Ermənistan regional təhlükəsizliyə yeni təhdidlər yaradır
Gündəm

Ermənistan regional təhlükəsizliyə yeni təhdidlər yaradır

Post-müharibə dövründə Ermənistanda revanşist və təcavüzkar ritorikanın intensiv xarakter aldığının şahidiyik. Xüsusilə də, Azərbaycanın Ermənistan ilə yekun sülh sazişinin imzalanması üçün təkliflər etdiyi bir dövrdə, Ermənistanın öz təxribatlarını davam etdirməsi, müxtəlif bəhanələrlə sülh sazişinə maneə törətməsi onu göstərir ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasından boyun qaçırır və iki dövlət arasında münasibətlərin normallaşmasında maraqlı deyildir. Ermənistan rəsmiləri tərəfindən gərginliyin artmasına xidmət edən kəskin və təcavüzkar mahiyyətli bəyənatlar səsləndirməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birbaşa hədəf alan hərəkətlər də buna sübutdur. Ermənistanın siyasi-hərbi təxribatları davam edir. Növbəti böhtan Xankəndidəki erməni əhalisinə qarşı guya soyqırım aktının törədilməsi ilə bağlıdır. Bununla yanaşı, "Səlibçilər" deyilən bir qrup şəxs Ermənistan ərazisində "bizə silah verin, döyüşək" və digər revanşist meyilli fikirlər səsləndirirlər.

Məsələ ilə bağlı “Respublika” ya açıqlama verən deputat Naqif Həmzəyev bildirib ki, revanşist meyillərin artması onu deməyə imkan verir ki, haylar heçbir zaman bu çirkin xisləti dəyişməyəcək:

“44 Günlük Vətən müharibəsindən sonra Ermənistan sülh prosesini uzadaraq regionda uzunmüddətli və dayanıqlı vəziyyətin bərqərar olmaması üçün əlindən gələni edir. Ermənistan tərəfi hər vəchlə təxribatlar törədir, prosesləri uzadır, baş vermiş hadisələri başqalarının üzərinə yıxır, bütün bu əməlləri isə havadarlarının dəstəyi ilə edir. Son günlərdə baş verən Laçın dövlət sərhəddi ətrafında olan təxribatlar, erməni əhalinin bu əraziyə yürüşünün təşkil edilməsinə cəhd, Ermənistan ərazisində revanşist fikirlərin və ideyaların, silah istəyərək həmin əraziyə və Azərbaycanla savaşa insanları sövq etmək meyllərinin artması onu deməyə imkan verir ki, haylar heçbir zaman bu çirkin xisləti dəyişməyəcək".

Millət vəkili qeyd edib ki, Azərbaycan-Ermənistan şərti sərhəd ərazilərinə ağır texnikaların cəmləşdirilməsi və yeni mövqelərin quraşdırılması da növbəti təxribata hazırlıq kimi dəyərləndirilməlidir: 

"Həmçinin rus sülhməramlılarının nəzarətində olan əraziyə separatçılar tərəfindən yüklərin daşınması görüntülərinin yayılması da bu cür əməllərin intensivləşəcəyindən xəbər verirdi. Bununla yanaşı, məhz Hindistandan İran vasitəsilə ağır silahların Ermənistana gətirilməsi həyata keçirilir. Nəticə etibarı ilə, bu,  Ermənistan ordusunun müharibə hazırlığını həyata keçirməsi deməkdir. İstənilən halda Azərbaycan ordusu daha güclüdür. Hər kəs bilir ki, Ermənistanın Azərbaycan  ilə güc yolu vasitəsi ilə danışması mümkün deyil. Ermənistan hər keçən gün hansısa təxribatı törətməklə. Azərbaycan tərəfini antiterror əməliyyatlarını keçirməyə məcbur etməkdədir. Bu baş verdikdən sonra nə olacaq? Onlar dünyaya car çəkəcəklər ki, bu ərazilərdə Azərbaycan tərəfi erməni əhalisinin təhlükəsizliyini təmin edə bilmir və onlara qarşı sanki soyqırım törədilir. Görünən odur ki, ermənilərin məkrli planları budur. Bunlar həmin haylardır ki, onlara qarşı saxta soyqırımı aktının keçirilməsini dünya ictimaiyyətiniə dezinformasiyalar ilə tanıda bildilər. Ardınca biz bütün Türk dünyasına qarşı Qərb mediasında yazıların və hesabatların şahidi olduq. Onlar yeni bir ssenari əsasında bu kimi əməllərin sayını artırmaq istəyirlər".

N. Həmzəyevin sözlərinə görə, Cənubi Qafqazda erməni əhalisi ilə Azərbaycan cəmiyyəti arasında inteqrasiyanın baş tutması, nəticə etibarilə erməni havadarlarının regiondakı təsir alətlərinin itirilməsinə gətirib çıxara bilər ki, bu da erməni havadarlarının istəmədiyi bir ssenaridir: 

"Azərbaycanın daha da güclənməsini istəməyən və Ermənistanı bu cür məsələlərlə dəstəkləməklə Cənubi Qafqazda öz təsir alətlərini qoruyub saxlamaq istəyən qüvvələrin ikili standartları da Azərbaycanın mübarizə apardığı başqa mövzudur. İndiki reallıqda güclər Ermənistanı dəstəkləyirlər. İstənilən halda, Azərbaycan Ermənistanı sülhə məcbur etmə siyasətini uğurla həyata keçirəcəkdir və cənab Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, revanşist fikirlərin səsləndirilməsi və Ermənistanda revanşist meyllərin artması nəticə etibarilə onları məhvə sürükləyəcək".  

"Məhz 44 günlük Vətən müharibəsindən öncə Nikol Paşinyan və erməni siyasi hərbi dairələrinin bu cür ritorikasının nəyə gətirib çıxardığını hər kəs gördü. Bu baxımdan da Ermənistan havadarlarının hayları yanlış yola sövq etməsi nəticə etibarilə xain düşməni daha rəzil duruma salacaq. Bu baxımdan da Ermənistan onlar üçün yaradılmış bu şansı düzgün dəyərləndirməli və Azərbaycanla vaxt itirmədən sülh anlaşmasını imzalamalı, separatçıların Azərbaycan ərazilərini tərk etməsini təmin etməli, qanunsuz silahlı dəstələr Azərbaycan ərazilərindən çıxarılmalı, erməni əhali ilə reinteqrasiya baş tutmalı və bununla da Qərbi Azərbaycan əhalisi öz dədə torpaqlarına qayıtmalıdır” - deyə, deputat bildirib.

Nurlan ABDALOV,

“Respublika”.