Qarabağın gözəlliyi xarici səyyahları valeh edib
Digər xəbərlər

Qarabağın gözəlliyi xarici səyyahları valeh edib

Dünya tarixinə öz adını qızıl hərflərlə yazmış Azərbaycan əsgərlərinin qəhrəmanlığı sayəsində 30 il sonra qovuşduğumuz Qarabağ torpaqları... Üstündən iki ildən çox keçməsinə baxmayaraq, 44 günlük Zəfərimiz hələ də dünya gündəmində mühüm yer tutur.

Vətən müharibəsində qazanılmış Zəfərdən sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Qələbədən dərhal sonra Prezident İlham Əliyev çıxışlarının birində bildirib: "Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk. Bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir". Elə belə də oldu. Böyük qələbənin rəmzi olan Zəfər yolu artıq başa çatıb. Qarabağın hava qapısı adlandırılan Füzuli və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Zəngilanda "ağıllı kənd"in salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına yavaş-yavaş qayıtması gözəl günlərin uzaqda olmadığını göstərir.

Çox qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanın bu qədər böyük irəliləyiş göstərməsi dünya mediasının gözündən qaçmır. Dost ölkələrin və rəsmi dövlət qurumlarının nümayəndələrinin mütəmadi şəkildə işğaldan azad edilmiş bölgələrə səyahəti hələ də davam edir. Bu günlərdə Böyük Britaniyada formalaşan və tərkibinə 12 ölkədən 30 səyyahın daxil olduğu beynəlxalq qrup işğal edilmiş bölgələrimizə səfər edib. Qeyd edək ki, ötən illərdə 5 səfər gerçəkləşib və bu səfərlərdən biri 2021, qalan dördü isə 2022-ci ildə həyata keçirilib. Sayca 6-cı səfər isə fevralın 4-də baş tutub. Adəti üzrə, bu il də səyyahlar işğaldan azad edilmiş ərazilərə səyahət edərək orada gedən quruculuq işləri və tarixi abidələrimizlə tanış olublar. Səfərə azərbaycanlı səyyah Mehrac Mahmudov rəhbərlik edib. Bununla yanaşı, onlar dünyanın diqqətini cəlb edən Zəngəzur dəhlizində aparılan işlərin də şahidi olublar. Zəngəzur dəhlizi ilə yanaşı, heyət üzvləri 3 gün boyunca Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam istiqaməti üzrə hərəkət ediblər. Həmçinin jurnalistlərin də iştirak etdiyi səfərə Müdafiə Nazirliyi və Media İnkişaf Agentliyi təşkilatçılıq edib.

İlk olaraq Fizuli şəhərinə səyahət edən heyət üzvləri ardınca Xocavənddə yerləşən Azıx mağarasına baş çəkiblər. Dağıntılar barəsində ətraflı məlumatlandırılan heyət üzvləri, öz təəssüratlarını bildiriblər. Uelsdən gəlmiş səyahətçi Amanda Deyvis Xocavənddə yerləşən Azıx mağarasına səfəri zamanı müsahibə verib. O bildirib: "Mən ilk dəfədir Azərbaycana gəlirəm. Biz ecazkar və modern üslubda tikilmiş Füzuli Beynəlxalq Hava Limanında olduq. Gördüklərim məni valeh etdi. Ötən illərdə bu ərazilərin dağıdılmış olduğunu görmək təəssüf hissi doğurur, lakin yenidən burada tikinti və bərpa işlərinin aparıldığının şahidi oldum. İnsanlar gələcəyə nikbin baxmalıdır. Regionun təbiəti möhtəşəmdir. Ümid edirəm ki, insanlar yenidən bu torpaqlarda yaşayacaqlar. Azıx mağarası insana çox sirli və mistik təsir bağışlayır".

Səyyahlar səfər çərçivəsində Ağdam Cümə məscidini də ziyarət ediblər. Ağdamda, eləcə də tikinti-bərpa işləri aparılan digər rayonlarda da davam edən yenidənqurma işləri ilə tanış olublar. Onlar həmçinin Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsünü də ziyarət ediblər. Xarici səyyahların işğaldan azad edilmiş ərazilərimizə səfəri fevralın 6-da başa çatıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".