ŞƏMKİRDƏ YARARSIZ VƏZİYYƏTDƏ OLAN TİBB MÜƏSSİSƏSİ
Region

ŞƏMKİRDƏ YARARSIZ VƏZİYYƏTDƏ OLAN TİBB MÜƏSSİSƏSİ

Şəmkir respublikada inkişaf etmiş rayonlardan biridir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına rayonda müasir standartlara cavab verən Mərkəzi Rayon Xəstəxanası təzəcə əhalinin istifadəsinə verilmişdir. Lakin bununla yanaşı, bəzi xəstəxanalara (əgər xəstəxana demək mümkündürsə) daxil olmaq böyük risk tələb edir. Həddindən artıq bərbad vəziyyətdə olan Şəmkir Rayon Vərəm Xəstəxanası da öz istismar müddətini çoxdan başa vurmuşdur.

Bina 1960-cı ilin əvvəllərində yataqxana kimi tikilib istifadəyə verilmişdir. Həmin dövrdən bu günədək xəstəxanada əsaslı və ya cari təmir işləri aparılmamışdır. Dam örtüyü yox dərəcəsindədir. Yağan yağışın suyu ikinci mərtəbəni tam yararsız vəziyyətə salmışdır. Qapılar, pəncərələr qırıq, salxaq vəziyyətdədir. Bəziləri isə yerli-dibli yoxdur. Rentgen aparatı mütəxəssis dərdindən fəaliyyət göstərmir.

Buraya müraciət edən xəstələr analiz və başqa aparatlardan keçmək üçün Gəncə şəhərinə və ya Şəmkir Mərkəzi Rayon Xəstəxanasına üz tuturlar. MRX Vərəm Xəstəxanasından xeyli aralı məsafədə yerləşir. Bu isə həddindən artıq vaxt itkisi, eyni zamanda maddi vəsait israf etməyə səbəb olur. Tibb müəssisəsinə üz tutan xəstələr qeyri-müəyyən səbəbdən baş həkimin qəbuluna düşmək üçün saatlarla soyuq, qaranlıq və dar dəhlizdə gözləməli olurlar. Zavallı insanlar bu xəstəxanadan evlərinə döndükdən sonra bir neçə gün psixi gərginlik keçirdiklərini dedilər. Əldə etdiyimiz məlumata görə, xəstəxanada kadr çatışmazlığı da hökm sürür.

Bu binada yalnız bir otaq normal vəziyyətdədir. Bu da baş həkimin kabinetidir. İçəridə elektrik qızdırıcıları otağı normal isidir. Qapı və pəncərələr yenilənmişdir. Bir sözlə, baş həkimin kabinetində əla şərait yaradılmışdır. Qeyd etmək lazımdır ki, əvvəllər palatalarda xəstələrin stasionar müalicəsi aparılmışdır. İndi zavallı xəstələrə resept yazıb məsləhət verməklə işlərini bitmiş hesab edirlər.

Ümid etmək olar ki, çox yaxın zamanlarda bu həssas insanların normal müayinə və müalicə almaları üçün tədbirlər görüləcək. Mövcud olan biabırçı vəziyyətə son qoyulacaqdır.

Vəli VƏLİYEV,

«Respublika».