Fermerlərə sığorta ödənişləri davam etdirilir
Region

Fermerlərə sığorta ödənişləri davam etdirilir

Aqrar Sığorta Fondu təsərrüfatlarını sığorta etmiş fermerlərə müxtəlif hadisələr nəticəsində dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir.  Növbəti sığorta ödənişi Balakən rayonunun Qazma kəndində həyata keçirilib.

Fonddan “Respublika”ya verilən məlumata görə, tədbirdə Aqrar Sığorta Fondu və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və yerli fermerlər iştirak ediblər.

Rayon sakini Azər Rəsulova məxsus sığortalı qarğıdalı sahəsində dolu hadisəsi nəticəsində dəyən zərər üzrə Aqrar Sığorta Fondu tərəfindən 89 min 799 manat sığorta ödənişi həyata keçirilib.

Tədbirdə fermer Azər Rəsulov təsərrüfatında baş verən zərər hadisəsi barədə məlumat verərək bildirib ki, öz təsərrüfatını sığortalamaq üçün ümumilikdə 2,5 min manat ödəniş etdiyi halda, dolu hadisəsi nəticəsində dəyən zərərə görə təqribən 90 min manat sığorta ödənişi alıb. Bu da ödənilən sığorta haqqından qat-qat çoxdur.

Qeyd edək ki, Balakəndəki qarğıdalı sahələri dolu hadisəsindən ciddi zərər görüb və artıq bir sıra fermerlərə aqrar sığorta tərəfindən iri ödənişlər edilib. Qarğıdalı Aqrar Sığorta Fondu tərəfindən ən çox ödəniş həyata keçirilən bitkilərdəndir. İndiyədək bu əkinlər üzrə 220 min manatdan artıq ödəniş edilib və bu rəqəm artmaqdadır.

Tədbirdə bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2022-ci ildə aqrar sığorta üzrə 2,4 milyon manat zərər ödənişi olubsa, 2023-cü ilin sonunda bu rəqəm 80 faiz artaraq 4,4 milyon manata yüksəlib. 2024-cü ilin I rübündə 1,8 milyon manat sığorta ödənişləri həyata keçirilib.