Ermənistanda siyasi kollaps dərinləşir
Gündəm

Ermənistanda siyasi kollaps dərinləşir

Ermənistanda siyasi hərc-mərclik hökm sürür. Ermənistandakı siyasi hakimiyyət erməni xalqının, dövlətinin deyil, Qərbin maraqlarına xidmət edir. Paşinyan hakimiyyəti birmənalı şəkildə regiondakı geosiyasi vəziyyəti gərginləşdirir, mövcud qarşıdurmanı sürətləndirir.

Qərbin əlində alətə çevrilən Paşinyan Rusiyaya qarşı düşmənçilik siyasəti həyata keçirir. Son vaxtlar Roma statutunun ratifikasiya edilməsi də bundan xəbər verir. Paşinyanın fəaliyyəti Cənubi Qafqazda stabilliyi pozur. Rəsmi İrəvan həm İranın, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğun olmayan gedişlər edir.

Ermənistanda mürəkkəb siyasi situasiya yaranıb və bundan da istifadə edən qüvvələr var. Bildiyimiz kimi, Rusiya Ermənistana istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan geniş təzyiq rıçaqlarına malikdir.

Hələlik Rusiya Ermənistana açıq təzyiqlər etmir. Müəyyən siyasi xadimlər və ekspertlər vasitəsilə bəyanatlar səsləndirməklə Moskva öz mövqeyini bildirir. Əgər Paşinyan bütün əlaqələri kəsəcəksə, bu zaman Rusiya da adekvat addımlar atacaq. Rusiya asanlıqla Ermənistanı tərk etməyə tələsmir. Ölkədə anti-Rusiya meyilləri güclənsə də, Kreml ümidini itirmir, Karapetyanın timsalında mövqelərini geri qaytarmağa çalışır. Belə ki, keçmiş müdafiə naziri Arşak Karapetyan bütün dünya ölkələrinin ermənilərinə müraciət edərək yeni siyasi qüvvə yaratdığını bəyan edib: "Mən siyasi fəaliyyətimin başladığını elan etmək, Ermənistanı daxili və xarici düşmənlərdən azad etmək üçün siyasi hərəkat yaratmaq, Ermənistanın dövlətçiliyini qoruyan və ölkənin çiçəklənməsini təmin edən etibarlı və təhlükəsiz sistem yaratmaq qərarına gəldim". O, bütün vətənpərvər qüvvələri ətrafında birləşməyə çağırıb. Digər tərəfdən, Rusiyanın Ermənistana enerji məsələlərində təsiri daha böyükdür. Yəni Rusiya Ermənistanın "Qazprom" borcunu tələb etsə və ölkəyə gedən qaz kəsilsə, İrəvandakı siyasi hakimiyyətdə böyük çalxalanmalar baş verə bilər.

Bu gün Ermənistan daxilində olan siyasi qüvvələr və lobbilər arasında  da savaş  gedir. Bu savaş da Ermənistanın daxilində müxtəlif etirazlara gətirib çıxarır. Rusiyaya tərəfdar  çıxan ermənilər hesab edirlər ki, Ermənistanın gələcək taleyi məhz Moskva ilə əlaqəli olmalıdır. Qərbyönümlü qüvvələr isə Ermənistanın gələcəyinin Qərblə bağlı olduğuna inanırlar. Bundan istifadə edən bəzi siyasi qüvvələr yenidən gündəmə gəlir, onlar açıq şəkildə bəyan edirlər ki, Ermənistanı həm daxili, həm xarici düşmənlərdən qorumaq üçün yeni hərəkat başladılacaq. Buradan bir sual ortaya çıxır: daxili düşmən deyəndə kim nəzərdə tutulur? Qeyd etdiyim kimi, Ermənistan baş naziri dövlətinin və xalqının maraqlarına deyil, Qərbin maraqlarına xidmət edir. Paşinyan bir növ özünü Qərbin Cənubi Qafqazdakı "prezidenti" kimi aparır. Bu da təbii ki, Ermənistan daxilində müəyyən narazı qüvvələrin aktivləşməsinə səbəb olur.

Ermənistan Cənubi Qafqazda stabilliyin yaranması üçün konstruktiv mövqedən çıxış etməlidir. Bu isə Türkiyə Prezidentinin bəyan etdiyi "3+3" formatında həyata keçirilməlidir. Bu format Cənubi Qafqazın inkişafı, tərəqqisi və təhlükəsizliyi üçün vacibdir. Hazırda bunun üzərində aktiv danışıqlar gedir. Çünki bölgənin stabilliyi region dövlətlərinin xüsusi maraq dairəsindədir. İran, Türkiyə, Azərbaycan, Rusiya da istəmir ki, Cənubi Qafqaza Amerika Birləşmiş Ştatlarının, Qərbin qüvvələri gəlsin. Çünki onlar regiona daxil olarsa, bu zaman yenidən gərginlik ocağı yarana bilər. Bu, Türkiyənin, İranın, Azərbaycanın və Rusiyanın maraqlarının toqquşmasına səbəb olar. Eyni zamanda, onu qeyd etmək istəyirəm ki, Paşinyanın yaratdığı vəziyyət ölkəni həm iqtisadi, həm də siyasi cəhətdən geriyə salır. Çünki Ermənistan həm Rusiya, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətini gərginləşdirirsə, iqtisadi cəhətdən ziyan çəkəcəkdir. Ümumilikdə, Cənubi Qafqazda yeni "3+3" formatının gündəmə gəlməsi və yeni siyasi situasiyanın yaranması vacibdir. Çünki 44 günlük  müharibə Qərbin Cənubi Qafqazdakı planlarını pozdu. Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra isə artıq "Cənubi Qafqaz planı" iflasa uğrayıb. Bu baxımdan, Qərb Cənubi Qafqazda Gürcüstan faktorunda hərəkət etmək istəyir. Bundan istifadə edən Ermənistan daxilindəki qüvvələr də siyasi hakimiyyət uğrunda müəyyən çağırışlar edir. Belə bir xalq misalı var: "İlanın ağına da lənət, qarasına da". Beləliklə, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanın özünün prinsipial siyasəti var və bunu da həyata keçirməkdədir.

Azad MƏSİYEV,

politoloq.