Ermənistanın mina terroru
Digər xəbərlər

Ermənistanın mina terroru

44 gün davam edən Vətən müharibəsi iki il yarımdır tarixi qələbəmizlə başa çatıb, lakin işğalçılardan azad edilən torpaqlarımızda ermənilərin basdırdıqları minaların təmizlənməsi üçün çox gərgin mübarizə davam edir, qəsdən və bilərəkdən Qarabağı və Şərqi Zəngəzuru döyüş sursatları ilə çirkləndirən düşmən öz kəm ağlı ilə xəyal edirdi ki, azərbaycanlılar daha öz doğma yurd yerlərinə qayıda bilməyəcəklər. Qəhrəman min axtaranların fədakarlığı sayəsində işğaldan azad edilən  torpaqlarda ölümsaçan gizli düşmənə qarşı çətin, eyni zamanda təhlükəli axtarış- xilasetmə işləri uğurla davam etdirilir.

Vətən müharibəsi bir daha onu göstərdi ki, döyüş meydanında qarşı-qarşıya döyüşməyə ləyaqəti və gücü çatmayan düşmən öz mənfurluğunu  azərbaycanlı dinc əhaliyə göstərdi, evləri, mülki obyektləri raket atəşinə tutaraq dağıtdı, xain xisləti və hiyləgərliklə torpaqlarımıza mina basdıraraq həmin əraziləri keçilməz səddə çevirdi. Vətən müharibəsində qazanılan tarixi qələbə həm də Ermənistanın 30 illik işğalçılıq siyasətini bütün dünyada ifşa etdi. Reallıq budur ki, ağır məğlubiyyətə uğrayan və ordusu tar-mar edilən Ermənistan aldığı ağır zərbələrdən müvazinətini itirib, saxta erməni mifi darmadağın edilib və buna görə də erməni iqtidarı gah Fransaya, gah İrana, gah da Rusiyaya yalvarır, saxta göz yaşları tökərək imdad diləyir. Halbuki, müharibədən sonra Azərbaycan məğlub edilmiş düşmənə sülh təklifi, dinc qonşuluq, barışıq əli uzatdı. Bu humanist jesti qiymətləndirmək əvəzinə Ermənistan silahlı qüvvələrimizə qarşı terror, təxribat və diversiya həmlələrinə cəhd edir və çox ağır zərbələr alır.

Mənfur düşmən 30 ilə yaxın işğalda saxladığı rayonlarda nəinki bütün binaları, bütün tarixi abidələri, yolları dağıdıb və eyni zamanda hər tərəfi minalayıb. Özü də təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalarla çirkləndirib. Bic və hiyləgər düşmən acı məğlubiyyətinin heyfini bu yerlərə qayıdacaq sakinlərdən çıxmaq istəyirdi. Dinc insanları minalarla məhv etmək yalnız erməni xislətidir, düşmənin mənfurluğunun bariz nümunəsidir. Rəsmi məlumata görə, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ildən bu yana 288 azərbaycanlı minaya düşüb, onlardan 50 nəfəri həlak olub. Qeyd etmək lazımdır ki, azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olub. Ermənistan Azərbaycan ərazisinə yüz minlərlə mina basdırıb, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq düşmən ölkə mina xəritələrini verməkdən imtina edir.

İki il yarımdır ki, Azərbaycan mina təhlükəsi ilə üz-üzədir. Bu barədə Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord “Azərbaycan – neft, mütərəqqi düşüncə və minalar ölkəsi” başlıqlı məqaləsində Ermənistanın torpaqlarımızı minalaması haqqında ətraflı söz açılır. Parlament qrupunun rəsmi internet səhifəsində dərc olunan məqalədə ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi Britaniya Parlamentində yüksək qiymətləndirilib və dünya üçün nümunə olaraq göstərilib.

Məqalədə dağıdılmış Ağdam şəhərinə ötən ilin mayında səfərini xatırlayan müəllif Ermənistanla 30 illik münaqişə zamanı Azərbaycan ərazisinə minlərlə minaların basdırıldığını, raket və bombaların atıldığını qeyd edib. Azərbaycan hökumətinin öz gücü, Beynəlxalq QHT-lərin köməkliyi və Britaniya hökumətinin maliyyə yardımı sayəsində Minatəmizləmə Agentliyinin (ANAMA) tədricən əraziləri partlayıcı maddələrdən təmizlədiyi bildirilir. Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, hazırda 70-dən çox ölkə mina problemi ilə üzləşib. Təəssüflər olsun ki, Azərbaycan ərazisi minalarla ən çox çirklənən ölkələrdəndir. Postmünaqişə dövründə işğaldan azad edilmiş 75 min hektardan çox ərazi minalardan təmizlənib. 85 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Dinc insanları öldürən və şikəst edən minaları basdıran Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qınanmalı və bu hərbi cinayəti törədənlər öz cəzasını almalıdır. Beynəlxalq ekspert E.Qozlanın sözlərinə görə, minalar ən “çirkli” silahdır. Mina probleminin həlli, minaların təmizlənməsi üçün beynəlxalq həmrəylik lazımdır. Ölkələr münaqişənin mahiyyətini unutmamalıdırlar, çünki bir müddət sonra münaqişələrin və müharibələrin əsas qurbanları günahsız insanlar, müharibələrin baş verməsinə görə məsuliyyət daşımayan uşaqlardır. Mina xəritələrinin mübadiləsi üzrə danışıqlar atəşkəsdən və münaqişə başa çatdıqdan sonra ölkələrin etməli olduğu ilk işdir. Təəssüf ki, Ermənistan belə humanizm prinsiplərindən çox uzaqdır.

Qarabağda və Şərqi Zəngəzurda ərazilərin minalardan təmizlənməsi ilə ANAMA ilə yanaşı, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti üzrə bölmələri və qardaş Türkiyədən köməyə gələn minaaxtaranlar iştirak edirlər. Qeyd edək ki, Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən bu günə kimi 29 min hektaradək ərazi təmizlənib. Erməni hərbçiləri tərəfindən basdırılmış 23 min 230 mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Cəbrayıl rayonunda qazanılan təcrübələr əsasında Füzuli, Zəngilan və Qubadlı rayonlarının ərazilərində birgə minatəmizləmə fəaliyyətlərinin icra olunması davam etdiriləcək. Qeyd edək ki, Cəbrayıl rayonundan başlanan minatəmizləmə prosesi 75 hektar ərazini əhatə edir. İlk olaraq Türkiyədən gətirilən MEMATT texnikası ərazini yoxlayır, müxtəlif yerlərdən çarpaz xətlər açılır və əgər həmin yerdə mina varsa müəyyən edilir. Ancaq bu proses başa çatdıqdan sonra da ərazi minalardan təmizlənən, təhlükəsiz ərazi hesab edilmir. Sonrakı beş gün müddətində ANAMA-nın xüsusi minaaxtaran itləri və əl ilə ərazi yenidən yoxlanılır. Əgər mina aşkarlanmazsa, yalnız bundan sonra ərazi minalardan tam təmizlənmiş və təhlükəsiz hesab olunur. Biz Ermənistana, ermənilərə nə qədər humanizm prinsipindən yanaşsaq da, onların bizə təqdim etdiyi “mina xəritələri” can almaqda davam edir. Onlardan biri də Süleymandır. Fövqəladə Hallar Nazirliyinin mayoru Süleyman Heydərovun 30 yaşı var. 2022-ci il mayın 13-də minatəmizləmə üzrə icra edilən tapşırıq  zamanı piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarəti alaraq hər iki gözündən yaralanıb, sol gözü tamamilə amputasiya olunub. Amma Süleymanın sağ gözü də görmə qabiliyyətini demək olar ki, itirib. Hazırda müalicələri davam edir. Qolunun üçdəbir hissəsi də Ağdamda minaya düşəndən sonra amputasiya olunub. Dediyinə görə, 2015-ci ildən Fövqəladə Hallar Nazirliyinin sıralarında xidmətə başlayıb. 2021-ci ildən isə işğaldan azad olunan ərazilərdə gizli düşmənlə mübarizə işinə cəlb edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin sürətlə aparılmasındakı əngəllərdən biri və ən əsası da məhz minalardır. Buna baxmayaraq, ANAMA, Fövqəladə Hallar Nazirliyi və digər qurumların birlikdə icra etdikləri axtarış və xilasetmə işləri davam etdirilir.

Salman ALIOĞLU,

“Respublika”.