Erməni icması ilə görüşlər sülh prosesinə müsbət təsir göstərir
Gündəm

Erməni icması ilə görüşlər sülh prosesinə müsbət təsir göstərir

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvətilə Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturun bərpası və s. məsələlər müzakirə edilib. Azərbaycan mərkəzi hakimiyyətinin Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edib. Görüşdə Qarabağın erməni sakinlərinin nümayəndəsi qismində Sergey Martirosyan və David Melkumyan iştirak edib.

Ümumi nəzər salsaq, Yevlax görüşü müsbət nəticələnib. Belə ki, erməni sakinlərini təmsil edən Sergey Martirosyan və David Melkumyanın görüşdə iştirak etməsi faktiki olaraq qondarma dövlətin nümayəndələri və ya separatçılar öz təxribatçı fəaliyyətlərindən imtina etmiş oldular. Digər mühüm detallardan biri də məhz görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbinin olması idi. Bu, birmənalı olaraq diktə edən tərəfin Azərbaycan olduğunun sübutu idi. Bir bayraq altında toplaşmaq isə Azərbaycan vətəndaşlığını qəbul etməyin ən başlıca addımlarındandır. Bununla yanaşı, erməni sakinlərini təmsil edən nümayəndələrin yaxasında erməni bayrağının sancağı olmayıb. Lakin Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri bayrağımızın əks olunduğu nişanı qürurla öz yaxalarında daşıyıblar.

Erməni nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu, eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Qeyd edək ki, erməni sakinlərinə sentyabrın 22-də ərzaq və gigiyenik ehtiyaclarla bağlı humanitar yardım, 24-də isə yanacaq yardımı göndərilib.

Görüş yerinin məhz Yevlaxda olması isə xüsusilə diqqəti cəlb edir. İlk növbədə, Yevlax məsəfə baxımından həm əlverişli, həm də logistik olaraq uyğundur. Bu da bir daha onu göstərir ki, Azərbaycan dövləti hər mənada iki tərəfin də rahatlığını və xeyrini düşünür.

Görüşdən sonra Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov xarici telekanala müsahibəsində bildirib ki, Xankəndi ilə Bakı arasında danışıqlar sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər, lakin Yevlaxda bir görüşdə bütün problemlərin həllini gözləmək çətindir. Buna əsasən tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib. Növbəti mümkün görüşün Bakıda keçirilməsi planlaşdırılıb.

Nəzərdə tutulan toplantı isə çox gecikməyib. Yevlax görüşündən 4 gün sonra, sentyabrın 25-də Xocalıda növbəti toplantı baş tutub. Görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov iştirak edib. Görüşlə bağlı dəqiq məlumatlar hələ ki, açıqlanmayıb. İlkin nəzəriyyəyə əsasən deyə bilərik ki, Yevlax görüşü kimi, Xocalıda da erməni sakinlərinin rifahı üçün addımlar atılıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".