Ermənistan regionun ekoloji mühiti üçün ciddi təhlükə yaradır
Ekologiya

Ermənistan regionun ekoloji mühiti üçün ciddi təhlükə yaradır

Ermənistanın 30 ildir işğal altında saxladığı Azərbaycan ərazilərində təbiətə, bioloji müxtəlifliyə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla ekoloji terror aktları törətməsi bəşəri  cinayət hesab edilir. Xüsusən də Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən rayonları mütəmadi artilleriya atəşinə tutması nəticəsində xüsusi mühafizə olunan və beynəlxalq səviyyədə tanınan təbiət ərazilərində, o cümlədən Ağgöl və Göygöl milli parklarında genişmiqyaslı yanğınlara səbəb olublar.

Mənfur düşmən zəbt etdiyi Azərbaycan ərazilərində keçmişdən bu günə qədər ağlasığmaz ekoloji terror aktları törətmişdir. Dinc insanlara və təbiətə qənim kəslilən haylar Qarabağın flora və faunasına, ekoloji tarazlığına ciddi ziyan vurmuş, kənd təsərrüfatı sistemi tam şəkildə yerlə yeksan edilmişdir. Mina terroru nəticəsində iri heyvanlar minaya düşərək məhv olmuş, təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, bütünlüklə canlılar üçün zərərli, ölü bir zona formalaşdırılmışdır. Xüsusən də Ermənistanın dağ-mədən sənayesi, Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Belə ki, Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir.  Qeyd edək ki, Almaniyanın "Cronimet" şirkəti də bu ekoloji cinayətdə Ermənistanla şərikdir. Təəssüflər olsun ki, bu günə qədər Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb. Bununla yanaşı,  Əkərək Mis-Molibden Kombinatının da ağır metaltərkibli mədən tullantıları Kərçivançay  vasitəsilə Araz çayını zəhərləyir. ABŞ-ın "Comsup Commodities" şirkəti kombinatın bütün səhmlərini satın alaraq bu işdə öhdəliyi öz üzərinə götürüb. Kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə də məlumatlar var. Tullantı anbarının suyunun transsərhəd Araz çayına tökülməsi ümumən Cənubi Qafqaz üçün təhdiddir.

İşğal dövründə haylar Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını istismar etmək üçün  "GeoProMining" şirkətinə tam səlahiyyət vermişdir. 2009-cu ildə buradan 320,5 min, 2010-cu ildə 490 min, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli Qızıl Kombinatında həyata keçirilmişdir ki, bu da mədən yaxınlığındakı Zod çayının ağır metallarla çirkləndirilməsinə gətirib çıxarmışdır. Zod çayının Kür çayına töküldüyünü nəzərə alsaq bu, milyonlarla insanın həyatı üçün böyük təhlükədir. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu mədənin regionu çirkləndirməsinə görə, Ermənistan tərəfindən ekoloji tarazlıq hüquqlarının pozulmasına dair qərar qəbul etməsinə rəğmən haylar ekoloji cinayətlərə ara vermirlər.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyəndə 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon ABŞ dolları sərmayə yatırılacaq iri metallurgiya zavodunun inşası isə region üçün növbəti təhdid deməkdir. Bununla bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumatın, eləcə də bu faktı təsdiq edən videoların yayılması bunun əyani təsdiqidir. Sözügedən  metallurgiya zavodu heç şübhəsiz, zəhərli kimyəvi tullantılar ilə regionun ekosisteminə böyük zərbə vuracaq və Ermənistan növbəti ekoloji cinayətin müəllifinə çevriləcək. Zavodun  tullantılarının Araz çayına axıdılması həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən torpaq sahələri üçün ciddi təhlükə mənbəyidir.  Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu xüsusda Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı bəyanatında da bildirilir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükədir.

Qeyd edək ki, iyunun 8-də Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq layihələr əleyhinə birgə bəyanat yayıblar. Onlar BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit və zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçilərinə və müvafiq beynəlxalq təşkilatlara müraciət edərək hüquqi dairələri Ermənistanın növbəti ekoloji terroruna son qoymağa səsləyiblər. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları hökumətinə müraciətdə qeyd edilib ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, Amerikada qeydiyyatda olan şirkətin fəaliyyəti dayandırılsın.

Bununla yanaşı, QHT-lər Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlığını ifadə edən bu məktubu 24 məsul şəxs imzalayıb.

Təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb. Azərbaycanın "Qırmızı Kitab"ına və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və heyvan növləri təhlükə ilə üz-üzədir.  Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan "Bioloji Müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulması aktıdır. Bu çərçivədə ədalət bərpa olunmalı, qəsbkarlar öz cəzasını çəkməlidirlər.

Nurlan ABDALOV,

"Respublika".