Fransa-Ermənistan: eyni
Siyasət

Fransa-Ermənistan: eyni "yol"un yolçuları

Yaponlarda belə bir məsəl var: "Dayaz çaylar səsli-küylü axar". Bu məsəli insanlara, hətta bir az da geniş mənada götürsək, Fransa kimi dövlətlərə də şamil etmək olar. Belə ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra Fransanın "səsi-küyü" bütün dünyanı bürüyüb. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionu, Latın Amerikasının onlarla ölkəsini öz müstəmləkəsinə çevirən, yerli əhalisini əsarəti altına salan, var-dövlətini talan edən bu müstəmləkəçi ölkə bəşəriyyətin kolonializm tarixinin ən qanlı cinayətlərinin müəllifidir. Qırğınlar, insanlıq adına sığmayan hərbi cinayətlərlə zəbt etdiyi ölkələrin yüz minlərlə dinc sakinini etnik və dini mənsubiyyətinə görə soyqırımına məruz qoyan, milyonlarla afrikalını qul siyasətinin qurbanı edən Fransa sülhün, əmin-amanlığın tərəfində olan, heç bir ölkənin ərazisinə göz dikməyən, bütün xalqların nümayəndələri ilə birgəyaşayışa, dostluğa böyük önəm verən Azərbaycanın humanist siyasətinə kölgə salmağa çalışır.

Fransanın dövlət başçısından daha çox Ermənistanın millət vəkili qismində çıxış edən Emmanuel Makron 3 ildən artıqdır ki, işğalçı ölkənin "başına gələn müsibətlərdən" danışır, Fransa Senatı, Fransa Milli Assambleyası bir-birinin ardınca ölkəmizin əleyhinə qərəzli qətnamələr qəbul edir. Bu qətnamələrdə Azərbaycan və digər regional aktorların "Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılması", "Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunması", "Ermənistana humanitar yardımın artırılması" kimi tələblər irəli sürülür. Hətta Ermənistanı silahlandırmaqla, yenidən müharibəyə sövq edən Fransa onun yanında olduğunu, tək buraxmayacağını, sözün əsl mənasında, bağıraraq nifaq toxumu səpir. Bütün bunlar yuxarıda qeyd etdiyimiz kimi, dayaz çayın "səs-küy"ünü xatırladır. Çünki bu günə qədər Fransanın səsini eşidən olsa da, nəyə nail olduğunu görən olmayıb.

Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra bəyanatlar səsləndirən Emmanuel Makron müttəfiqi Ermənistanın işğalçı siyasətini dəstəklədi. Onları müttəfiq edən bir çox səbəblər var ki, bunlardan ən başlıcası hər ikisinin işğalçı ölkə olmasıdır. Əsrlər boyu müstəmləkəçilik siyasəti aparan, dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək əhalisinə qarşı soyqırımı həyata keçirən, dilini, dinini unutdurmağa çalışan Fransa və tarixi Azərbaycan torpaqlarında qurulan, zaman-zaman bu yerlərin əsl sahiblərinə qarşı etnik təmizləmə apararaq monodövlətə çevrilən Ermənistan. Eyni siyasət yürüdən bu müttəfiqləri birləşdirən daha bariz nümunə isə vandallıqdır ki, bu, hər iki ölkənin tarixində qara səhifələrdir. Fransanın işğal etdiyi ölkələrin var-dövlətini talaması, özününküləşdirməsi danılmaz faktlardır. 30 il torpaqlarımızı işğal altında saxlamış, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, təhqir etmiş, mədəni irsini yer üzündən silməyə çalışmış, tarixi abidələrimizi yerlə-yeksan etmiş Ermənistanın vandallığı dünyanın gözü qarşısında baş verib.

Tarixi abidələrdən söz düşmüşkən, bu müttəfiqlərin öz hirsini-hikkəsini daş abidələrdən çıxmaq kimi ortaq şakəri də var. Belə ki, ermənilər Şuşanı işğal etdikdən sonra bütün tarixi, mədəni, dini abidələrimizi, o cümlədən Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbülün büstlərini gülləbaran etməklə nə qədər qəddar olduqlarını daş heykəllərdə nümayiş etdirdilər. Ulu öndər Heydər Əliyev tərəfindən mənfur düşmənlərin əlindən alınan, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Şuşa qalibiyyətindən sonra isə qələbəmizin rəmzi olan bu "güllələnmiş heykəllər" öz əbədi yerlərinə qaytarıldı.

Qarabağın işğaldan azad olunduğunu, separatçılardan təmizləndiyini hələ də qəbul edə bilmədiyindən ölkəmizin əleyhinə ağına-bozuna baxmadan yalanlar, iftiralar, şər-böhtanlar yağdıran, bütün bunlar bir nəticə vermədikdə isə müttəfiqi kimi hirsini-hikkəsini cansız abidələrdən çıxan Fransa "demokratiyanın beşiyi, mədəniyyət mərkəzi" olduğunu isbat edir. Belə ki, bir müddət əvvəl Yelisey sarayının sifarişi ilə Fransanın Evian-lö Bən şəhərində Xurşidbanu Natəvanın heykəlinin təhqir edilməsi, daha dəqiq desək, heykəlin gözlərinə, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya atılması ölkənin siyasi gücsüzlüyünün, isterikasının, anti-Azərbaycan mövqeyinin göstəricisidir. Qeyd edək ki, Xurşidbanu Natəvanın Fransanın Evian-lö Bən şəhərindəki heykəli martın 6-da Parisdə Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə aparılıb. Heykəllərlə vuruşan, ondan qisas alan Makron iqtidarı nə qədər qisasçı olduğunu həyasızlıqla büruzə verir.

Müstəqil siyasət yürüdən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Qarabağda separatizmin kökünü kəsdi, eyni zamanda tarixi cinayətlərlə dolu olan fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşilikləri bütün dünyaya çatdırır. Bütün bunların acısını yaşayan iki müttəfiq, eyni "yol"un yolçuları olan Fransa-Ermənistan isə kin-küdurətini qərəzli qətnamələr verməklə, şər-böhtan atmaqla bildirirlər. Amma bu, heç bir mahiyyət kəsb etmir.

Mehparə ƏLİYEVA,

"Respublika".