Erməni lobbisi və ABŞ patronajlığı
Siyasət

Erməni lobbisi və ABŞ patronajlığı

Əgər bu gün rəsmi Vaşinqtonla Bakı arasında münasibətlər gərginliyini qoruyursa, bunun səbəblərindən biri məhz səsləndirilən məsuliyyətsiz açıqlamalar, verilən ədalətsiz qərarlar və açıq şəkildə regiona müdaxilə cəhdidir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, sentyabrın 19-dan sonra ABŞ və Azərbaycan arasında münasibətlər "əvvəlki kimi olmayacaq" və rəsmi Bakı Yerevanla sülh məsələsində konstruktiv mövqe tutmayana qədər Vaşinqton Azərbaycana hərbi və digər yardımları dayandırır.

Bu prosesdən bir müddət sonra ABŞ dövlət katibi Antoni Blinken geriyə addım atdı. Belə ki, Blinken Ceyms O`Braynın noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vurduğunu anladığından Prezident İlham Əliyevə zəng etdi. O, xahiş etdi ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilsin. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşdı ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi bunu qəbul etdi.

Blinkenin xahişindən sonra güman edilirdi ki, rəsmi Vaşinqton öz səhvini artıq başa düşüb. Lakin bu, belə deyil. Ölkə mediası məhz bu hadisədən sonra Azərbaycan əleyhinə silsilə məqalələr dərc etməyi intensivləşdirdi. Xüsusilə, Ağ Evin "ştatlı media qurumu"na çevrilmiş "The Washington Post" nəşri 2023-cü ildə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 məqalə dərc edib və onlardan 3-cü redaksiya məqaləsi olub. Hayastanda da bu kimi halların əyani şahidi oluruq. Sülh danışıqları çərçivəsində ümidverici açıqlamaların ardından dərhal sonra təxribat xarakterli addımın atılması bu məsələdə eynilik təşkil edir. "The Washington Post" bu gün açıq şəkildə anti-Azərbaycan blokunun carçısına çevrilib və erməni lobbisinin, Ağ Evin patronajlığı altında qarayaxma kampaniyasını intensivləşdirir.

Nəşrin qısa tarixinə nəzər salsaq görərik ki, qəzet fəaliyyəti dövründə müstəqil, qərəzsiz media şüarları adı altında daim müəyyən məqsədlər üçün alət olaraq istifadə edilib. 1965-ci ildə baş redaktor seçilən Bencamin Bredlinin keçmiş Prezident Con Kennedi ilə yaxın dost olması nəşrin "nüfuzunu" hərtərəfli qaldırıb. Uzun illər baş redaktorluq edən Bencamin Bredlinin qəzetdəki fəaliyyətindən əvvəl mərkəzi kəşfiyyat idarəsinin agenti olması bir daha sübut edir ki, nəşr müxtəlif məqsədlər naminə xidmət göstərəcək. Və belə də olur. "The Washington Post" qəzeti bu gün erməni lobbisinin maliyyə vəsaiti və Ağ Evin tapşırığı ilə müntəzəm olaraq Azərbaycanı hədəfə alır. Bu işdə qəzetin muzdlu erməni əsilli yazarı - Devid İqnatiusun şəxsi efortu bir daha anti-Azərbaycan meyillərinin ardında duran erməni xislətini göstərir. Belə ki, qələmə aldığı qərəzli yazıları ilə ABŞ cəmiyyətində saxta rəy formalaşdıran jurnalist artıq tarixin qaranlıq səhifələrinə qarışmış Qarabağ və "erməni soyqırımı" məsələsinə görə tez-tez Azərbaycanı və qardaş Türkiyəni hədəfə alır.

Bu kimi maxinasiyalar Ağ evin və erməni lobbisinin boyunduruğu altında ictimaiyyəti anti-Azərbaycan meyilləri ilə zəhərləməyə çalışır. Necə deyərlər, bulaq başdan bulanar. Bu həmin ölkənin mediasıdır ki, "907-ci düzəliş"i yenidən ortaya atmaqla Azərbaycana qarşı cəbhə açır. "2023-cü il erməniləri müdafiə aktı" ilə əlaqədar Bəyanat qəbul etməklə Ermənistanı öz ağuşuna alır. Bu həm də Amerikanın Azərbaycana hərbi yardımının qadağan olunması deməkdir. Paralel olaraq Ermənistana isə xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verilir.

Bütün bunlara əsasən Azərbaycanın Ermənistana hücum edəcəyinə dair məsuliyyətsiz bəyanatlar verən, Arazdəyəndə metallurgiya zavodu tikməyə çalışan və bu məqsədlə də sərhəddə Amerika-Ermənistan bayraqlarının yanaşı dalğalandırılmasına şərait yaradan, Ermənistana hərbi təlimlər üçün qoşun göndərən, Bərdə terrorunu dünyaya azərbaycanlıların ermənilərə qarşı qanlı cinayəti kimi sırımağa çalışan da elə rəsmi Vaşinqtonun özüdür. Neft şirkətlərinin çətiri altında, ölkəmizin daxilində bəzi QHT-ləri və media qurumlarını ələ almaqla agent şəbəkəsi yaratmağa çalışan, Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salan və ikitərəfli münasibətlərimiz "əvvəlki kimi ola bilməz" bəyanatını verən də ABŞ-dır.

Qeyd edilən arqumentlərin həqiqəti əks etdirməməsi, regiona müdaxiləyə hesablanmış addımlar heç zaman sülhə şərait yaratmayacaq. Azərbaycanın yaratdığı yeni reallıqda bu kimi əməllərə yer yoxdur. Qərb bloku düşünürsə ki, haqsızlıq qarşısında Azərbaycan münasibətlərini dəyişməyəcək, bu, olduqca absurddur.

Nurlan ABDALOV,

"Respublika".