Ermənilərin sərhəddəki “fəaliyyətinin” gizlinləri
Digər xəbərlər

Ermənilərin sərhəddəki “fəaliyyətinin” gizlinləri

Ermənistan ordusunun sərhədə cəmləşməsi bir nömrəli hazırlıq səviyyəsi elan edilməsi barədə erməni mətbuatında xəbərlər tirajlanır. Avropalı müşahidəçilərin bölgədən təcili təxliyə edildiyinə dair informasiya var. Yayılan xəbərlərdə qeyd olunur ki, iyunun 17-si günortadan sonra sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ermənilərin iddiasına əsasən, bir nömrəli hazırlıq vəziyyəti Azərbaycan ordusunun hərəkətliliyinə görə elan edilib. Siyasi şərhçi Asif Nərimanlı isə bildirir ki, onların yaydığı məlumatları analiz etdikdə hücumun Azərbaycan yox, məhz Ermənistan tərəfindən hazırlandığı aydın şəkildə görünür:

"Birincisi, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirməsi ehtimalı daha çoxdur, nəinki sərhəd boyunca. Çünki mövcud şəraitdə Qarabağdakı separatizmin ləğv edilməsi daha aktual görünür. İkincisi, ermənilər Azərbaycan ordusunun Kəlbəcər, Laçın Naxçıvan istiqamətində cəmləndiyini iddia edirlər. Çünki Kəlbəcər Laçın istiqamətində ordumuz strateji yüksəkliklərə sahibdir, Naxçıvan istiqamətində isə Zəngəzur dəhlizinin hərbi yolla açılması versiyası bölgədə üçüncü ölkələrin qoşula biləcəyi hərbi eskalasiya riski yaratdığı üçün bu ehtimal az görünür. Üçüncüsü, Ermənistan avropalı müşahidəçiləri sərhədə məhz "Azərbaycan atəş açır, təxribat törədir" iddialarını təsdiq etmək üçün gətirib. Amma əgər Azərbaycan hücuma hazırlaşırsa, ermənilər müşahidəçiləri bölgədən təxliyə etməz, əksinə, sübutlar toplamaq üçün saxlayardılar. Bu proses belə hücumun Ermənistan tərəfindən hazırlandığını açıq şəkildə göstərir.

Ermənistanın mümkün təxribat hücumunun isə birdən çox hədəfi ola bilər. İlk növbədə, Azərbaycan Qarabağda genişmiqyaslı antiterror əməliyyatına başlayarsa, Ermənistan sərhəddə təxribatlarla cəbhəni böyütmək, qüvvələri ikiyə bölmək zəiflətmək istəyə bilər. O da mümkündür ki, ermənilər Kəlbəcər Laçın istiqamətində əlverişli mövqelərə çıxmağı hədəfləsinlər.

Digər bir versiya isə ondan ibarətdir ki, Ermənistan Naxçıvan istiqamətində təxribatlarla "Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir" görüntüsü yaradaraq üçüncü ölkələrin müdaxiləsinə nail olmağı planlayır. Burada söhbət qərb ölkələrinin İranın hərbi olmasa belə ən azı siyasi müdaxiləsindən gedir. Eyni zamanda, İrəvan tərəfi sərhəddə təxribatlarla danışıqlar masasında güzgü prinsipini, yəni qoşunların geri çəkilməsini yenidən aktuallaşdırmağı hədəfləyə bilər.

Ermənistan ordusunun sərhədboyu ərazilərdə bir nömrəli hazırlıq vəziyyətinə gətirilməsindən cəmi 24 saat sonra müdafiə naziri Suren Papikyanın Fransaya səfər etməsi diqqətçəkən məqamlardandır".

Jalə QASIMZADƏ,

"Respublika".