Ermənistanın yenidən silahlanmaq istəyi onu məhvə aparır
Gündəm

Ermənistanın yenidən silahlanmaq istəyi onu məhvə aparır

İşğal dövrünün sazağında, həsrətində buz bağlayıb, şaxta tutan torpaqlara bahar gətirən Azərbaycan oğlu Vətən sevgisi ilə isitdi doğma yurdları.

Çiçək açdı uzun illər güllə açılan düzlərdə. Vaxtilə Qarabağın bənövşə ətirli meşələrində, kəklikotu bitən qayalarında, başı buludlara dəyən zirvələrində, göz yaşı kimi dupduru bulaqlarında donub qalmışdı yurd həsrətimiz. Yenilməz ordunun igidliyi, döyüş əzmi və iradəsi sayəsində yenidən pərvəriş tapdı arzular. Daha biz üzü Qarabağa sarı xəyallar qurmaq deyil, yaşanan reallıqlara, işğaldan azad edilən hər obada, eldə çatılan ocaqlara, yanan işıqlara doğru gedirik.

Bəli, uzun, məsuliyyətli bir yola çıxmışıq. Üç il əvvəl düşmən tapdağından azad olunan, 30 il müddətində dağıdılıb talan edilən ərazilərimizi tikib-qururuq. Sadəcə tikmirik, həm də bölgəyə yeni nəfəs, ruh gətiririk. Qədimliyin, tarixin kökləri, təməlləri üzərində müasir dünya formalaşdırırıq. Müharibəsiz, rahat, sakit və barışıq dolu bir dünya. Budur Azərbaycan dövlətinin məqsədi, məramı və mövqeyi. Ölkəmiz təkcə daxildə deyil, həm də sərhədlərindən kənarda, yaxın-uzaq qonşuları ilə də bu istiqamətdə əlaqələrini qurmağa çalışır. 44 günlük Vətən müharibəsində Zəfərini qazanan ölkəmiz məğlub Ermənistana barışıq əlini uzatdı. Lakin qarşı tərəf yenə də yeni müharibə, münaqişə həvəsinə düşdü. Kölgəsində yaşadığı bəzi dövlətlərin təsir dairəsindən çıxa bilmədi. Anlamadı ki, ilk növbədə sülh Ermənistanın özünə lazımdır.

Çünki ölkəmiz son illər bir çox irimiqyaslı yerli və beynəlxalq layihələrin həm təşkilatçısı, həm də iştirakçısıdır.

İpək Yolunun üzərində yerləşən dövlətimiz neft və qeyri-neft sahələrinin inkişafı sayəsində tranzit ölkə kimi dünyaya açılan yeni qapı, zəngin resurslar mərkəzidir. Əgər Ermənistan daşı ətəyindən töküb, sülh danışıqlarına gəlsə, sözsüz ki, o da sözügedən layihələrin iştirakçılarından birinə çevriləcək. Bu ölkənin sosial-iqtisadi səviyyəsini qaldırmaq üçün yeganə çıxış yoludur. Hələ ki, qonşu dövlət ya bunu anlamır, ya da anlamaq istəmir. Sözsüz ki, burada xarici qüvvələrin təsir mexanizmi də başlıca faktorlardan biridir. Ölkə başçımız İlham Əliyev bütün çıxışlarında dönə-dönə qeyd edir ki, biz, yeni müharibə istəmirik. Azərbaycan dövləti istər bölgədə, istərsə də regionda sülhün, sabitliyin bərqərar olmasına çalışır.  Ermənistan isə Fransa, Hindistan kimi dövlətlərin şirnikləndirici vədlərinə aldanıb, yeni silahlar alır. Bəzi məqamlarda Ermənistan sülhə, barışığa doğru addım atmaq istəsə də, yenə də xarici qüvvələrin təsirinə düşür. Bu isə onu sübut edir ki, Ermənistan rəhbərliyi hələlik məsələnin həlli istiqamətində səmimi deyil.

Son günlər Ermənistana Fransa tərəfindən göndərilən silahların Gürcüstan ərazisindən keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilir ki, Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhəddə daşınır. Qonşu ölkənin Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, "Acmat" şirkətinin istehsalı olan "Fransa Bastion" markalı çoxməqsədli zirehli maşınlar, həmçinin "Bastion" üçün avadanlıqlar göndərilib. Bütün bunları göndərən isə Fransanın ARQUUS şirkətidir. Ermənistan Fransa da başda olmaqla bir sıra ölkələrin fitnəsinə uyaraq yalnız oyun topu missiyasını həyata keçirir. Artıq bu ölkə xarici qüvvələrin əlində oyuncağa çevrilməklə bərabər, həm də Cənubi Qafqaza yerləşmək istəyən qlobal güclərin məkrli planlarının bir hissəsidir. Təbii ki, bu dövlətlərin Ermənistana silah verməsi ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Sözsüz ki, bu da sonunda qonşu dövlətin məhvinə və süqutuna səbəb olacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".