Ermənistan başa düşməlidir ki, onlar məğlub dövlətdir
Gündəm

Ermənistan başa düşməlidir ki, onlar məğlub dövlətdir

“Bizim silahlı qüvvələrimiz, yəni quru qoşunlarımız, xüsusi təyinatlı qüvvələr xüsusi "Qisas" əməliyyatı keçirtdilər. Bundan sonra isə Qırxqız və Sarıbaba yüksəklikləri tam şəkildə nəzarətə götürüldü.”

Bu sözləri “Respublika”ya açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov bildirib.

Ekspert qeyd edib ki, “Qisas-1" əməliyyatında bizim əsgərlərə qarşı təxribat törədildi və bir şəhid verdik: 

"Bunun əvəzində, "Qisas-2" əməliyyatı keçirildi, düşmənin 8-ə yaxın hərbi qulluqçusu yaralandı və 4 nəfəri məhv edildi. "Qisas-3" əməliyyatına gədikdə isə bu əməliyyat hər dəqiqə ola bilər. Bildiyimiz kimi, Laçın dəhlizində Ermənistanla Azərbaycanın sərhədində nəzarət-buraxılış məntəqəsinə yaxınlıqda ermənilər sərhədə yaxınlaşmadan humanitar kömək məqsədilə hər hansı bir təxribat törədə bilərlər. Qarabağ, Xankəndi və ətraf rayonlarda guya blokada var və onlar bu blokadanı yarmaq istəyirlər".

"Bildiyiniz kimi, separatçılar Xankəndiyə gedən Ağdam yolunu beton səthlərlə bağlayıblar ki, Azərbaycan tərəfi təklif etdiyi alternativ yoldan istifadə edə bilməsin. Separatçılar həm Laçın istiqamətində, həm də Ağdam yolunda həmin təxribatı törədə bilərlər. Həmçinin, delimitasiya, demarkasiya məsələləri bu gün də öz həllini tapmayıb. Artıq 3 ildir ki, bu məsələ olmasa da, sərhədləri də şərti sərhəd kimi adlandırırlar. Həmin şərti sərhəddə hər zaman təxribat törədilə bilər və bunun nəticəsində bizim müzəffər ordumuz qəti addımlar ata bilər. İlk növbədə düşmənlər susdurulmalıdır və Azərbaycan tərəfi bu formada müəyyən istiqamətdə irəliləyə bilər. Odur ki, təxribat törədilsə Azərbaycan Silahlı Qüvvələri "Qisas-3" əməliyyatı keçirə bilər. Bu, qaçılmazdır və hər an baş verə bilər. Hər bir əməliyyat sülhməramlı kontingentin nəzarət etdiyi ərazidə keçirilib. Separatçılar atəşkəsi pozublar və biz şəhidlər vermişik. Bunun nəticəsində biz müəyyən yüksəklikləri nəzarətə götürmüşük və əvəzində bir neçə separatçını məhv etmişik. Sonda isə söyləmək istəyirəm ki, bugün ordumuz yetəri qədər güclüdür. Ordumuz həm separatçılara, həm də Ermənistan Silahlı Qüvvələrinə layiqli cavab verməyə qadirdir. Ermənilər başa düşməlidir ki, artıq Azərbaycanla güc dilində danışmaq mümkün deyil. Azərbaycan qalib, onlar isə məğlub dövlətdir”.

Röya RÜSTƏMLİ,

“Respublika”.