Ermənistanın iddiaları beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır
Siyasət

Ermənistanın iddiaları beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır

“Dağlıq Qarabağın” “müstəqilliyi”nin əldə olunması ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş “uti possidetis” prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır.

“Respublika” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 2-də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatına dair şərhində bildirilib.

Qeyd edilib ki, bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir.

“Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaq”, - deyə XİN-in şərhində vurğulanıb.