Dini dəyərlərdə sülh şəraitində yaşayışın bərqərar olması vacib şərtləndəndir. İslam, xristianlıq, yəhudilik, buddizm kimi dünya dinlərinin müqəddəs kitablarında dini dözümlülük və insanpərvərlik təbliğ edilir və fərqli dinlərə qarşı hörmət göstərilməli olduğu bildirilir. Əfsuslar olsun ki, erməni qriqoryan kilsəsinin katolikosu II Qaregin erməniləri Azərbaycanla müharibədə iştirak etməyə çağırır. Heç şübhəsiz, II Qaregin keçmiş erməni katolikoslarının fəaliyyətinin əsasında eqoizmi, revanşizmi, türk-müsəlman əhalisinə qarşı düşmənçiliyi təbliğ edir ki, bu da onun öz sələflərinin arxasınca getdiyini göstərir. Erməni kilsəsinin xronoloji fəaliyyətinə nəzər salsaq görərik ki, onun əsas məqsədi dini-etnik münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyalara məruz qoymaq olmuşdur.
Erməni kilsəsinin göstərişi ilə törədilmiş terror aktları xüsusi qəddarlığı ilə fərqlənmiş, bunun nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliama və soyqırımların qurbanı olmuş, yaşayış məskənləri, mədəni və dini abidələr məhv edilmişdir.
Ermənilərin həm də siyasi himayəçisi rolunu oynayan erməni kilsəsi hələ erməni dövlətinin mövcud olmadığı dövrdən bu missiyanı yerinə yetirir. Öz mövqeyini möhkəmləndirmək üçün daim hansısa xarici qüvvəyə sığınan kilsə hətta xilafət dövründə ərəb xəlifələri ilə sövdələşmə apararaq Bizansa qarşı çıxmış və yaranmış vəziyyətdən istifadə edib Qafqaz Albaniyasının dağlıq ərazilərində yaşayan alban-xristian əhali arasında qriqoryanlığı yaymışdı.
Hayların terrorçuluq mahiyyətinin formalaşmasında erməni kilsəsi birbaşa iştirak etmişdir. Sirr deyil ki, XIX əsrdə çar Rusiyası, Fransa və İngiltərə regionun gələcəyi ilə bağlı geostrateji planlarının həyata keçirilməsi üçün erməni kilsəsindən vasitə kimi istifadə edirdi. "Böyük Ermənistan" xəyalları ilə yaşayan erməni millətçiləri XIX əsrin sonlarında erməni qriqoryan kilsəsinin xeyir-duası ilə daha mütəşəkkil fəaliyyətə başladılar. Bunun ardınca isə erməni kilsəsinin satqınları çar Rusiyası Cənubi Qafqazda işğalçılıq müharibələrinə başladıqda öz xislətlərini yenidən nümayiş etdirdilər. Haylar kilsənin təşkilatçılığı ilə silahlı dəstələr yaradaraq Rusiya qoşunlarının tərkibində Azərbaycana və Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlarda iştirak edirdilər. Çar Rusiyası haylara dəstək verərək onları Osmanlı dövlətinin və İranın ərazisindən kütləvi şəkildə Şimali Azərbaycana, xüsusilə İrəvan, Qarabağ, Şirvan, Bakı, Gəncə və Naxçıvan xanlıqlarının ərazilərinə köçürdü. Nəticədə 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən lazımınca yararlandılar. Həmin dövrdə erməni kilsəsinin əsas məqsədi Alban apostol kilsəsinin irsini ələ keçirmək idi ki, buna da hiyləgərcəsinə nail oldu. Belə ki, I Nikolayın 1836-cı il 11 mart tarixli fərmanı ilə Alban apostol kilsəsinin maddi-mədəni irsi erməni qriqoryan kilsəsinə verildi. Rusiya imperatorunun bu addımı Cənubi Qafqazdakı Alban mədəniyyətinin ermənilər tərəfindən məhv edilməsinə şərait yaratdı. Alban kilsəsi memarlığının daxili və xarici tərtibatı, divar yazıları və ikonlar erməniləşdirildi. Kilsədəki əlyazmaların orijinallarının hamısını erməni katolikosları məhv etdilər və onların bir qismi erməni dilinə tərcümə olundu. Erməni kilsəsinin saxtakarlığının nəticəsidir ki, Alban kilsələrində demək olar ki, alban dilində yazı nümunəsi qalmamışdır.
Paris Siyasi Elmlər Məktəbində müəllim işləyən Mişel Mariyan adlı erməni əsilli şəxs də Fransada yayımlanan "Espirt" siyasi dərgisində 1886-cı ildə "Qızıl dönəmdən sonra erməni terrorizmi" adlı məqalə yazmışdı. Həmin məqaləsində müəllif yazır: "1875-1881-ci illər erməni terrorizminin qızıl dövrü olub. Bu dövrdə kilsələrin əmrinə uyan ermənilər həqiqətən də onlara inanaraq, özlərinin haqlı olduğunu düşünərək kəndləri yandırırdılar. Əslində türk Osmanlı onlara qarşı hər hansı hücum etməmişdi. Bu gün də siyasilərin yalanına uyan xalq edilməyən soyqırımına görə türk siyasətindən üzr gözləməkdədir".
Müəllif daha bir yazısında ASALA terror təşkilatından söz açaraq, erməni qanunlarının silah gücü ilə qəbul etdirilməsi yönündə bu təşkilatın yarandığını qeyd etmişdir. Dünyadakı erməni kilsələri ASALA-ya silah yardımı, maliyyə yardımları edib. Təşkilat güclənən kimi dünyanın ən amansız terror təşkilatlarından birinə çevrilib. Əcdadları daşnak terrorçuları kimi onlar da "vətən də, tanrı da kilsədən başlanır" prinsipini bir daha təsdiqlədilər.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsas təşkilatçılarından biri olan A.S.Qriboyedov Rusiya imperatoruna yazırdı: "Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır". Beləliklə, çar Rusiyası erməni kilsəsi ilə anlaşaraq Cənubi Qafqazın dini-etnik kökəninə zərər vurdu və erməniləri bilərəkdən tarixi torpaqlarımızda məskunlaşdırdı.
Həm SSRİ, həm də Hitler Almaniyası ilə eyni vaxtda əməkdaşlıq etmiş qriqoryan kilsəsinin xain xisləti qəti şəkildə xristian icmasının fəaliyyət prinsipi ilə üst-üstə düşmür. Bunun əyani sübutu kimi, faşist Almaniyasında "Erməni milli şurası"nın təşkil olunmasını qeyd etmək lazımdır. Qərbin istəyi və baş katolikosun təşviqi ilə "Hnçak", ardınca "Daşnaksütyun" kimi silahlı təşkilatlar yaranmağa başladı. Silahların, geyimlərin və s. ləvazimatların alınmasını, maddi-texniki və ərzaq təminatını erməni kilsələri təşkil edirdi. O dövrün mətbuatındakı xəbərlərə görə, hətta "Hnçak" terror təşkilatının aradan götürdüyü diplomatlar və dövlət adamlarının siyahısını da baş katolikos verirmiş. Fəaliyyətinin digər qollarından biri "Daşnaksütyun"un rəhbərliyi ilə Qafqazda partiyasını gücləndirmək idi. Bu çərçivədə 1905-ci ilin oktyabrında "Qafqaz layihəsi"ni göstərmək olar. Bu planın nəticəsi kimi, 1905-1907-ci illərdə daşnaklar erməni kilsəsinin çağırışı ilə azərbaycanlılara qarşı kütləvi qırğın törətmələrini vurğulamaq lazımdır. Həmin dövrdə ermənilərin terrorçu əməlləri daha geniş vüsət aldı. Ermənilərin qanlı cinayətləri demək olar ki, Azərbaycanın bütün ərazisini əhatə etdi. Nəticədə minlərlə azərbaycanlı vəhşicəsinə öldürüldü və yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. Bu qətliamları törədənləri erməni kilsəsi silah-sursatla təmin etmişdir.
Növbəti mərhələ qondarma "erməni soyqırımı" haqqında iddiaların erməni kilsəsinin təbliğatında yer almasıdır. Bu bucaq altında erməni terrorçuları daim Azərbaycanın və Türkiyənin ictimai-siyasi xadimlərinə qarşı qanlı aksiyalar törətməyə rəvac vermişdir. Təsadüfi deyil ki, "Daşnaksütyun"un 1919-cu ildə keçirilmiş IX qurultayında "Nemesis" ("Cəza") xüsusi terror qrupunun fəaliyyətə başlaması haqqında qərar qəbul edilmişdir. "Nemesis"in siyahısına Azərbaycanın və Türkiyənin qətlə yetirilməsi nəzərdə tutulan 650 siyasi və dövlət xadiminin adı daxil edilmişdi. Bu təşkilatın həyata keçirdiyi terror nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və b. qətlə yetirilmişdir. Osmanlı hökumətinin daxili işlər naziri və daha sonra hərbi naziri olmuş Tələt Paşa 1921-ci il martın 15-də Berlində öldürülmüşdür.
Erməni kilsəsi xarici havadarlarının köməyi ilə başqa dinlərin təbliğatçılarına qarşı dini-etnik düşmənçiliyin yaranmasında birbaşa iştirak edirdi və bu gün də bu çirkin xisləti sərgiləyir. Erməni patriarxı Levon (Gevond) Turyan bununla bağlı bildirirdi: "Uzun müddət dini icmalar erməni inqilabçı partiyalarının mərkəzi idi, burada ən dəhşətli proqramlar hazırlanmışdı. Dini mərkəzlər danışıqlarla və yazı ilə xalqı üsyana çağırırdı. Çıxışlarda yüksək sözlər və İncilin doktrinaları xatırlanmırdı. Sədaqət və düzgünlük yerinə üsyana, insanlıq yerinə nifrətə və qisasa, əxlaq yerinə alçaqlığa və rüsvayçılığa çağırışlar eşidilirdi". Məlumdur ki, L.Turyanı həmin mövqeyinə görə 1933-cü ildə "Daşnaksütyun" terrorçuları erməni kilsəsinin göstərişi ilə Nyu-Yorkda qətlə yetirmişdir.
Hələ 1991-ci ilin 30 may tarixində "Həyat" qəzetində "Kilsədə silah anbarı" başlıqlı yazı yayımlandı. Qarabağdan bəhs edən bu məqalədə kilsələrin birində 6 minaatan elektrik detonatoru ilə birlikdə 130 kustar üsulla hazırlanan əl qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və s. haqqında məlumat verilmişdi. O zaman Respublika Dövlət Təhlükəsizliyi Komitəsi Əsgəran rayonunda salınan Qılıcbak erməni kəndində kilsənin gizli anbarında həmin silahları tapmış və kilsəni bağlamışdı.
Erməni kilsəsi nə qədər hayları dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərsə də, başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, türk-müsəlman əhalisinə qarşı qanlı terror aktlarının həyata keçirilməsində əsas rol oynayır. Erməni kilsəsinin Azərbaycana və Türkiyəyə qarşı dini-etnik aktları planlamasına, terrorizmə maddi-mənəvi dəstək verməsinə dair əsaslı faktlar mövcuddur. Erməni katolikoslarının həmişə dini-etnik şovinizmi təbliğ etməsi regionda sülhün və sabitliyin təmin olunmasına maneçilik törətmişdir ki, bu vəziyyət indi də davam edir.
Nurlan ABDALOV,
"Respublika".