Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsi qəbul edilib
Siyasət

Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsi qəbul edilib

Dekabrın 9-da Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumətin üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 29 məsələnin daxil edildiyini diqqətə çatdıran Sahibə Qafarova onlardan 16-sının 2023-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil edilən qanun layihələri olduğunu bildirib. O qeyd edib ki, bu qanun layihələri üçüncü oxunuşda olan məsələlərdir.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, büdcə zərfinə daxil olan bütün qanun layihələri üçüncü oxunuşda qəbul edilib. O, çıxış üçün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova söz verib.

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisdə fəal müzakirəsinə, qaldırılan vacib məsələlərə, suallara, dəyərli təklif və tövsiyələrə görə deputatlara təşəkkürünü bildirib.

Baş nazir plenar və komitə iclaslarında deputatların verdiyi sualların Hökumətin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri tərəfindən cavablandırıldığını deyərək, qaldırılan bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb.

Əli Əsədov bildirib ki, iki il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımız rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. 44 günlük Vətən müharibəsində qazanılan şanlı tarixi Qələbədən sonra Prezident İlham Əliyev qlobal iqtisadi prosesləri, o cümlədən postpandemiya və postmünaqişə dövrünün çağırışlarını nəzərə alaraq, 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i təsdiq edib. Baş nazir deyib ki, əsas istiqamətləri əhatə edən Milli Prioritetlər qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı və yüksək artımını təmin edir. Milli Prioritetlərin icrası iki dövrə bölünüb. Birinci dövr 2022-2026-cı illəri əhatə edir və bununla bağlı "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" cənab Prezidentin Sərəncamı ilə təsdiq edilib.

Müəyyən edilmiş 5 Milli Prioritetin hər birinin vacibliyini vurğulayan Baş nazir Milli Prioritet kimi müəyyən edilən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın mənəvi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O qeyd edib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı" Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunub.

Sonra o, bununla əlaqədar bir neçə göstəricini diqqətə çatdırıb. Bildirilib ki, ilkin hesablamalara görə, İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur, bunun 19,2 milyard manatı (58,7%) işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək. 2023-cü ilin dövlət büdcəsinə gəldikdə, İnkişaf Strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub ki, onun da 3 milyard manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərdir. Son iki ildə isə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 milyard manatdan çox vəsait yönəldilib.

Baş nazir çıxışında deyib ki, 2023-cü il dövlət büdcəsinin fəlsəfəsi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı əhatə edir. Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin parametrləri ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq tərtib edilib. Strategiyaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddi 2023-cü ilin sonuna 25 faiz nəzərdə tutulub. Ortamüddətli dövrün sonuna isə hədəf 17,5 faizdir. Ümumi dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi ortamüddətli dövr üzrə 20% müəyyən edilib. Hazırda birbaşa xarici dövlət borcunun ÜDM-ə nisbəti 10% təşkil edir.

O, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm işlərin görüldüyünü, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın inkişafına böyük təkan verəcəyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, habelə işğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketinin həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığın təmin olunmasına xidmət edəcəyini söyləyib.

Əli Əsədov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinin, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasının hər zaman əsas xərc istiqamətlərindən biri olduğunu bildirib. O, bu istiqamətdə gələn ilin büdcə xərclərinin 16 faizi həcmində vəsaitin nəzərdə tutulduğunu deyib.

Baş nazir deputatların təmsil etdikləri regionlarda məşğulluq, infrastruktur, kommunal, enerji, su, qazlaşma və digər sosial xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yolların təmiri və bu qəbildən olan digər məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış etdiklərini deyərək, bu məsələlərin əksəriyyətinin Strategiya, habelə investisiya proqramları çərçivəsində vaxtında həll edilməsi üçün Hökumət tərəfindən ardıcıl işlər görüldüyünü söyləyib.

Əli Əsədov xarici şokların təsirinin minimuma endirilməsı və ölkənin inkişafının ahəngdarlığının təmin edilməsi məqsədi ilə büdcə qaydasına uyğun olaraq, yeni makro-fiskal çərçivə formalaşdırıldığını və dövlət büdcəsinin əsas göstəricilərinin müəyyən olunması zamanı nəzərə alındığını qeyd edib.

Bildirilib ki, növbəti ilin dövlət büdcəsində əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi üzrə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. 2023-cü ilin dövlət büdcəsinin cari xərclərinin 67 faizi məhz sosialyönümlü xərclərdir.

Qeyd edilib ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Azərbaycanın dərman vasitələri üzrə daxili tələbatının 95 faizdən çoxunu idxal etdiyini deyən Baş nazir qeyd olunan səbəblərin dərman qiymətlərinə və təminatına da mənfi təsir etdiyini söyləyib. O, dərman vasitələrinin qiymətlərinin Tarif Şurası tərəfindən müvafiq qaydalara uyğun tənzimləndiyini deyib. Son zamanlar Azərbaycanda bir neçə adda dərman vasitəsinin çatışmazlığı və təchizatı problemi ilə əlaqədar məsələ qaldırıldığını, bununla bağlı vəziyyətin hökumət tərəfindən nəzarətə götürüldüyünü, hazırda həyati vacib dərmanların təminatında hər hansı bir ciddi çətinliyin müşahidə olunmadığını bildirib.

Əli Əsədov dünya ərzaq bazarlarındakı vəziyyətlə bağlı, əksər ölkələrdə olduğu kimi, Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərinin daha da aktuallaşdığını deyib. O, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 2022-ci il 21 fevral tarixli Sərəncamının icrası istiqamətində bir çox vacib tədbirlərin görüldüyünü qeyd edib. Bildirib ki, növbəti ildə ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur. Ümumiyyətlə, dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq, ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem yoxdur. O qeyd edib ki, qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür.

Diqqətə çatdırılıb ki, hökumət tərəfindən Strategiya çərçivəsində fiskal sahədə islahatların davam etdirilməsi, fiskal dayanıqlıq və tənzimləmənin, maliyyə intizamının təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Səmərəsiz vergi və gömrük güzəşt və azadolmadan itirilən gəlirlərin bərpası üçün qiymətləndirmələr aparılaraq, bu məsələlərə yenidən baxılması diqqətdə saxlanılacaq. İri dövlət şirkətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi və büdcədən asılılığın azaldılması sahəsində islahatlar davam etdiriləcək. Strategiya çərçivəsində təhsil sahəsində islahatların aparılması, eləcə də ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsinə və onların təyinatı üzrə istifadə edilməsinə nəzarət gücləndirilib.

Çıxışının sonunda Baş nazir aparılan səmərəli müzakirələrə, verilən təklif və tövsiyələrə görə bir daha Milli Məclisin sədri Sahibə Qafarovaya və deputatlara minnətdarlığını bildirib. Ölkə Prezidenti tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi, ölkəmizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsi naminə göstərdikləri qanunvericilik fəaliyyətində onlara uğurlar arzulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak etdiklərinə görə Baş nazirə və hökumətin üzvlərinə təşəkkürünü bildirib. Onlara Azərbaycanın inkişafı naminə dəyərli fəaliyyətlərində, dövlət büdcəsinin və digər büdcə sənədlərinin icrasında uğurlar arzulayıb.