Erməni vəhşiliyinin təzahürü - kütləvi məzarlıqlar
Digər xəbərlər

Erməni vəhşiliyinin təzahürü - kütləvi məzarlıqlar

Ermənistanın uzun illər boyunca xalqımıza qarşı törətdiyi vəhşiliklər, ağır cinayətlər düşmənin vandallığını bir daha göz önünə gətirir. Xüsusi vurğulamaq lazımdır ki, qərb qonşumuz anti-Azərbaycan, türkofobiyanı geniş təbliğ etməklə yanaşı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdüb. İstər Birinci Qarabağ, istərsə İkinci Qarabağ müharibəsi dövründə mənfur hayların xalqımıza qarşı törətdiyi vəhşiliklər düşmənin insanlıqdan kənar xain planlarını açıq göstərir. Müharibənin silinməz izləri kimi aşkar olunan kütləvi məzarlıqlar da Ermənistanın qeyri-humanist davranışlarının bariz təzahürüdür.

Bir məsələni də nəzərə çatdırmaq lazımdır ki, torpaqlarımızı zorla işğal altında saxladığı 30 il ərzində ermənilər daha da vəhşiləşib. Hələ Birinci Qarabağ müharibəsi dövrünə nəzər yetirsək görərik ki, düşmən riyakarcasına qətlə yetirdiyi hərbi, mülki azərbaycanlıları kütləvi məzarlıqlarda basdırmaqla öz toplumlarının vəhşiliyini dünyaya açıq şəkildə nümayiş etdirməkdən çəkinməyiblər. Məsələnin ən acınacaqlı tərəfi isə bütün bunlara baxmayaraq, bəzi ermənipərəst təşkilatların selektiv yanaşmasının nəticəsi olaraq hələ də bu cinayətlərə lazımi cəzanın verilməməsidir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı bugünədək 9 kütləvi məzarlıq aşkarlanıb və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən meyit qalıqları götürülüb. Bundan başqa, Ermənistanın Kəlbəcər rayonunun Ağdaban, Başlıbel kəndlərində, "Tunel" adlanan ərazisində, eləcə də Şuşanın Daşaltı kəndində törətdikləri cinayətlərin izləri hələ də aşkarlanır. Həmçinin düşmən tapdağından azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri zamanı tapılan kütləvi məzarlıqlar da xalqımızın necə amansızcasına qətlə yetirildiklərini əyani şəkildə sübut edir. Ermənistanın cinayətləri arasında Qazax rayonunun Ermənistanla sərhəd olan Bağanis Ayrım kəndində insanların diri-diri yandırılıb kül edilməsinin tarixdə misli-bərabəri görünməyən cinayətlərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, Ermənistan tərəfindən insanlıq əleyhinə törədilən vəhşiliklərin izinə Edilli kəndində də rast gəlmək mümkündür. Belə ki, sözügedən ərazidə hələ Birinci Qarabağ müharibəsi zamanı qaniçən haylar tərəfindən əsir götürülmüş və işgəncələrə məruz qalaraq öldürülmüş 25 nəfər hərbçimizin basdırıldığı kütləvi məzarlıq da aşkar edilmişdi. Qeyd edək ki, bu kənd hələ işğal dövründə ermənilər tərəfindən həbs düşərgəsi kimi istifadə olunurdu. Sadaladığımız yerlərdən əlavə Ağdam, Füzuli, Şuşa rayonlarının ərazisində də fərdi və kütləvi məzarlıqlara rast gəlmək mümkündür. Vəziyyətin daha acınacaqlı hala gəlməsinə səbəb olan daha bir nüans isə işğaldan azad olunan ərazilərimizin minalardan təmizləndikcə aşkar olunan kütləvi məzarlıqların sayının artması faktıdır. İstintaq işləri zamanı Kəlbəcər rayonunun Başlıbel kəndində də kütləvi məzarlıq tapılıb. Tədqiqatlar nəticəsində kənd əhalisinin hələ 1993-cü ildə düşmənin həmin kəndə hücumu zamanı mağaralara sığındığı məlum olub. Xain ermənilər soydaşlarımızın sığındığı həmin yerləri aşkar edərək onlara odlu silahla atəş açıb. Bu il iyunun 19-da da Ağdamın Sarıcalı kəndində də kütləvi məzarlıq aşkar olunub.

Müharibədən xeyli vaxt keçməsinə baxmayaraq, onun fəsadları hələ də özünü göstərir. Əfsuslar olsun ki, bu ərazilərdə tapılan kütləvi məzarlıqların sayı günbəgün artır. Daha sonra avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində həbsxana ərazisində 17 nəfərə aid insan qalıqları tapılıb. Sayı durmadan artan kütləvi məzarlıqlardan bir daha Ermənistanın bəşəriyyət üçün təhdiddən başqa bir şey olmadığı bəlli olur. Bir məsələni də xüsusi qeyd edək ki, xain qonşumuz hələ də kütləvi məzarlıqların yeri barədə dəqiq məlumat verməkdən imtina edir.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən bu günədək 4000 nəfər şəxs itkin düşüb. Bu şəxslərin 872 nəfərinin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiqlənib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşmüş, bütöv ailələr və nəsillər məhv edilmişdir. Ermənistan bu cür vəhşiliklər törətməklə, həmin şəxslərin siyahısını gizlətməklə beynəlxalq öhdəlikləri pozmuş olur.

Nəzrin ELDARQIZI,

"Respublika".