Ermənistan iqtisadiyyatı “ölüm təhlükəsi
Siyasət

Ermənistan iqtisadiyyatı “ölüm təhlükəsi" ilə üz-üzə

Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra düşdüyü vəziyyət onun "imici" ilə yanaşı, iqtisadiyyatına da öz təsirini göstərdi. Artıq xeyli vaxtdır ki, Ermənistan iqtisadiyyatında geriləmə tendensiyası müşahidə olunur. Bu tendensiyanın bir sıra mühüm səbəbləri var. İlk olaraq, Paşinyan hakimiyyəti ölkə iqtisadiyyatını uzun illər erməni diasporunun göndərdiyi "sədəqə" hesabına ayaqda saxlamağa çalışırdı. Amma indi vəziyyət köklü şəkildə dəyişib. Hayastanın xarici borcu durmadan artır. Daha dəqiq desək, hazırda Ermənistanın xarici borcu illik dövlət büdcəsindən belə qat-qat artıq həddədir. Şübhəsiz, bu vəziyyət belə davam edərsə, yaxın gələcəkdə Ermənistanın xarici borc bataqlığında boğulacağı istisna deyil. İkincisi, regionda sülhə və təhlükəsizliyə təhdid yaradan ölkə kimi tanınan Ermənistan bir sıra beynəlxalq layihələrdən özünü kənarda qoyub. Xüsusilə, Ermənistanın Zəngəzur dəhlizinə qoşulmaqda maraqlı olmaması ölkədəki vəziyyəti daha da mürəkkəbləşdirəcək.

Hayastan ərazisində böyük resurslar mövcud deyil, onun havadarları isə ölkəyə ciddi investisiya yatırmayıblar. Hətta Ermənistan borc girdabından o səviyyəyə çatıb ki, ölkənin dəmir yolları Rusiyanın nəzarəti altına keçib. Qeyd etməli olduğumuz digər bir vacib məqam isə Ermənistanın pul vahidi dramın getdikcə daha da ucuzlaşmasıdır. Bütün bunlar Ermənistanın iqtisadi tənəzzül ilə üz-üzə olduğunun göstəricisidir. Müşahidə olunan inflyasiya həddi, diasporun, xüsusən də Rusiyadakı erməni icmasının ölkəyə investisiya qoymaqdan imtina etməsi Ermənistandakı iqtisadi vəziyyəti daha da çətinləşdirir. Maraqlıdır, diaspor nə üçün Paşinyandan üz döndərir? Ermənistan baş nazirinin səriştəsiz fəaliyyəti, eləcə də onun uğursuz xarici siyasəti nəticəsində erməni diasporu artıq Ermənistana investisiya və sərmayə yatırmaqda o qədər də maraqlı deyil.

Ermənistanın maliyyə naziri Vahe Ovannisyan 2024-cü ildə müdafiə xərclərinin 7.3 faiz artırılacağını bildirib. Başqa sözlə desək, Ermənistan növbəti ildə müdafiə üçün 555 milyard dram, yəni 1.5 milyard dollar ayıracaq. Sözügedən göstərici isə bu ilin rəqəmləri ilə müqayisədə 97.4 milyon dollar çox vəsait deməkdir. Vahe Ovannisyanın dediyi rəqəmlərin düzgün olduğu təqdirdə, Ermənistanın xarici borcunun daha da artacağı istisna deyil. Eyni zamanda, rəsmi İrəvanın cari ili sözün əsl mənasında "sürünərək" yola verməsi ümumi daxili məhsula da öz mənfi təsirini göstərəcək. Belə ki, bu ilin birinci rübündə ÜDM-in artımı 11.2 faiz idisə, il sonuna qədər bu rəqəmin 7.2 faiz təşkil edəcəyi gözlənilir. Həmçinin büdcə kəsirinin 883 milyon dollar təşkil edəcəyi nəzərdə tutulub. Bütün bunlarla bərabər son dövrlərdə Ermənistan Rusiya ilə münasibətlərinin pisləşməsi ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir. Xatırladaq ki, hələ bu ilin mart ayında Ermənistanda istehsal olunan konyakın Rusiyaya ixracında da ciddi problemlər müşahidə edilirdi. Bunun başlıca səbəbi isə Rusiya gömrük xidmətinin məhsulun istehsalında pozuntular aşkar etməsi idi. Görünür, Ermənistan təkcə ölkəmizə qarşı deyil, eləcə də "tərəfdaş" olduğu ölkələrə də yalan satır. Məhz bu səbəbdən Rusiya Ermənistan məhsulları üzərində gömrük nəzarətini ciddiləşdirdi. Nəzərə alsaq ki, Ermənistanda 40-dan çox konyak istehsalçısı var və onun 95 faizi Rusiya bazarına ixrac edilir, Hayastan ən böyük ixrac bazarını itirmiş hesab olunur. Məlum məsələdir ki, Rusiyadan başqa heç bir ölkə Ermənistanın iqtisadi tərəfdaşı olmağa maraqlı deyil. Hayastanın son illərdə iqtisadi əlaqələr qurduğu İran və BƏƏ-yə erməni konyakının ixracı qeyri-mümkündür. Ermənistanın bacısı Fransaya gəldikdə isə, Parisin özü dünyaya konyak ixrac edir. Bu baxımdan Ermənistanın Fransaya da yolları bağlanır. Görünür, Paşinyan istehsal etdiyi konyakı ya yerə tökəcək, ya da özü içib olmayan ağlını bir az da itirəcək.

Son dövrlərdə Ermənistan mediasında ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə xəbərlər də yayılıb. Belə olduğu halda, Ermənistan iqtisadiyyatının çökməsi qaçılmazdır. Çünki Ermənistan son 10 ildə iqtisadiyyatının mövcudluğunu məhz Aİİ-yə borcludur. Ermənistan regionun aparıcı dövlətləri ilə münasibətləri korlamaqla öz sonunu yaxınlaşdırır. Ermənistandakı ekspertlər ölkənin Aİİ-dən çıxmasını bir növ "intihar" kimi qiymətləndirirlər. Şübhəsiz, bu təkcə iqtisadi deyil, siyasi sahədə də "özünəqəsd" anlamına gəlir. Ermənistan unudur ki, Aİİ əslində ölkə iqtisadiyyatının son şansıdır. Yalnız şəxsi maraqlarını güdən və Qərbdəki ağalarının əmrlərini icra edən Paşinyan Ermənistan vətəndaşlarını düşünmür. Bir məqamı da qeyd edək ki, ölkənin Aİİ-dən çıxması barədə söhbətlər məhz Paşinyanın Qranada səfərindən sonra yayılıb. Bütün bunlar deməyə əsas verir ki, Ermənistanın Aİİ-dən çıxma planı Qərbin rəsmi İrəvanla Rusiya arasında bütün körpüləri yandırmaq niyyətinə xidmət edir.

Nəzrin ELDARQIZI,

"Respublika".