Əsrin bəlası - Deportasiya
MÜSAHİBƏLƏR

Əsrin bəlası - Deportasiya

Qərbi Azərbaycana qayıdışın yol xəritəsindən qürur duyuruq

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan bir qrup ziyalı ilə görüşüb. Vurğulamaq lazımdır ki, Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır.

Qərbi Azərbaycan məsələsi növbəti tarix, dövr üçün ən mühüm, ərazilərimizin işğaldan azad edilməsi kimi taleyüklü bir məsələ olaraq ölkəmizin gündəliyinə daxil edilir. Tədbirdə cənab İlham Əliyev göstərdi ki, proqram xarakterli nitqi əslində Qərbi Azərbaycana qayıdışın yol xəritəsidir. İrəvan Qərbi Azərbaycanın nəinki bütün Qafqazda, hətta Şərq ölkələrində belə ən iri ticarət, elm və mədəniyyət mərkəzi, tipik müsəlman şəhəri olmuşdur.

Azərbaycan Prezidenti öz doğum günü xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlər keçirməsi artıq bir ənənə halını almışdır. Onun sözlərinə görə, son iki ilədək belə görüşlər ən ağrılı problemlərimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı təşkil olunurdu. Tarixi Zəfərimizdən sonra həsrətlə gözlədiyimiz Böyük Qayıdış reallığa çevrildi. Faşist xislətli erməni quldurlarına 44 gün ərzində sarsıdıcı zərbələr endirildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti sayəsində torpaqlarımız daşnak quldurlardan azad olundu.

Hazırda isə tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıtması məsələsidir.

Dekabrın 24-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir.

Bu kontekstdə ölkə başçısı həmin torpaqlarımıza qayıtmağımızı hər şeydən əvvəl tarixi yaddaşımızla əlaqələndirdi.

Prezident İlham Əliyev illər boyu fəaliyyətində təkcə Qarabağ uğrunda mübarizə aparmayıb, ən mötəbər tədbirlərdə, ən mürəkkəb vəziyyətlərdə heç kimdən çəkinmədən dünyaya bəyan edib ki, İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. "Necə ola bilər ki, biz 1991-1993-cü illərdə işğal olunmuş torpaqlarımızı erməni işğalından azad edək, ancaq ondan bir neçə il əvvəl tarix boyu Azərbaycanın dədə-baba yurdu olan Zəngəzur, Göyçə, İrəvan qayıtmasın?" Ümumiyyətlə, 1988-1991-ci illərdə azərbaycanlılar Qərbi Azərbaycanda 170 kənddən deportasiyaya məruz qaldılar. Azərbaycan xalqının tarixi torpaqlarında - Qərbi Azərbaycanda erməniləşdirmə siyasəti aparılıb.

Erməni vandalları XX əsrin əvvəllərində, 1918-1920-ci illərdə, 1948-1952-ci illərdə Qərbi Azərbaycanda yaşayan müsəlman əhalisinə qarşı amansız vəhşiliklər törədib, neçə-neçə insanlar doğma yurdlarını məcburən tərk ediblər. 1988-ci il isə erməni təcavüzünün terrorçuluq siyasətinin növbəti mərhələsi idi. Həmin vaxtdan Ermənistanda bir nəfər olsun belə azərbaycanlı qalmadı. Neçə-neçə dinc insan daşnak quldurlar tərəfindən qətlə yetirildi, yaxud əlil oldu.

Dövlət başçısı cənab İlham Əliyev tədbirdə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə təbliğat işində diasporun fəaliyyətinə xüsusi diqqət göstərdi: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".

Azərbaycan xalqına qarşı dəfələrlə amansız divan tutmuş erməni millətçiləri dünya ictimaiyyətinin diqqətini əsl həqiqətdən yayındıraraq öz yaramaz əməllərini Azərbaycan xalqının ayağına yazmaqda davam edir. Əslində, "torpaq zəbt etmək" iddiası ilə özünü oda-közə çırpan ermənilər iki yüz ildən artıqdır ki, Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyində dururlar.

Prezident İlham Əliyev toplantıda bildirdi ki, Qərbi Azərbaycan İcması həm ölkə daxilində, həm də xaricdə, beynəlxalq təşkilatlarda böyük əks-səda doğuracaq layihələr həyata keçirməlidir. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına geri qayıtmalıdır. Azərbaycana qarşı tarixi ədalətsizliyə son qoyulmalıdır.

Ölkə rəhbərinin dekabrın 24-də Qərbi azərbaycanlılarla görüşü yurd həsrətli qaçqınlar tərəfindən razılıqla qarşılanmışdır. Onlar əmindirlər ki, gün gələcək və Qərbi Azərbaycandan olan insanlar, onların yaxınları tarixi diyarımız olan qədim Oğuz ellərinə qayıdacaq, haylar türklərin məngənəsində boğulacaqlar!

Asiman HƏSƏNOV,

Bakı Sağlamlıq Mərkəzinin direktoru.