Ermənistan çalxalanır, Paşinyan gəldiyi kimi də yola salınır?
Siyasət

Ermənistan çalxalanır, Paşinyan gəldiyi kimi də yola salınır?

Fevralın 20-də İrəvanda müxalifət qüvvələri mitinq keçirəcək. Genişmiqyaslı qarşıdurmaların proqnozlaşdırıldığı aksiyaya "Birlikdə" hərəkatı başçılıq edəcək. Qruplaşma artıq tələblərini də açıqlayıb.

Hərəkatın nümayəndəsi, Demokratlar Partiyasının lideri Aram Sarkisyan mətbuat konfransı zamanı bildirib ki, baş nazir Nikol Paşinyan və bütün Nazirlər Kabineti istefa verməlidir. Onun sözlərinə görə, mitinqdə bu tələbin 100 səbəbi təqdim olunacaq. Bununla belə, nümayişin təşkilatçısı, eləcə də Ermənistanın sabiq baş naziri vəzifəsində çalışmış Qrant Baqratyan əsas arqument kimi indiki hakimiyyətin Qərbin xeyrinə geosiyasi seçim etməsini göstərib. Bu məqam isə olduqca maraqlıdır.

Çünki Birləşmiş Ştatlar və Avropa ilə uzaqlaşmaq tələbi Rusiyaya yaxınlaşmağa hesablanıb. Xüsusilə də nəzərə almaq lazımdır ki, fevralın 16-da Ermənistan MDB-nin Moskvada keçirilən hərbi tədbirinə qatılmayıb. Amma buna paralel ölkənin müdafiə naziri Suren Papikyan İrəvanın NATO-dakı missiyasına, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığına və ATƏT-dəki nümayəndəliyinə hərbi məsələlər üzrə attaşe vəzifəsi təsis edib. Üstəlik, ölkənin fövqəladə və səlahiyyətli səfiri Dzünik Ağacanyan bildirib ki, Paşinyan hökuməti həm erməni ictimaiyyətini, həm də keçmiş müttəfiqi Rusiyanı Ermənistanın  KTMT-dən çıxmasına hazırlayır. Onun sözlərinə görə, Ermənistan mahiyyət etibarilə neytral ölkə formatında NATO-nun qanadı altına faktiki keçid elan edib. Əslində, bu proses uzun müddətdir davam edir. Paşinyan iqtidarı Rusiyadan uzaqlaşmaq üçün KTMT, MDB kimi platformalarda iştirakdan yayınır, yalnız iqtisadi maraqlarından dolayı Ali Avrasiya İqtisadi Şurasının toplantılarına qatılırdı. Amma bu addımlar Kremldə ciddi qarşılanmır, sadəcə Ermənistanın siyasi rəhbərliyinə xəbərdarlıq edilirdi. Bununla belə, son dövrdə İrəvan kollektiv Qərblə yaxınlaşmasını yeni mərhələyə daşıdı. Artıq bu ölkənin NATO üzvünə çevrilməsi müzakirə olunur. Bu məqamda, Kremlin müəyyən preventiv addımlar atması gözlənilən idi.  İndi həm aksiyanın başlıca tələbinin Qərbdən uzaqlaşmaq olması, həm də mitinqin qatı ruspərəst siyasi qüvvələrin yaratdığı "Birlikdə" alternativ ictimai-siyasi hərəkat tərəfindən təşkil olunması bu istiqamətdə ciddi mesajdır.

Amma prosesin arxasında təkcə Ermənistandakı 5-ci kolonun dayandığını düşünmək doğru olmaz. Belə ki, mitinqin keçiriləcəyi 20 fevral tarixi Qarabağdakı separatçıların qondarma ildönümünə təsadüf edir. Deməli, Paşinyana qarşı çevriliş planlarının arxasında həm də keçmiş Qarabağ klanı dayanır. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, baş nazirin tərəfdarları fevralın 24-də katolikos II Qareginin istefası tələbi ilə mitinq keçirməyi planlaşdırdıqlarını açıqlamışdılar. Ermənistanda kilsənin fırıldaqla məşğul olması, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi iddialarının fonunda Nikola qarşı belə genişmiqyaslı etiraz dalğasının vüsət almasında din xadimlərinin də rolu istisna deyil.

Fevralın 20-də keçiriləcək aksiyanın Paşinyan iqtidarı üçün necə nəticələnəcəyini zaman göstərəcək. Amma hazırda bir reallıq var. Ermənistan ictimaiyyəti Paşinyanın uğursuz və avantürist çıxışlarına görə İrəvanın Qərbdən asılılığının artdığını görür və bu vəziyyəti olduqca təhlükəli hesab edir. Müxtəlif erməni siyasətçilər daxili və xarici auditoriyaya hesablanan manipulyasiyaların Ermənistanı müdafiəsiz hala gətirdiyini etiraf edirlər. Yəni artıq anlayırlar ki, rejimin təhlükəsizlik sektorunun şaxələndirilməsi ilə bağlı tezisi geosiyasi yalandır. Bu isə ona işarə edir ki, Qərbdən gözlənilən siyasi və hərbi dəstək puçdur.

İndiki mərhələdə baş nazirin yürütdüyü xarici siyasət, daha doğrusu, Ermənistanı şərq, yoxsa qərb müstəvisinə aparması bizim üçün elə də əhəmiyyətli deyil. Bu, İrəvan Administrasiyasının daxili qərarıdır. Amma Paşinyan hökuməti birmənalı şəkildə anlamalıdır ki, müxtəlif qütbləri ölkəyə gətirmək cəhdləri təkcə Ermənistana deyil, həm də Cənubi Qafqazdakı siyasi sabitliyə ciddi təhlükədir.

Jalə QASIMZADƏ,

"Respublika".