Ermənistanın regional sülh səyləri, yoxsa silahlanma?!
Siyasət

Ermənistanın regional sülh səyləri, yoxsa silahlanma?!

Aylardır Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir. Buna baxmayaraq, rəsmi İrəvan intensiv silahlanmanı davam etdirir. Hətta son məlumatlara görə, Azərbaycanla şərti sərhəddə yeni hərbi infrastrukturun yaradılması istiqamətində işlər daha da intensivləşib. Fransa, Hindistan kimi ölkələr tərəfindən silahlandırılan Ermənistan ABŞ-la hərbi təlimlər də keçirib. Bütün bu proseslər fonunda cənub qonşumuz İran isə öz səssizliyini qoruyur.

Bəzi mənbələr iddia edir ki, İran hava yollarına məxsus “Boeing” yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınır. Qeyd olunur ki, İrana məxsus “Boeing 747-21AC” yük təyyarələri ilə Ermənistana silah daşımalarına bu il martın 29-dan başlanılıb. Görünür, cənub qonşumuz regionun təhlükəsizliyi, sabitliyi üçün çalışmağa həvəsli deyil. İran iqtisadi maraqlar, qərəzli yanaşmalar uğrunda Cənubi Qafqazın gələcəyini risk altında qoyur.

İranın xarici siyasəti daim mürəkkəb və çoxşaxəli olub. Rəsmi Tehran həm Ermənistan, həm də Azərbaycanla həmsərhəddir və hər iki ölkə ilə nisbətən yaxşı münasibətlər saxlamağa çalışsa da onun Ermənistanla əlaqələri mədəni, tarixi və iqtisadi amillərə görə daha genişdir.

İran hər iki tərəfi özündən uzaqlaşdırmamaq üçün Ermənistan və Azərbaycanla münasibətlərini balanslaşdırmağa çalışır. Keçmiş Qarabağ münaqişəsi zamanı da İran açıq şəkildə tərəf tutmaqdan çəkinib. Lakin ölkə qeyri-müəyyən mövqeyi ilə Cənubi Qafqaz regionunda gərginliyin kəskinləşməsində əsas oyunçulardan biri kimi ortaya çıxır. Ermənistanın silahlanması münaqişəni gərginləşdirir və qeyri-sabitlik yaradır. Bu da münaqişə zonasına yaxınlığını nəzərə alsaq, İranın maraqlarına uyğun olmamalıdır. Lakin görünür, Cənub qonşumuz iqtisadi amilləri daha çox nəzərə alır. Ermənistan İran üçün mühüm ticarət tərəfdaşıdır və İrəvanda sabitliyin pozulması bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Gərginliyin artması və Cənubi Qafqaz üzərində güc oyunlarının davam etməsi fonunda İranın rolu regional sabitliyin incə balansında aktorlardan biri kimi görünür. Ermənistan hərbi potensialını gücləndirməyə davam edərkən, İranın hərəkətləri onun regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqliyi ilə bağlı ciddi narahatlıqlar doğurur. Həm Ermənistan, həm də Azərbaycanla qonşu olmasına baxmayaraq, İranın mövqeyi qeyri-müəyyən olaraq qalır. İrəvana gizli şəkildə silah daşınması kimi hərəkətlər nəinki sülhün bərqərar olmasında səyləri pozur, həm də regionun təhlükəsizliyini təhlükə altına salır.

Rəsmi Tehran həm Ermənistan, həm də Azərbaycanla münasibətləri qorumağa çalışsa da onun hərəkətləri Cənubi Qafqazda gərginliyi və münaqişəni daha da gücləndirməyə xidmət edir. Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasına səy göstərir. İran da konstruktiv mövqe tutmaq əvəzinə, regional sabitlik bahasına iqtisadi qazanc əldə etmək, Cənubi Qafqazın təhlükəsizliyini və rifahını riskə atır. Yalnız dialoq və əməkdaşlıq yolu ilə region münaqişə ehtimalını dəf edər və dinc gələcəyə yol aça bilər.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.