Ermənistanın Laçın dəhlizi isterikası
Digər xəbərlər

Ermənistanın Laçın dəhlizi isterikası

"Ermənilər öz xislətlərinə uyğun olaraq Laçın dəhlizindəki vəziyyəti, sözün əsl mənasında, bir isterikaya çeviriblər. Özü də həddi-hüdudu olmayan bu həyasızlığı isbat etmək üçün ciddi bir arqument də gətirə bilmirlər. Əvvəlcə Ermənistanın rəsmi şəxslərinə sual vermək lazımdır ki, sizə kim deyibdir ki, suveren bir dövlətin sərhəd-buraxılış məntəqəsinə onunla razılaşdırılmadan humanitar yük adı altında 21 ədəd yük maşınını göndərəsiniz ki, Azərbaycan tərəfi də həmin yük maşınlarının Qarabağa keçməsinə icazə verməsin? İrəvanın hərbi-siyasi rəhbərliyi etdikləri bu təxribatdan sonra üzr istəyib, Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq, razılığa da gəlmək istəmir". Bu fikirləri politoloq Qabil Hüseynli Laçın-Xankəndi yolu ətrafında gedən prosesləri şərh edərkən deyib.

Politoloq artıq 10 gündən çoxdur ki, Ermənistandan gələn yük maşınlarının Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi ətrafında cəmləşməsinin siyasi şou olduğunu və iki ölkə arasında sülh prosesinə dəstək verən ABŞ və Avropa İttifaqının bu məsələdə destruktiv mövqe nümayiş etdirməkdənsə, Qarabağda yerləşən qanunsuz erməni hərbi birləşmələrinin bu ərazilərdəki qeyri-qanuni fəaliyyətindən söhbət açmalı olduğunu da bildirib: "Azərbaycan sərhədində toplaşan TIR karvanının sahibi Koçaryan ailəsinə mənsub Rusiya-Ermənistan birgə müəssisəsidir. Bu məsələdə Ermənistan siyasi rəhbərliyi yaxasını kənara çəkməyə çalışsa da, əvəzində həm Rusiyada, həm də separatçıların yaşadığı ərazidə böyük bir kampaniya başlayıb. Bu kampaniyaya dünya erməni diasporu da geniş dəstək verir. Təəssüflər olsun ki, Avropa İttifaqı sülhyaratma prosesində aparıcı rol oynasa da, bu məsələlərə qeyri-konstruktiv formada müdaxilə edir. Amerika Birləşmiş Ştatları da yüklərin buraxılmasına təkid edir. Bu isə separatçıları daha da cəsarətləndirir. Üstəlik, əgər kompromis istəyirlərsə, tutaq ki, erməni siyasi rəhbərliyi yaxasını kənara çəkir, bu separatçılar Azərbaycana deyə bilərlər ki, yükləri bu dəfə buraxın. Gələn dəfə yüklərin Ağdam-Xankəndi yolu ilə gətirilməsinə razıyıq və beləliklə, bəlkə də məsələni bu cür qapatmaq mümkün ola bilər. Amma bunlar necə deyərlər, Nuh deyib peyğəmbər demək istəmirlər. Çünki neçə illərdir ki, Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin heç birinə cavab verməyiblər. Miatsum hərəkatı ilə 1988-ci ildə Azərbaycan Respublikasına qarşı böyük bir kampaniya başlandı. SSRİ dağılandan sonra isə bu kampaniyanı rusların da köməyi, Ermənistanın da bilavasitə prosesə qatılması ilə qanlı müharibəyə çevirdilər. Həmin dövrdə keçmiş Dağlıq Qarabağ adlandırdığımız ərazilərdə ermənilərlə azərbaycanlıların sayı demək olar ki, yarıbayarı idi, faiz nisbətilə 47 faiz təşkil edirdi. Ermənilər həmvətənlilərimizi zorla öz doğma torpaqlarından vəhşi bir formada qovub çıxardılar. Bu kontekstdə Xocalıda, Qaradağlıda, Meşəlidə, Ağdabanda soyqırımı törətdilər, insanları qanına qəltan etdilər. Bu əliqanlı rejimdən hələ heç kim haqq-hesab sormayıb və buna görə də bunlar elə başa düşürlər ki, Azərbaycanın ərazisində yaşayıb Azərbaycana qarşı müxtəlif cinayətlər törətmək olar və bu, hər hansı bir məsuliyyət hissi yaratmır. Bu baxımdan, Azərbaycan diplomatiyası da fəal olmalı və dünya ictimaiyyətini başa salmalıdır ki, ermənilər Azərbaycanın ərazisində çox böyük cinayətlər törədiblər və bu gün də bunlar qarşıdurmanı, gərginliyi artırmaqla bölgəni yeni qanlı müharibələrə cəlb etmək istəyirlər.

Ərazilərimizdə olan qeyri-qanuni erməni birləşmələrinin hələ də Qarabağda mövcud olması, bu silahlı qüvvələrin həmin ərazilərdən çıxarılmaması da Azərbaycana qarşı olan təxribatlardan biridir. Biz görürük ki, regionun yenidən barıt çəlləyinə çevrilməsinə cəhdlər var.

Separatçılar, hətta erməni icmasının Azərbaycan hökuməti ilə danışıqlara getməsinə də mane olur, vəziyyəti gərginləşdirməklə Azərbaycan tərəfini antiterror əməliyyatlarına başlamağa vadar edirlər. Ona görə də bu gün onların qaldırdıqları isterikanın heç bir hüquqi əsası yoxdur. Əgər Avropa İttifaqı və ABŞ regionda vəziyyəti nizama salmaq istəyirlərsə, Azərbaycanın haqlı mövqeyini müdafiə etməlidirlər. Qarşılıqlı etimad mühitini yaratmaq üçün bölgədəki erməni silahlı qüvvələri çıxarılmalı və separatçıların başında duran və əliqanlı cinayətkarlar Qarabağdan uzaqlaşdırılmalıdır. Əks təqdirdə, Azərbaycan bu bölgələrdə özü bildiyi kimi, öz Konstitusiyasına uyğun surətdə qayda-qanun yaratmağa məcbur olacaq".

Musa BAĞIRLI,

"Respublika".