihəsinin də təşəbbüskarı‚ ideya və ssenari müəllifi məhz Fransadır. Fransa bu qətnamələrlə Cənubi Qafqazda qarışıqlıq yaratmaq və yeni təxribatlara şərait yaratmaq    niyyətindədir.

Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ikili standartlardan və ermənipərəstlikdən qaynaqlanır.  Bu, ermənilərin hərbi cinayətlər və terrorlar törətməsinə etnik separatizmə, ekstremizmə və  terrorizmə dəstək verməkdir.

Biz‚ bir daha Fransa Senatı və Milli Assambleyasının anti-Azərbaycan xarakterli qətnamələrini qətiyyətlə pisləyir‚ bu qətnamələrin beynəlxalq hüququn və BMT Nizamnaməsi və qətnamələrinin əksinə olduğunu və bununla da beynəlxalq hüququn ağır şəkildə pozulduğunu ifadə edirik. Bildiririk ki‚ Azərbaycan beynəlxalq qanunlarla tam haqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Fransa senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamə yalan, böhtan xarakterlidir və anti-Azərbaycan kampaniyasının və siyasətinin elementidir. Fransa Milli Assambleyasının qətnaməsinin heç bir hüquqi əsası yoxdur və sadəcə erməni terroruna və erməni cinayətlərinə dəstək xarakterlidir.

Görünən odur ki‚ Fransa özünün ermənipərəst‚ irqçi və imperialist qəsbkar siyasətini yeritməyə çalışaraq bölgədə Azərbaycana qarşı son dərəcə qərəzli‚ yalan və böhtan dolu kampaniyalara başlayıb. Fransanın Azərbaycanın əleyhinə həyata keçirtmək istədiyi bütün kampaniyalara qarşı Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə öz dəstəyimizi ifadə edirik. Qarabağ Azərbaycanın qanuni və hüquqi ərazisidir və tarixi Azərbaycan torpağıdır. Qarabağda heç bir zaman erməni varlığı olmayıb.
Biz‚ Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi.