Ermənistan MDB-nin üzvü, yoxsa üz qarasıdır?..
Siyasət

Ermənistan MDB-nin üzvü, yoxsa üz qarasıdır?..

Müstəqil Dövlətlər Birliyi qarşılıqlı şəkildə faydalı və səmərəli əməkdaşlığa xidmət edən dövlətlərarası təşkilatdır. Quruma daxil olan dövlətlər öz fəaliyyətlərini bir sıra istiqamətlər üzrə uyğunlaşdırıblar ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə müsbət təsirini göstərib. O cümlədən, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Qeyd edək ki, qurum 8 dekabr 1991-ci ildə təsis edilmişdir.

24 sentyabr 1993-cü il tarixində Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının təşkilata üzv qəbul olunmasına dair qərar qəbul edildi. Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan xaric bütün üzv dövlətlərlə mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirməkdədir. Ölkəmiz Dövlətlərarası Şura ilə əməkdaşlığa uyğun olaraq rəhbər şəxslərin illik görüşlərində və işçi qruplarının iclaslarında mütəmadi olaraq iştirak edir. MDB-yə üzv ölkələri ortaq tarix və müasir çağırışlar birləşdirir. Azərbaycan MDB-nin bir çox ölkələri üçün artıq etibarlı tərəfdaşa çevrilib.

Əfsuslar olsun ki, ölkəmiz MDB-nin tamhüquqlu üzvü olduqdan sonra da Ermənistan Azərbaycana qarşı təcavüzünü davam etdirirdi. 24 dekabr 1993-cü ildə Heydər Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən bildirib: "...Ermənistan Respublikası təkcə Azərbaycan Respublikasına qarşı təcavüz etmir, həm də indi bizim birliyimizi birləşdirən prinsiplərə tam saymazlıq nümayiş etdirir. MDB-nin üzvü və Kollektiv Təhlükəsizlik haqqında müqavilənin iştirakçısı olan Ermənistan Respublikasının başqa dövlətə, birliyin onun kimi tamhüquqlu üzvü olan dövlətə - Azərbaycan Respublikasına qarşı təcavüz etməsi yolverilməzdir". Heydər Əliyev dövlət başçılarına müraciət edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünə siyasi qiymət verməyə çağırdı. Əslində, Azərbaycanın quruma daxil olması Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli oldu.

Uzun illəri əhatə edən işğalçılıq dövründə Ermənistan özünün təcavüzkar siyasətini ört-basdır etmək üçün bütün vasitələrdən, həqiqəti əks etdirməyən informasiyalardan istifadə edirdi. Onlar özlərini elə göstərirdilər ki, sanki azərbaycanlılara qarşı vəhşiliklər törədən, onların məcburi köçkün həyatı yaşamasına səbəb olan bunlar deyil. Lakin ölkəmizin apardığı qətiyyətli siyasət nəticəsində düşmənin bütün cəhdləri puça çıxdı. Azərbaycan öz torpaqlarını işğalçılardan təmizləməklə, ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Ölkə başçımız bu gün də diplomatik səriştəsi və dərin siyasi biliyi ilə düşmənin çirkin planlarını iflasa uğradır.

Bütün beynəlxalq humanitar normaları tapdalayaraq Ermənistan silahlı qüvvələri həmişə mülki insanları hədəfə alıb. 3 il öncə müharibə dövründə 4, 11 və 17 oktyabr tarixlərində ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yaralanıb. Həmçinin Ermənistanın cəbhədən uzaq Bərdə rayonuna bir-birinin ardınca raket hücumları, beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atması nəticəsində həmin rayonda arasında azyaşlı uşaqlar, qadınlar da olmaqla 25 dinc sakin həlak olub, 80-dən çox insan yaralanıb. MDB-yə üzv dövlət kimi Ermənistanın 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsinə səbəb olması onun işğalçı siyasətindən xəbər verir. Çünki MDB-nin əsas prinsipləri məhz insan hüquq və azadlıqlarının təmin olunması, mütəşəkkil cinayətkarlıqla mübarizə və sərhədlərin mühafizəsi istiqamətində əməkdaşlıqdan ibarətdir. Ermənistanın törətdiyi vəhşiliklər isə MDB-yə üzv dövlət kimi üzərinə düşən öhdəliyə əməl etməməsinin sübutudur.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında da təsdiq edib: "... Birliyin yaradılmasında əsas məqsəd SSRİ-nin dağılmasından sonra əlaqələrin kəsilməsinin qarşısını almaq idi. Birliyin yaradılması rəqiblərimizi qane etmədi və bu gün də qane etmir, çünki Qərb indiyədək bizi sarsıtmaq, zəiflətmək və öz maraqlarına tabe etmək cəhdlərindən əl çəkmir. İlk olaraq Gürcüstan Birliyi tərk etdi, Ukrayna de-fakto bizimlə deyil. Moldova haqda böyük suallar mövcuddur. Ermənistan isə özünü təəssüf ki, heç də həmişə tərəfdaş kimi aparmır".

Bir sözlə, Ermənistan öz çirkin əməlləri ilə beynəlxalq arenada da özünü tanıdıb.

Röya RÜSTƏMLİ,

"Respublika".